“Qədim yaşayış məskənlərini gələcək nəsillərə çatdırmalıyıq”

 

 “Biz qədim yaşayış məskənlərini qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Bununla bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edəcəyik. Dünya irsi siyahısındakı obyektlərin qorunub saxlanılmasında çətinliyi olan ölkələrə dəstək verəcəyik”, - bu sözləri Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasında iştirak edən təşkilatın Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler “Euronews” telekanalına müsahibəsində deyib.

 

Bakı sessiyası ilə bağlı danışan M.Rossler sessiya çərçivəsində təşkil edilən Abidə Menecerləri və Gənc Peşəkarlar forumlarının işini yüksək dəyərləndirib. Bildirib ki, 43-cü sessiyada iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb: “Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda onu da qeyd etmək istərdim ki, Azərbaycan öz mədəni sərvətlərinə, irs nümunələrinə yüksək səviyyədə diqqət və qayğı ilə yanaşır”.

 

Mədəniyyət.- 2019.- 3 iyul. S. 8.