Luvrdakı Azərbaycan xalçaları Bakıdadır

 

İyulun 2-də Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açıldı. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil edilən sərgidə Fransanın Luvr Muzeyində saxlanılan Azərbaycan xalçalarından bir neçəsi nümayiş olunur. Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavinləri, millət vəkilləri, mədəniyyət xadimləri, xarici qonaqlar iştirak edirdi.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə təşrif gətirmiş sessiya iştirakçılarını, qonaqları salamlayaraq bu sərginin iki ölkə arasında günü-gündən inkişaf edən mədəni əməkdaşlığın möhkəmlənməsinə sübut olduğunu dedi. Bu işdə dövlətimizin başçısının apardığı uğurlu siyasət, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi əməyi qeyd edildi.

Sonra söz Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezə verildi. Xanım Buşez bildirdi ki, bu gün Azərbaycan və Fransa arasında mədəni əlaqələr üçün çox önəmli bir gündür. Azərbaycan Xalça Muzeyi Luvr Muzeyi ilə əməkdaşlıq edərək Fransada qorunan bir neçə xalçanı sizlərə təqdim edir. Bu layihədə iştirak etmək bizim üçün şərəfdir. Sərgi həm də Azərbaycanın öz mədəni irsinə nə qədər böyük diqqət ayırdığını sübuta yetirir. Birinci vitse-prezident Mehriban Əliyevanın bir neçə ay öncə Fransaya səfər etdiyini xatırladan diplomat bildirdi ki, həmin görüşlərdən sonra Azərbaycan tərəfi Luvrda saxlanılan bir neçə xalçanın bərpasına maddi yardım göstərdi.

Muzeyin direktoru Şirin Məlikova öz çıxışında dedi ki, sərginin keçirilməsi ölkəmizin mədəni həyatında çox önəmli hadisədir. Dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə Bakıda nümayiş etdirilir. Bu sərgi gələcəkdə iki mədəniyyət ocağı arasında daha sıx əlaqələrin qurulmasına və milli irs nümunələrimizin təqdim olunduğu birgə irimiqyaslı layihələrin keçirilməsinə təkan verəcək.

Qeyd olundu ki, sərgi “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı səfirliyi, Luvr Muzeyi, Azərbaycan-Fransız İnstitutu və “Silk Way West Airlines” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

Sonra iştirakçılar Luvrdan gətirilmiş xalçalarla tanış oldular. Sərgidə Qarabağ və Şirvan xalça məktəblərinə aid “Xanlıq”, “Çələbi” və “Əjdahalı” xalçaları nümayiş edilir.

Sərgi sentyabrın 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 3 iyul. S.1.