“Cəzasız cinayət”

 

-

 

 

Fevralın 22-də Muzey Mərkəzinin konfrans zalında Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı və eyniadlı sərgi keçirildi. Filmin ssenari müəllifi, rejissoruprodüseri Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir.

Filmin nümayişindən öncə qonaqlar muzeyin foyesində Xocalı soyqırımına həsr edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxdılar.

Filmin müəllifi Leyla Rəşid bildirdi ki, ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələrindən, tarixindən bəhs olunur, bu qətliamın erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının yeni mərhələsi olduğu vurğulanır. Ekran işində əsir və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini və bu vəhşəti öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu soyqırımının təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğu əsaslandırılır.

Bu cinayətin təşkilatçılarının və iştirakçılarının bu günədək cəzalandırılmadığı, beynəlxalq qurumların Xocalı soyqırımına hüquqi qiymət vermədiyi vurğulanır.

Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Xocalı soyqırımı haqqında danışdı. Bildirdi ki, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində erməni qəsbkarları tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib. Bu qətliamla bağlı dünyanın bir sıra ölkələrində müvafiq qərarlar qəbul edilsə də, Xocalı qırğınını törədənlər hələ də cəzasını almayıb.

Sonra “Cəzasız cinayət” sənədli filmi nümayiş olundu.

Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Hərbi TarixStrateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov filmin çəkilişində əməyi olan hər kəsə təşəkkür etdi. Bildirdi ki,  Xocalı soyqırımı xalqımızın tarixində ən ağrılı faciələrdən biridir. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildən ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral “Xocalı soyqırımı günükimi qeyd edilir.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 27 il öncə 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edib. Beynəlxalq hüquq normalarını pozaraq şəhərin dinc əhalisinə qarşı soyqırımı həyata keçirib.

Nazir müavini ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirlərini xatırlatdı. Bildirdi ki, ümummilli lider tariximizin bu acı səhifəsinin heç vaxt unudulmayacağını qeyd edərək bu mövzuda filmlərin çəkilməsinin, kitabların yazılmasının, bütün bunların gənclər arasında təbliğ olunmasının, Azərbaycanın sərhədlərindən kənarda yayılmasının vacibliyini xüsusi vurğulamışdı.

Sonda filmin müəllifi Leyla Rəşid tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür etdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.1;4.