“Dədə Qorqudun ölkəmizdə ilk naşiri

 

 

Azərbaycanda ədəbiyyatşünaslıq və folklorşünaslığın inkişafında mühüm xidmətləri olan alimlərdən biriakademik Həmid Araslıdır. O, “Kitabi-Dədə Qorqud” abidəsinin ilk araşdırıcısı və qoruyanlarından olub. Bu il Həmid Araslının anadan olmasının 110 illiyi tamam olur. Prezident İlham Əliyev alimin yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Həmid Məmmədtağı oğlu Araslı 23 fevral 1909-cu ildə Gəncə şəhərində dünyaya göz açıb. İlk təhsilini şəhərdə Şah Abbas məscidinin nəzdindəki mədrəsədə alır. 1921-1926-cı illərdə Gəncə Kişi Müəllimlər Seminariyasında oxuyur. 1929-cu ildə Bakı şəhərinə gələn Həmid Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olur. Təhsilini vaxtından əvvəl başa vurur və 1932-ci ildə Gəncə şəhərinə qayıdır. Şəhər Maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. Bir ildən sonra yenidən Bakıya gəlir. İndiki AMEA-nın nəzdində təşkil olunmuş kitabxananın Şərq şöbəsinə müdir təyin edilir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır. Tezliklə yaratdığı fondun direktoru olur.

Milli əlyazma irsini tədqiq etmək işinə xüsusi maraq göstərən Həmid Araslı da 1937-ci ildə, minlərlə parlaq ziyalımız kimi, həbs olunma təhlükəsi ilə üzləşir. Çünki rəhbərlik etdiyi Şərq Əlyazmaları Fondunda sovet məfkurəsinə zidd əski əlyazmaları toplayır və  tədqiq edirdi. Bunun üçüntutduğu vəzifədən və partiyadan uzaqlaşdırılır. Buna baxmayaraq, tədqiqatçı şifahi xalq ədəbiyyatımızın öyrənilməsinə xüsusi diqqət yetirirdi. O, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı haqqında sanballı elmi əsərlər yazırdı. “Kitabi-Dədə Qorqudun Azərbaycanda ilk naşiri də Həmid Araslı olub.

Həmid Araslı yeni yaradılan Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində elmi katib vəzifəsinə təyin edilir. 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı tariximövzusunda namizədlik dissertasiyası müdafiə edir. Bir il sonra Azərbaycan Dövlət Universitetində (BDU) Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə irəli çəkilir. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Mətnşünaslıq şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutu (indiki Şərqşünaslıq İnstitutu) Ədəbiyyat şöbəsinin müdiri olur. Alim 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir.

Həmid Araslı mətnşünas kimiçox məhsuldar alim olub. Bu sahədə fəaliyyəti Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ təşkil edir. Müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Qövsi, Vidadi, Vaqifbaşqa görkəmli şairlərin əsərlərini nəşr etdirib. Bu sahədə axtarışları, klassik irslə yaxından tanışlığı ona əlyazmalarla işləmək imkanı verib. Buna görə də tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən mötəbər mənbə hesab edilib.

Həmid Araslı 1938-ci ildə “Kitabi-Dədə Qorqud” dastanına aid məqalələrlə dövri mətbuatda çıxışlar edir. Abidənin boylarını bütövlükdə ilk dəfə latın qrafikası ilə Azərbaycan dilində, sonralar isə rus dilində nəşrinə nail olur. Bununla alim Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də türkologiya elminə böyük xidmət göstərir. Əsərin nəşri ilə yanaşı onun tədqiqi və təhlili ilə də ciddi məşğul olur. O, türk xalqlarının müştərək eposu olan “Kitabi-Dədə Qorqudda dil, üslub, hadisələrin cərəyan etdiyi məkanların Azərbaycanla bağlılığını konkret dəlillərlə əsaslandırıb. Dastanda çətin anlaşılan ifadələrin folklordaklassik şairlərin əsərlərində işlənilən bədii nümunələrlə müqayisə edərək abidənin dilinin Azərbaycan dilinə yaxınlığını göstərib.

Alim 1951-ci ildə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalarına görə tənqid və təqiblərə məruz qalır. Buna baxmayaraq, dastanın qəhrəmanlarına qarşı irəli sürülən ittihamları rədd edir. O, müzakirələr zamanı dastandakı  boyların milli folklor mədəniyyətimiz üçün heçyad olmadığını bildirir. Dastanın  ədəbiyyat tarixindən çıxarılması ilə bağlı təkliflərin qərəzli göstərişlər olduğunu qeyd edir. Bir neçə il sonra H.Araslı, Məmməd Arif, Əbdüləzəl Dəmirçizadə və Məmmədhüseyn Təhmasiblə birlikdə yazdıqları “Dədə Qorqud” dastanları” adlı məqalə ilə abidənin Azərbaycanda öyrənilməsi və nəşrinə qarşı olan qərəzli çıxışlara son qoyulur.

Həmid Araslı nüfuzlu mütəxəssis kimi “Kitabi-Dədə Qorqud” abidəsinə həsr edilən bir sıra mötəbər elmi tədbirlərin, simpozium və konfransların iştirakçısı olub. O, 1957-ci ildə Türkiyə Dilçilik Cəmiyyətinin VIII qurultayında “Dədə Qorqud” haqqında, 1960-cı ildə XXV beynəlxalq konqresdə “Dədə QorquddaNizami yaradıcılığında Azərbaycan xalq eposlarının motivləri mövzularında etdiyi  məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Bütün bunlarla yanaşı, bir çox Şərq xalqlarının ədəbi irsinə dərin maraq göstərən tədqiqatçı fars şairləri Ə.Firdovsi, Ə.Cami, H.Şirazi, eləcə də böyük özbək şairi Əlişir Nəvai irsini araşdırıb. H.Araslı eyni zamanda Orta əsrlər Azərbaycan ədəbi əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi tanınır. O hətta Azərbaycan və Özbəkistan respublikalarının Əməkdar elm xadimi olub. Türk Dil Qurumunun (Türkiyə), İraq Elmlər Akademiyası və İslam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin üzvü kimi yüksək fəxri adlara layiq görülüb.

Görkəmli alim yüksəkixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqlar göstərib. Azərbaycanla yanaşı, Özbəkistan, Türkmənistan və Tatarıstan respublikalarında elmi kadrların yetişdirilməsinə töhfələr verib. Alim onlarla elmlər doktoru və elmlər namizədi (fəlsəfə doktoru) yetişdirib.

Akademik Həmid Araslı 1983-cü ildə Bakıda dünyasını dəyişib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.6.