İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı rəsm müsabiqəsi keçirilir

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə  böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı açıq respublika rəsm müsabiqəsi elan edir.

Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi məşhur sənətkarların sırasında İmadəddin Nəsimi (1369-1417) xüsusi yer tutur. İmadəddin Nəsiminin ümumşərq miqyasında qüdrətli şair-filosof kimi tanınması və qəbul olunması danılmazdır. Bunun başlıca səbəbi onun dünya ədəbiyyatındakı böyük rolu, sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini  göstərmiş nadir sənətkarlardan biri olmasıdır. O, həm də böyük ədəbi məktəbin və Azərbaycan hürufizm ədəbiyyatının  görkəmli yaradıcısıdır.

Azərbaycan Respublikası PrezidentininBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsi barəsində” 15 noyabr 2018-ci il tarixli sərəncamı və 2019-cu ili “Nəsimi ilielan etməsi dövlətimizin böyük sənətkarın yaradıcılığına verdiyi yüksək qiymət və ehtiramın ifadəsidir.

İmadəddin Nəsimi yaradıcılığı zəngin bədii salnamə yaratmağa imkan verən nəhayətsiz mənəvi-estetik qaynaqdır. Bu ədəbi irsə sovet dönəmində - onun 600 illik (1973) yubileyinin keçirilməsi ilə rəssamların yaradıcılıq gündəminə gətirilsə də, o vaxtlar sənətin ideoloji asılılığı arzulanan nəticələrin əldə olunmasına imkan verməmişdir.

Bu mənada yeni müsabiqənin respublikamızın müstəqilliyi dövründə keçirilməsinin məqsədi görkəmli söz xiridarının həyat və yaradıcılığına müstəqil, yaradıcı rəssam baxışını əyaniləşdirmək, onun alt qatı oxucularını düşündürmək və duyğulandırmaq gücündə olan poeziyasının obrazlı-bədii  tutumda ifadəsinə imkan verən yeni-yeni rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin, o cümlədən kitab qrafikası nümunələrinin yaradılmasına nail olmaqdır.

Müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada  fəaliyyət göstərən aliorta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər.

 

Müsabiqənin şərtləri

 

Müsabiqəyə təqdim olunacaq əsərlərə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxış keçiriləcəkdir. Heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafatlardiplomlar təqdim ediləcəkdir;

Kitab qrafikası üzrə müsabiqəyə təqdim olunan əsərlər qrafikanın  bütün texnikalarında (rəsm, ofort, linoqravüra, ksiloqrafiya, litoqrafiya, akvarel, qarışıq texnikas.) yerinə yetirilə bilər. Bu nominasiya üzrə illüstrasiya-əsərlərin ölçüləri A3 və A4 formatında tərtibatsız-çərçivəsiz təqdim olunmalıdır.

Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində “deviz”, “şifrqeyd olunmalıdır;

Münsiflər heyəti tərəfindən seçilərək I, II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülən əsərlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə (Azərbaycan Dövlət Rəsm Qalereyasına) təhvil verilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:

 

Ən yaxşı təsviri sənət nümunəsinin yaradılması üzrə

I yer (bir nəfər) - 10 000 manat

II yer (bir nəfər) - 7000 manat

III yer (bir nəfər) - 5000 manat

 

Həvəsləndirici mükafat

8 nəfər – hər biri 1000 manat

 

Hazır əsərlər 2019-cu il oktyabrın 10-dan 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Bakı şəhəri, Neftçilər prospekti, 49, Muzey Mərkəzinin 1-ci mərtəbəsində 11-ci otaq, əlaqə telefonları: + 99412 493 93 85, +99412 493 86 33) təqdim olunmalıdır.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.5.