Dünya İrs Komitəsinin 43-cü sessiyasının ikinci günü

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də plenar iclasla öz işini davam etdirdi. İclasda üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirələri aparıldı.

Sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tədbiri açaraq iştirakçıları müzakirələrdə fəal olmağa çağırdı.

Sonra Norveç, Tanzaniya, İndoneziya, Bəhreyn, Braziliya, Macarıstan, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bölüşdülər.

Bəhreyn nümayəndəsi çıxışı zamanı bildirdi ki, ərəb ölkələri üçün bu sahədə təlimlər keçirilə bilər. Çıxışlarda diqqətə çatdırıldı ki, dialoq məşvərət qrupları ilə üzv ölkələr arasında olan münasibətlərin şəffaflığına xidmət edəcək, ortaya çıxan qeyri-müəyyənliklərlə bağlı müxtəlif mexanizmlərin işə salınmasına müsbət təsir göstərəcək. Vurğulandı ki, 15 ildən artıqdır Dünya İrs Komitəsinin siyahısında növbə gözləyən, təhlükə ilə üzləşən obyektlər üçün dialoqların qurulması vacibdir. Bu dialoq həm də dünya irsinə dair konvensiyaya inamı artırmağa xidmət edər.

Sonra məşvərət qurumları modellərin hazırlanması ideyası ilə bağlı çıxış etdilər. Bildirildi ki, bu sahədə dialoq işin ardıcıllığına, xidmət etməli, nəticələri dəyişməyə meyilli olmalıdır. Çünki qloballaşma prosesində ortaya çıxan mənfi halların aradan qaldırılması məhz dialoq vasitəsilə reallaşa bilər.

Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) və Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İCUN) nümayəndələri çıxışlarında bildirdilər ki, nominasiyaların müzakirəsi prosesində üzv dövlətlərin dialoqu mədəni irsə münasibətdə daha optimal yanaşmalara vəsilə olar, təhlil və qərar prosesini sürətləndirər. Çıxışlarda Dünya İrs Komitəsinin son illər gördüyü işlərdən və dünyada mədəni irsin qorunması istiqamətində reallaşdırılan layihələrdən də söz açıldı.

Müzakirələr zamanı həmçinin Azərbaycanın təklif etdiyiNominasiya prosesində ilkin siyahıların hazırlanması, reaktiv monitorinqin aparılmasında effektivkonstruktiv dialoqun qurulması” bəndi də hesabata əlavə edildi. Ölkəmizin təklifi üzv dövlətlərin iştirakçıları tərəfindən qəbul olundu. Daha sonra hesabatdakı müxtəlif bəndlərlə bağlı qərar layihələri müzakirə edildi.

 

İclasda Mali Respublikasında törədilmiş terror aktı nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Plenar iclasda gündəlikdə yer alan əsas məsələlərindən biri – “Dünya irs mülkiyyətinin konservasiyası vəziyyəti” də müzakirə edildi.

***

Plenar iclasda daha sonra sessiya çərçivəsində keçirilən Abidə Menecerləri Forumuna həsr edilmiş hesabat dinlənildi. Bildirildi ki, forum UNESCO-nun Dünya irsi siyahısında yer alan abidələrin idarə edilməsi ilə məşğul olan mütəxəssisləri bir araya gətirmək baxımdan əhəmiyyət kəsb edir. Forum abidə menecmenti üçün təcrübə mübadiləsi, ən son yeniliklərlə bağlı məlumat mübadiləsi üçün vacib platformadır.

Abidə Menecerləri Forumunun bəyanatı oxunaraq qəbul edildi. Bəyanatda birgə ideyalar, dayanıqlı inkişaf, təcrübə mübadiləsi, regional və beynəlxalq səviyyədə əlaqələrin qurulması, birgə addımların atılması və digər məsələlər əksini tapıb.

Plenar iclas hesabat ətrafında müzakirələrlə davam etdi. Dünya İrs Komitəsinin direktoru xanım Mextild Rossler irsin idarə olunmasında effektiv yanaşma məsələləri, turizmin düzgün idarə olunması və dünya mədəni irsinə turizmin təsiri haqqında fikirlərini diqqətə çatdırdı.

Lalə.

Mədəniyyət.- 2019.- 3 iyul.- S.2.