“İpək Yolu”nun musiqiləri yenə qədim Şəkidə səslənir

 

Xəbər verdiyimiz kimi, Şəki şəhəri növbəti dəfə musiqi bayramına – bu il 10-cu dəfə keçirilən “İpək Yolu” festivalına ev sahibliyi edir. İyunun 29-da qədim sənət və mədəniyyət mərkəzində X “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başlayıb.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivala Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan musiqi və kollektivlər gəlib.

Festivalın təntənəli açılış mərasimi “Yuxarı Karvansaray” kompleksində keçirilib. Mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, “festivallar şəhəri” kimi tanındığını bildirib. Ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan icra başçısı qeyd edib ki, ənənəvi “İpək Yolu” festivalı isə Şəkinin mədəni həyatında çox böyük hadisədir.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib. Diqqətə çatdırılıb ki, ilk festivalda olduğu kimi, 10-cu yubiley festivalının proqramı da Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray” tarixi memarlıq abidəsinin həyətində konsert-tamaşası ilə başlanır. “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək bu festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”, - deyə o bildirib.

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Leyli obrazını Rəvanə Əmiraslanlı, Məcnun obrazını isə Əməkdar artist Elnur Zeynalov canlandırıb.

Sonda Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə quruluşçu rejissor Hafiz Quliyevə “Üzeyir Hacıbəyli” medalını, həmçinin kollektivə festivalın simvolunu təqdim edib.

 

***

 

Akademik Opera və Balet Teatrı “İpək Yolu” festivalında artıq bir neçə dəfə iştirak edib. 10 il əvvəl keçirilən ilk festivalda olduğu kimi, builki yubiley festivalının açılışında da çıxış etmək bizə nəsib olub. Yubiley festivalında da tamaşaçılara iki böyük dühanın – Füzuli və Üzeyir Hacıbəylinin yaratdıqları “Leyli və Məcnun” operasını təqdim etdik.

Bu sözləri Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev jurnalistlərə müsahibəsində deyib. Baş rejissor bildirib ki, festivalların açılış mərasimlərində tamaşaçılara ən məşhur sənət əsərləri təqdim olunur. “Leyli və Məcnun” operası da məhz belə əsərlərdəndir.

 

***

 

Festivalın ikinci günü şəhərdəki Heydər Əliyev Mərkəzində tamaşaçılar Şəki Folklor Ansamblının konsertini izləyiblər.

Konsertdən əvvəl məlumat verilib ki, ansambl 2017-ci ildə Şəki şəhər Uşaq incəsənət məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın üzvləri müxtəlif qədim xalq çalğı alətlərində - tar, ud, çəqanə, kamança, topuz, bas-tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib.

Kollektivin budəfəki çıxışı da maraqla qarşılanıb. Ansambla festivalın simvolu təqdim olunub.

 

***

 

İyunun 30-da axşam saatlarında Səki Dövlət Dram Teatrında sənətsevərlərə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimiyə ithaf” musiqili tamaşası təqdim edilib.

Konsertin əvvəlində məlumat verilib ki, Firəngiz Əlizadənin müəllifi olduğu musiqili tamaşa xüsusi olaraq 2017-ci ildə dahi şairin vəfatının 600 illiyinin  UNESCO-da qeyd olunması münasibətilə hazırlanıb və həmin ilin mayında təşkilatın Parisdəki qərargahında təqdim olunub. “Nəsimiyə ithaf” 2018-ci ildə Bakıda “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı və VI Beynəlxalq Humanitar Forum çərçivəsində də nümayiş olunub.

Bəstəkarın “Dərviş” və “Muğamsayağı” instrumental əsərlərinin musiqisinə əsaslanan, klassik Avropa və milli Azərbaycan musiqi alətlərinin səsləndirilməsi ilə müşayiət olunan əsərdə xanəndənin ifası ilə tamaşaçılara çatdırılan Nəsiminin səsi onun ən məşhur şeirləri vasitəsilə insanı, onun qüdrətini və mənəvi gözəlliyini vəsf edir. Musiqili teatr kompozisiyası muğam və müasir bəstəkarlıq vasitələrinin uzlaşması, xanəndənin ifası və rəqslərin sintezini ustalıqla təcəssüm edir.

Tamaşanın xoreoqrafiya quruluşu Əməkdar artist, baletmeyster Nailə Məmmədzadənindir. Nəsimi obrazını Opera və Balet Teatrının solisti Anar Mikayılov canlandırıb. Xoreoqrafik səhnələrdə Əməkdar artist Alsu Gimadiyeva və Dinarə Yenəliyeva “mələklər”i, Əməkdar artist Fərid İbrahimov və Rüfət Şəfiyev “qara gücün qüvvələri”ni oynayıblar. Nəsiminin səsini Xalq artisti, xanəndə Teyyub Aslanov ifa edib.

 

***

 

“İpək Yolu” festivalının üçüncü günü Macarıstanın “Kerekes Band” instrumental qrupu Heydər Əliyev Mərkəzində çıxış edib.

Qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, pop musiqinin müxtəlif cərəyanlarını – caz, rok, fank, psixodelik və elektron janrları öz ifalarında əks etdirən qrup onları Macarıstanın xalq musiqisi və qədim ənənələri ilə ustalıqla birləşdirir. Qrup öz ifalarında müasir elektron musiqi aləti və vasitələri ilə yanaşı, ənənəvi macar xalq çalğı alətlərindən də istifadə edir. Belə ki, qrupun əsas musiqi nömrələrini udun “kiçik qardaşı” sayılan koboz ifa edir. İnstrumental kollektiv 2003-cü ildə Macarıstanın “Birinci qrupu” adına layiq görülüb. Beynəlxalq festivalların iştirakçısı olan “Kerekes Band”ın indiyədək 8 musiqi albomu işıq üzü görüb.

Qrup üzvlərinin çıxışı və Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbovla (ud) birlikdə ifa etdikləri “Sarı gəlin” xalq mahnısı isə musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Kollektivə festivalın simvolu təqdim edilib.

Festivalın növbəti günü, iyulun 2-də Rusiyanın “No İndifference” instrumental kvintetinin konserti olub. “İpək Yolu” festivalı iyulun 3-də başa çatacaq.

 

Mədəniyyət.- 2019.- 3 iyul. S.1;7.