Bəşəri kədərin musiqidə
ifadəsi
Xocalı faciəsinin bəşəri kədəri incəsənətin bir çox sahələrində olduğu kimi, musiqidə də əksini tapıb, bəstəkarların hər zaman həyəcanla müraciət etdikləri mövzuya çevrilib. Bu mövzuda təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da müxtəlif janrlarda musiqi əsərləri yaranıb.
Bu mövzuda ilk əsərlərdən biri bəstəkar Məmməd Quliyevin musiqisi faciəli notlarla dolu olan “Simfoniya-rekviyem”idir.
Sonrakı illərdə Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay” orqan kompozisiyası, Oqtay Rəcəbovun “Xocalı avazları” çoxhissəli oratoriyası, Yusif Mirişlinin “Xocalı-613” simfonik poeması, Azər Dadaşovun “Xocalıya ədalət” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı” əsəri, Nazim Quliyevin “Xocalı” operası, Elnarə Dadaşovanın “Xocalı laylası” kimi əsərlər ərsəyə gəldi.
Tofiq Bakıxanovun “Hümayun” simfonik muğamı, Nəriman Məmmədovun “Yeddinci simfoniya”sı, Azad Zahidin “Rekviyem”i də qan yaddaşımızın notlardakı əksidir.
Qarabağ münaqişəsi və Xocalı hadisələrinə həsr olunmuş ən böyük musiqi əsəri Xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasıdır.
Son dövrlərdə Xocalı faciəsi ilə bağlı ərsəyə gətirilmiş əsərlərdən Rəna Qədimovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”, orqan və xanəndə üçün “And” əsərlərini, İlham Azmanlının orkestr üçün “Ağı” musiqisini göstərmək olar.
Başqa ölkələrin
musiqi sənəti təmsilçiləri
də Xocalı mövzusuna biganə
qalmayıb. Rusiyanın Xalq artisti Aleksandr Çaykovski “Xocalı” matəm musiqisini bəstələyib. Fransız bəstəkarlar
Pyer Tiloyun
“Xocalı-613”, tanınmış qazax bəstəkarı
Balnur Kıdırbekin “Xocalı
qurbanları” əsərləri bu dəhşətli
faciəyə həsr olunub.
Mədəniyyət.- 2019.- 27
fevral.- S.3.