Aprel yüksəkliyi” sənədli filminin təqdimatı keçirildi

 

 

Fevralın 26-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun döyüş yoluna həsr olunmuşAprel yüksəkliyi” sənədli filminin təqdimatı keçirildi.

Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında lentə alınıb.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Rafiq Bayramov, Sevda Məmmədəliyeva, nazirliyin kollektivi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edirdi.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev Xocalı soyqırımı haqqında danışdı. Bildirdi ki, bəşəriyyət tarixində ən qəddar, vəhşi cinayətlərdən olan Xocalı qətliamının iştirakçıları hələ də layiqli cavablarını almayıblar. Qeyd olundu ki, qabaqcadan planlaşdırılan kütləvi və amansız qırğın aktı Xocalıda yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib.

Milli Qəhrəman Şükür Həmidov çıxış edərək Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışdı. O, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu hissələrinin düşmənə vurduğu zərbədən bəhs edərək ümidvar olduğunu bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.

Daha sonraAprel yüksəkliyi” sənədli filmi nümayiş olundu. Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov, operatoru Ömər Kutuyevdir.

Film 2016-cı ilin Aprel döyüşləri zamanı ordumuzun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini azad etməsində şücaət göstərən Ş.Həmidovun döyüş yolundan bəhs edir. Ş.Həmidov Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.3.