“UNESCO üçün
ən mühüm tədbirin Azərbaycanda
keçirilməsindən məmnunuq”
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO-nun baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, təşkilatın Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunulub, dünyada bu tədbirə böyük marağın olduğu qeyd edilib.
Baş direktor Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib, ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib. Xanım Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESCO-nun dəstək verdiyini bildirib.
Mədəniyyətlərarası dialoqa toxunan dövlətimizin başçısı “Bakı Prosesi”nin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini deyib. Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərdən biridir.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu sahədə təşkilatın xətti ilə həyata keçirilən layihələrin önəmi vurğulanıb.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 30-da UNESCO-nun baş direktoru xanım Odre Azule ilə görüşüb.
Birinci vitse-prezident Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə Odre Azuleyə minnətdarlığını bildirib. Mehriban Əliyeva Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. “Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESCO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva təşkilatla əməkdaşlığımızın 27-ci ilinin tamam olduğunu bildirərək dünya mədəni irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə edib.
Baş direktor Odre Azule Parisdə təşkilatın baş qərargahında Mehriban
Əliyeva ilə görüşünü
xatırladıb və UNESCO üçün
ən mühüm tədbir olan Dünya İrs Komitəsinin növbəti
sessiyasının Azərbaycanda keçirilməsindən məmnunluğunu
bildirib. Odre Azule UNESCO üçün
mühüm əhəmiyyət kəsb edən
və 2500-ə yaxın iştirakçının
qatılacağı bu sessiyanın Azərbaycanda
keçirilməsinə görə təşəkkürünü
bildirib.
Mədəniyyət.-
2019.- 3 iyul. S. 2.