“Xocalı şikəstəsi” kitabı təqdim
olunub
Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi və Ulduz Qasımın “Xocalı şikəstəsi” kitabının təqdimatı keçirilib.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Xocalı faciəsinin 27-ci ildönümü haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təsdiq olunan tədbirlər planı üzrə mədəniyyət ocaqlarında, o cümlədən kitabxanalarda müxtəlif mərasimlərin, təqdimatların təşkil olunduğunu bildirib: “Xocalı faciəsi və onun qurbanları haqqında kitablar nəşr edilir, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunur. Rusiyada yaşayan yazıçı soydaşımız Ulduz Qasımın “Xocalı şikəstəsi” romanı da Xocalı faciəsini və hadisələrin sonrakı inkişafını ümumiləşmiş, obrazlı şəkildə əks etdirən bir əsərdir”.
Ulduz Qasım çıxış edərək romanın real hadisələr əsasında yazıldığını bildirib. Yazıçı, publisist Rəhilə Gülgün gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün əsərin əhəmiyyətini vurğulayıb.
Sonda tədbir iştirakçıları “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış olublar.
* * *
Fevralın 23-də isə “Xocalı şikəstəsi”nin “Azərkitab” Kitab Təbliğatı Mərkəzində təqdimatı keçirildi.
Nəşrin redaktoru, şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli müəllif haqqında məlumat verdi. Bildirdi ki, Ulduz Qasım (İmanova) BDU-nun Jurnalistika fakültəsini bitirib. 80-90-cı illərdə mətbuatda publisistik yazıları, kiçik hekayələri dərc olunub. Sonradan Moskva şəhərinə köçsə də, Ulduz xanım gəncliyin və tələbəliyin doğma yuvası Bakını, dünyaya göz açdığı Cəbrayıl rayonunu unutmayıb. O, “Mən aşiqəm, Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Açılmayan sirlər” kitablarının müəllifidir. “Qürbət Zöhrəsi” İstanbulda türk dilində də çapdan çıxıb.
Ədəbi tənqidçi Elnarə Akimova romanın ideya-bədii xüsusiyyətlərindən danışdı. Bildirdi ki, əsərdə Xocalıda yaşayan bir ailənin başına gətirilən müsibətlərdən bəhs olunur. Ailənin başçısı Fərhad həkim iki ayağını itirir, Fəridə ananın gözü qarşısında balaca oğlu Fuad erməni quldurları tərəfindən param-parça edilir. Belə bir vaxtda onlar meşədə anası ölmüş körpə erməni uşağına rast gəlirlər. Uşağı götürüb özləri ilə Bakıya gətirir, böyüdüb ali təhsil verirlər: “Göründüyü kimi, əsərdə məğlubiyyət var, Xocalı yerlə-yeksan edilib. Ancaq mənəviyyatın xaosu yoxdur. Azərbaycanın mənsub olduğu milli-mənəvi dəyərlərin qələbəsi var...”.
Milli Məclisin deputatı Tahir Rzayev qeyd etdi ki, Xocalı haqqında keyfiyyətindən asılı olmayaraq, bütün yazılanlar tarixdir. Bu mənada Moskvada yaşaya-yaşaya düşüncələrini Xocalıdan bəhs edən əsərə çevirmək təqdirəlayiq işdir.
Romanı Türkiyə türkcəsinə uyğunlaşdıran şair, yazıçı İmdad Avşar tarixi hadisələrin gələcək nəslə, eləcə də dünyaya çatdırılmasında ədəbiyyatın və sənətin rolundan danışdı, romanın başqa dillərə də tərcümə olunmasının zəruriliyini vurğuladı.
Müəllifə minnətdarlığını bildirən millət vəkili Jalə Əliyeva dedi ki, Xocalı soyqırımı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbi əsərlərdə əksini tapmalıdır.
Əslən Xocalıdan olan şair Ələmdar Quluzadə, şair, yazıçı Əlirza Xələfli, şair Əli Mahmud və başqaları roman haqqında fikirlərini bölüşdülər.
Sonda müəllif Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını bildirdi.
LALƏ
Mədəniyyət.- 2019.- 27
fevral.- S.4.