"On gün ərzində bizi gərgin , səmərəli müzakirələr gözləyir"

 

İyulun 1-də UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının plenar iclasından sonra yerlixarici kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün mətbuat konfransı keçirildi.

Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər kəsi salamladı. Söylədi ki, Dünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsi çox mühüm hadisədir. İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-nun baş direktoru Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri ölkə rəhbərliyinin bu tədbirə nə qədər önəm verdiyinə sübutdur.

Nazir vurğuladı ki, Dünya İrs Komitəsinin hər il bir dəfə müxtəlif ölkədə keçirilən bu sessiyası UNESCO-nun il ərzində keçirdiyi ən mühüm tədbirlərdəndir: “Qonaqlarımızın dediklərindən də hiss olunur ki, onların Bakı, Azərbaycan, sessiyanın təşkilatçılıq işləri baxımından təəssüratları çox yaxşıdır. Hazırda 150-dən çox ölkədən 1500 nəfər iştirakçının bu tədbirlə bağlı Bakıya təşrif buyurduğunu rəsmən təsdiq olunub. İyulun 10-dək davam edəcək sessiyaya qatılmaq üçün qarşıdakı günlərdə bir neçə yüz nəfərin də paytaxtımıza gələcəyi gözlənilir. Təşkilat komitəsi təkcə gündəlikdə nəzərdə tutulmuş məsələlərin müzakirəsi ilə kifayətlənmir. Sessiya iştirakçıları üçün müxtəlif mədəni proqramlar və səfərlər də nəzərdə tutulub, paytaxtdakı bütün muzeylərə rahat ziyarət təmin edilib”.

UNESCO baş direktorunun müavini Ernesto Ottone qeyd etdi ki, bu gün qəbul edilmiş Bakı bəyannaməsi dünya miqyasında qeyri-maddi və mədəni irsin qorunması istiqamətində böyük addımdır. Qarşıdakı 10 gün ərzində bizi böyük işlər, səmərəli müzakirələr gözləyir.

Dünya İrs Mərkəzinin direktoru xanım Mextild RosslerWorld Heritage” dərgisinin Bakı sessiyası münasibətilə Azərbaycana həsr edilmiş, ingilis və fransız dillərində çap olunmuş xüsusi buraxılışını və “World Heritage 2018-2019” xəritəsini təqdim etdi.

Sessiyada müzakirə ediləcək nominasiyaların hər birinin dünya mədəni irsinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən M.Rossler vurğuladı ki, bu sessiyada Bitliham kilsəsinin və Çilidəki qədim məzarlığın dağılmaq təhlükəsi olan abidələr siyahısından çıxarılmasının müzakirəsi çox sevindiricidir. Deməli, həmin abidələrin yerləşdiyi ölkələrdə UNESCO-nun göstərişləri nəzərə alınıb.

Sonra mətbuat nümayəndələrinin sualları cavablandırıldı. Azərbaycan jurnalistlərinin verdikləri suallar əsasən İranın Hirkan meşələrinin Qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi və münaqişə ocaqlarındakı təbiət və mədəniyyət abidələrinin qorunmasına dair qərarlar qəbul edən UNESCO-nun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki abidələrimizə qarşı təcavüzünün qarşısını almaq üçün hansı tədbirləri görə bilməsinə dair idi.

UNESCO baş direktorunun müavini Ernesto Ottone bildirdi ki, Azərbaycan ilə İran əraziləri vahid ekosistemə daxildir. Əgər Hirkan meşələri UNESCO-nun qurunan təbii irs siyahısına daxil olarsa, təşkilat Azərbaycana da bu sənədə qoşulmağı təklif edər.

Nazir Əbülfəs Qarayev işğal altındakı abidələrimizlə bağlı qeyd etdi ki, bu həssas məsələdə UNESCO-nun rəyinə, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirməsinə ehtiyac var.

E.Ottone əlavə etdi ki, siyasi gərginlik hökm sürən, döyüş əməliyyatı gedən regiona UNESCO ekspertlərinin səfəri üçün həm təhlükəsizlik təminatı verilməli, həm də həmin regiondakı bir neçə tərəfin təklifi daxil olmalıdır.

Mətbuat konfransının sonunda Əbülfəs Qarayev sessiyanın işinə diqqət yetirdiklərinə görə media təmsilçilərinə təşəkkür etdi və beynəlxalq tədbirin nəticələrinin uğurlu olacağına ümid bəslədiyini bildirdi.

 

Gülcahan.

Mədəniyyət.- 2019.- 3  iyul.- S.1;4.