Kiyevdə “Böyüməyən uşaqlar” tamaşası göstərilib

 

 

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub. Tamaşa azərbaycanlı jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında Ukraynanın “Qara kvadrat” teatrı tərəfindən səhnələşdirilib.

Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Birləşmiş Ukrayna Azərbaycanlıları KonqresiKiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə reallaşıb.

Tamaşanın nümayişindən öncə Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets çıxış edərək bu qırğından 27 il ötməsinə baxmayaraq, bütün hadisələrin kino lenti kimi gözünün qabağından keçdiyini bildirib. O, Xocalı soyqırımının bədii vasitələrlə daha geniş auditoriyaya çatdırılmasında belə layihələrin əhəmiyyətini qeyd edib.

Daha sonra tamaşa nümayiş olunub. Tamaşanın əsas süjet xəttini müharibələrin, soyqırımlarının insan düşüncəsində buraxdığı ağır izlər təşkil edir.

Layihənin rəhbəri Hikmət Cavadov, ideya müəllifi Murad Cəfərov, quruluşçu rejissoru Yuri Klyatskin, rejissoru Fuad Əliyev, ssenaristi Sergey Fedarçuk, bəstəkarı Türkər Qasımzadədir.

Tamaşanı izləyənlər arasında Azərbaycanın Ukraynadakı diplomatları, Ukraynanın Xalq artisti Vladimir Qrişko, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllim və tələbə heyəti, diaspor fəalları olub.

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.8.