“Xocalı bu olub”
Pantomima tamaşası Bolqarıstan
paytaxtında göstərilib
Sofiya
şəhərinin tarixi məkanlarından olan Mərkəzi
Hərbi Klubda ölkəmizin Bolqarıstandakı səfirliyi
və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət
Universitetinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
birgə təşkilatçılığı və Azərbaycan
Dövlət Pantomima Teatrının iştirakı ilə
Xocalı soyqırımının 27-ci ildönümünə
həsr olunan anım mərasimi keçirilib.
Mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr qrupunun rəhbəri Rauf Əliyev, diasporumuzun üzvləri, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.
Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücum edərək dinc sakinləri qəddarlıqla qətlə yetirdiklərini bildirib.
Xocalı faciəsinin soyqırımı aktı olduğunu deyən və onu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini qeyd edən səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından bəhs edib, 13 ölkənin, ABŞ-ın 22 ştatının Xocalı soyqırımını tanıdığını və pislədiyini bildirib.
Səfirin çıxışından sonra mərasim Azərbaycan Dövlət Pantomima Teatrının Xocalı soyqırımına həsr olunmuş “Xocalı bu olub” tamaşası ilə davam etdirilib.
Səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunub.
Mərasimin sonunda Xocalı
soyqırımına məruz qalmış
soydaşlarımızın xatirəsinə ehsan
süfrəsi açılıb. Həmçinin Sofiya şəhərindəki
“Banyabaşı” məscidində Xocalı şəhidlərinin
ruhuna “Quranı-Kərim”dən ayələr
oxunub və dualar edilib.
Mədəniyyət.- 2019.- 27
fevral.- S.3.