“Azərbaycan
mədəni mirasın qorunmasına həssas münasibət
göstərir”
Dünya İrs Komitəsinin
43-cü sessiyasında iştirak edən yüksək vəzifəli
qonaqlar arasında Bəhreyn Krallığının Mədəniyyət
və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd
Əl Xəlifə də var. Xatırladaq ki, Bəhreyn ötən
il Dünya İrs Komitəsinin 42-ci sessiyasına ev sahibliyi
edib və növbəti sessiyanın Bakıda keçirilməsinə
dair qərar orada qəbul olunub.
43-cü sessiyanın Bakıda
keçirilməsini yüksək qiymətləndirən
xanım nazir Azərbaycanın dünyada mədəni
mirasın qorunmasına həssas münasibət nümayiş
etdirdiyini deyib. Bu barədə Bəhreyn televiziyasına
müsahibəsində bildirən qonaq ölkəmizin bu
mötəbər tədbirə çox yüksək səviyyədə
hazırlaşdığını vurğulayıb: “Azərbaycan
qlobal miqyaslı tədbirləri yüksək səviyyədə
təşkil etmək imkanlarını artıq bir neçə
dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da
uğurla gerçəkləşəcək”.
Bəhreynli nazir Dünya İrs
Komitəsinin 43-cü sessiyasından gözləntilərini də
dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi
nəinki hər hansı bir təşkilatın, eləcə
də hər bir insanın diqqət göstərməli
olduğu məqamdır. “Bəşəriyyət sürətli
elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu
inkişaf özlüyündə gözəldir. Lakin
dünyada baş verən hərbi toqquşmalar, münaqişələr,
təəssüf ki, bəzən minilliklərin mədəni
mirasını məhv olma təhlükəsi ilə
üz-üzə qoyur. Ona görə də UNESCO və onun tərkibində
fəaliyyət göstərən bir sıra qurumların
işinə dəstək verilməlidir. Bu mənada Bakıda
keçirilən sessiyada dünya mirasının qorunması
baxımından mühüm qərarların qəbul ediləcəyinə
inanıram”, - deyə xanım Şeyxa May bint Məhəmməd
Əl Xəlifə bildirib.
Qeyd edək ki, Bəhreyn
televiziyasının qrupu sessiyanın gedişini izləməklə
yanaşı, paytaxtımızın tarixi-mədəni məkanlarında
da çəkilişlər aparır.
Mədəniyyət.-
2019.- 3 iyul. S.8.