Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi

 

 

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib.

BXA-da Xalq rəssamı Xanlar Əhmədovun Xocalı soyqırımına həsr olunmuş “Fəryad” adlı fərdi sərgisi nümayiş olunub.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək bildirib ki, insanlığa qarşı ən dəhşətli qırğınlardan biri kimi tarixə düşmüş Xocalı soyqırımı, illər keçsə də, heç zaman unudulmayacaq. Rektor “Xocalı həftəsi” çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirərək bunun gənc nəslin vətənpərvərlik ruhunda böyüyüb tərbiyə olunmasına töhfə olduğunu deyib.

Həmçinin BXA-nın tam orta məktəbinin şagirdləri tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Başını dik tut, Vətən oğlu” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Məktəbin direktoru Bəşarət Hüseynova, 27 il əvvəl baş vermiş dəhşətli qətliam haqqında danışıb.

Təqdim olunan kompozisiyada  Ağla, qərənfil”, “Xocalı faciəsi” rəqsləri ifa edilib, soyqırımına həsr olunmuş şeirlər səsləndirilib və “Xocalılıların həyatında bir gecə” səhnəciyi nümayiş olunub.

“Xocalı həftəsi” çərçivəsində BXA kollecinin tələbələri tərəfindən dəyirmi masa da keçirilib. Kollecin direktoru Aynur Hüseynova Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin nəticələrindən söz açıb.

Tələbələr “1992”, ”Qan yaddaşımız”, “Tariximizin qara səhifəsi”, “Xocalıya ədalət!”, “Qanlı fevral gecəsi”, “Xocalını unutma!” və s. mövzularda məruzələrlə çıxış ediblər.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.3.