Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir

 

   Əsrlərin mirasını gələcək nəsillərə necə çatdırmalı?

 

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başladı. İlk olaraq sessiyanın gündəliyi açıqlandı və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənildi.

Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı, gündəliklə bağlı məlumat verdi.

Bildirdi ki, on gün ərzində dünyanın 180-dək ölkəsindən nümayəndələrin iştirak edəcəyi tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixininmüasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır: “İştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanış olublar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb”.

UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini, təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı. Sessiya çərçivəsində təşkil edilən Abidə Menecerləri və Gənc Peşəkarlar forumlarının işini yüksək dəyərləndirən direktor mütəxəssislər tərəfindən aparılan maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, sessiyada müzakirə ediləcək bütün məsələlər komitənin veb-saytında canlı olaraq yayımlanır. Onu da vurğulayım ki, büro üzvlərinin istəyi ilə sessiyanın gündəliyində dəyişiklik edilə bilər”.

Bildirildi ki, Bakı sessiyasında UNESCO-nun Dünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlərin təqdim etdiyi 36 namizəd fayl nəzərdən keçiriləcək. Bu fayllardan 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgilər də təşkil olunacaq. Eyni zamanda Bakıda UNESCO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti təhlil ediləcək.

Sonra UNESCO-nun Dünya İrs Komitəsinin Bəhreyndə keçirilən 42-ci sessiyası haqqında Anna Zeçnerin məruzəsi dinlənildi. O, bildirdi ki, ötən sessiyada 225 qərar qəbul edilib, 19 mədəniyyət nümunəsi UNESCO-nun Dünya irsi siyahısına salınıb. Bununla da təşkilatın sözügedən siyahısına daxil olan nümunələrin sayı 1092-yə çatıb. Qeyd olundu ki, 42-ci sessiyada 157 konservasiya olunmuş abidənin durumu barədə məlumat verilib və 54 irs nümunəsi təhlükədə olan mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Daha sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı hesabatla çıxış etdi. Görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Plenar iclasda Norveç, Zimbabve, Tunis, Tanzaniya, Braziliya, BosniyaHerseqovina, Koreya Respublikası, Fransa və digər ölkələri təmsil edən nümayəndələr çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə etdilər. Dünyada mədəni irsin qorunmasının vacibliyindən danışan natiqlər bu istiqamətdə UNESCO-nun Dünya İrs Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirdilər. Bildirildi ki, Dünya İrs Mərkəzi ilə qurulan və genişləndirilən əlaqələr dünyada həm sülhə, həm də mədəni inkişafa xidmət edir.

 

Bakı bəyannaməsi qəbul edildi

 

 Dünya İrs Komitəsinin 43-cü sessiyasının ilk plenar iclasında Bakı bəyannaməsi qəbul edildi.

Sessiyanın sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Bakı bəyannaməsinin dünyada mədəni irsin qorunmasına xidmət etdiyini və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi məqsədi daşıdığını vurğuladı.

Sonra iştirakçı ölkələr tərəfindən Bakı bəyannaməsi səsə qoyularaq qəbul edildi.

Daha sonra 43-cü sessiya çərçivəsində təşkil edilən Dünya İrsi Gənc Peşəkarlar Forumu barədə məlumat verildi. Bildirildi ki, iyunun 24-də işə başlayan forumda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edib. Forumun builki mövzusuDünya irsi: qlobal çağırışlar üçün yerli ideyalarolub.

Gənc Peşəkarlar Forumuna həsr edilmiş videomaterial təqdim edildikdən sonra gənc peşəkarlar bir daha məqsəd və məramlarını, gələcəyə ünvanlanmış mesajlarını diqqətə çatdırdılar.

Sonda Gənc Peşəkarlar Forumunun üzvləri UNESCO-nun baş direktoru Odre Azule və sessiyanın sədri, mədəniyyət naziri Əbülfəs Qarayev ilə xatirə şəkli çəkdirdilər.

İkinci plenar iclas: irslə bağlı müxtəlif qurumların hesabatları

İyulun 1-də sessiya çərçivəsində ikinci plenar iclas keçirildi. Sessiyanın sədri, mədəniyyət naziri Əbülfəs Qarayev iclası açıq elan etdikdən sonra hesabatlar dinlənildi.

Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) nümayəndəsi öz çıxışında təmsil etdiyi qurumun son dövrlərdəki fəaliyyəti haqqında məlumat verdi. Təşkilatın Afrika və ərəb dövlətləri ilə bağlı fəaliyyətlərinin əsas məqsədlərini diqqətə çatdıran nümayəndə bu istiqamətdə görülən işlərin müsbət nəticələndiyini vurğuladı. Münaqişələrdən sonra ərazilərdə mədəni irsin qorunması və bərpası istiqamətində fəaliyyətə toxunan mütəxəssis ötən bir il ərzində təşkilatın üzərinə düşən işin öhdəsindən uğurla gəlindiyini bildirdi.

Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İUCN) hesabatında Azərbaycan hökumətinə minnətdarlıq ifadə edildi. Bildirildi ki, təşkilat dayanıqlı məqsədlərin inkişafına səbəb olan təhdidlərin qarşısını almaqda maraqlıdır. Bu istiqamətdə innovativ yeniliklər və ideyalarla bağlı birliyin nəzdində tematik qrup fəaliyyət göstərir. Bu sahədə dünyanı narahat edən məsələlər çoxdur və təşkilat Bakı sessiyasında öz tövsiyələrini irəli sürəcək.

UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) nümayəndəsi dayanıqlı inkişaf, gender bərabərliyi, konvensiyanın icrası ilə bağlı yerlərdə icranın reallaşdırılması səyləri haqqında çıxış etdi. O, həmçinin dünyada iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətin vacibliyini diqqətə çatdırdı. Məruzədə dayanıqlı inkişafda mədəniyyətin rolu, yerli icraçılarla sıx əməkdaşlıq məsələləri ilə yanaşı dayanıqlı inkişafla mədəni irslə bağlı konvensiya üzrə qarşılıqlı əlaqələrin vacibliyiqeyd olundu.

Daha sonra iştirakçı ölkələrin təklifləri səsləndirildi. Təkliflər əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, etnik problemlər, hərtərəfli yanaşma və digər məsələləri əhatə edirdi.

 

LALƏ

Mədəniyyət.- 2019.- 3  iyul.- S.1;3.