“Azərbaycan toyunda tərənnüm olunan milli adətlərimiz

 

 

Qədim tarixə və özünəməxsus bədii ənənələrə malik olan Azərbaycan monumental-dekorativ sənətinin müstəqillik illərində yeni mövzularla zənginləşməsi nə qədər yaradıcılarımızın axtarışları ilə bağlıdırsa, bir o qədər də milli incəsənətimizin ideologiyaya təslimçilikdən azad olması ilə əlaqədardır. Qan yaddaşımıza hopmuş mənəvi dəyərlərimizin öz əksini tapması həm də zamanında yaşananların gələcək nəsillərə əyani şəkildə ötürülməsi baxımından dəyərlidir. Belə əsərlərdən biri – “Azərbaycan toyuadlanan divar rəsmi (müəllifi Fərman Hüseynovdur) Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin interyerində çəkilmişdir. Muzeyin ekspozisiyasına girişi təşkil edən foyedə çəkilən əsər tempera rəngləri ilə işlənməklə 93,5 kvadratmetr (17 m x 5,5 m) sahəni əhatə edir.

Qədim miniatür üslubuna ənənə və müasirlik prizmasından yanaşma ilə yaradılan bu əsər iri həcminə və bədii şərhinin memarlıqla əlaqəli təqdimatına görə monumental xarakter daşımaqla yanaşı, özündə muzey ziyarətçilərinin az sonra ekspozisiyada ətraflı məlumat alacaqları Azərbaycanın tarixi və etnoqrafiyası, zəngin məişəti, xalq yaradıcılığı və sənətkarlığı barəsində zövqlə işlənmiş süjetli kompozisiyanı ehtiva edir. Başqa sözlə desək, 74 fiqurlu bu kompozisiya xalqın böyük el şənliyinə çevrilən adət-ənənəsinin qorunmasında və təbliğində önəmli əyani bədii vasitə kimi çıxış edir.

Ailəni bütün dövrlərdə bütövlüyü və paklığı özündə ehtiva edən “kiçik dövlət” anlamında qəbul edən Azərbaycan xalqının bu mədəni-etnoqrafik prosesə xüsusi yanaşmasında ilk növbədə nəslin davamının uğurlu olmasına, qurulan yeni ailənin möhkəmliyinə zəmin yaratmaq istəyi durur. Fərman Hüseynovun divar rəsmi məhz vurğuladığımız ənənələrin bədii tutumda əyaniləşdirilməsi və təbliği baxımından əhəmiyyət kəsb edir...

Üfüqi kompozisiyanı iki hissəyə bölən rəssam sağ tərəfdə oğlan, solda isə qız evində baş verən hadisələri təsvir etmişdir. Şəmkir minarəsinin (XI əsr) fonunda cərəyan edən kompozisiyanın başlanğıcını oğlan evindən qız evinə elçiliyə gedən hədiyyəli dəvə karvanının yola salınması səhnəsi təşkil edir. Arxasınca xeyir-dua və aydınlıq mənasında su səpilən elçi karvanının apardığı hədiyyələrin sırasında ilk növbədə milli mədəniyyətin rəmzi kimi xalçaların və zamanında ən qiymətli ərməğan sayılan əlyazmaların-kitabların, sonda isə yeni qurulan ailəmaddi dəstək mənasında qızıl əşyalarla yüklənmiş dəvənin təsvirinin özündə müəllifin bu sıralanma ilə Azərbaycan xalqının dəyərlərə münasibətini, nə dərəcədə önəm verdiyini göstərməyə çalışmışdır.

Bu təsvirin davamını rəssam baş tutmuş uğurlu elçiliyin cərəyan etdiyi qız evində göstərmişdir. “Qız evi” və “Qız evində toy” kompozisiyalarını həm də sevgimaddi mədəniyyətə ehtiram məkanı kimi təqdim edən müəllif bunu həm bu izdivacı eyvandan izləyənlərin və onun baş tutmasına sevinənlərin, o cümlədən əli gül-çiçəkli qızın nikbin ovqatında, çalıb-oxuyanların və şadyanalıq edənlərin davranışlarında, məkanın kaşılı-şəbəkəli nəfis tərtibatında, rəfləri bəzəyən məişət əşyaları – el sənətkarlığı nümunələrində ifadə etməyə nail olmuşdur...

Oğlan evində toy” mərasimini də bir neçə süjetlə ifadə edən rəssam ümumi görünüşündə dəbdəbə duyulan interyerdə “xoşbəxtlik taxtı”nda əyləşmiş bəylə gəlini əhatələyən və şadyanalıq edən çoxsaylı toy-mərasim iştirakçılarını –  musiqiçiləri və məşhur “Yallı” rəqsinin duyğulandırıcı ruhuna qol qaldıranları təsvir etmişdir. Azərbaycan təbiətinin ecazkar mənzərəsinin – Şəmkir çinarının, quş yuvalarının, eləcə də toy hazırlığının və milli mətbəxin təsviri bu motivin daha təsirli və təbii alınmasını şərtləndirmişdir. Bu möhtəşəmlik və füsunkarlıq, eləcə də yuvaya-evə bağlılıq müəllif tərəfindən yeni qurulan ailənin də bu cür olacağı  arzusu ilə verilmişdir. Çoxfiqurlu süjetin mərkəzi hissəsində – təbiətin qoynunda müəllifin görüntüyə gətirdiyi dörd fiqur da, ədəbiyyatı, musiqini və rəssamlığı rəmzi ifadə etməklə yanaşı, toy mərasiminin ümumi nikbin ruhu ilə səsləşir.

Divar rəsminin zəngin tutumlu süjeti Azərbaycan xalqının həyatının ayrılmaz hissəsi olan toy məclisinə həsr olunsa da, əslində, onun kompozisiyası bütünlükdə milli mədəniyyətin və etnoqrafiyanın ayrı-ayrı sahələrini – miniatür rəssamlığı, xalçaçılıq, şəbəkə, misgərlik, ağacoymadulusçuluq sənətlərini, musiqi və rəqs mədəniyyətini, geyim və mətbəx zənginliyini əhatə edir. Süjetin məna-məzmun daşıyıcıları olan obrazların “tanınma nişanı”na çevrilmiş milli geyimlərdə təqdimatı, süjetin fəlsəfi tutuma bələnmiş rəmzi-şərti vasitələrlə ifadəsi və füsunkar-nağılvarı Azərbaycan təbiəti və memarlığı ilə əlaqələndirilməsi də məqsədli olub, kompozisiyanın əski ənənələrdən qaynaqlanan koloritli məzmun yükünə və ab-havasına duyğulandırıcı ruh vermək istəyini ifadə edir.

İriölçülü divar rəsminin binanın memarlığı ilə uğurlu sintezinin tapılması çoxfiqurlu kompozisiyanın monumentallığını təmin etmişdir. Qədim miniatür üslubuna yaradıcı münasibətlə ifadə olunmuş bu əsər həm də özündə yüksək icra sənətkarlığını ehtiva etdiyindən, onu dünyada mövcud olan miniatür üslublu divar rəsmləri arasında ölçü və bədii-estetik dəyər baxımından unikal, oxşarı olmayan nümunə saymaq olar.

Odur ki, yuxarıda divar rəsminə yönəlik vurğulanan müsbət bədii məziyyətlərin qarşılığında onunGinnesin rekordlar kitabı”na daxil edilməsi məsələsi gündəliyə gəlmişdir. Artıq bu istiqamətdə addımlar atılmaqdadır. Bu məqsədlə ötən il rəssam-ekspertlərdən ibarət yaradıcı heyət Şəmkirdə olmuş, monumental sənət əsərinin bədii məziyyətlərini nəzərdən keçirməklə, onun barəsində müsbət rəy yazmışlar. Hazırda müvafiq orqanlara təqdim olunacaq sənədlərin hazırlanması prosesi gedir. İnanırıq ki, Azərbaycan rəssamı Fərman Hüseynovun ərsəyə gətirdiyi bu kamil sənət nümunəsi barəsində xoş müjdə alacağıq...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.7.