“Qavaldaş”
festivalının final mərhələsi
Təhsil
Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin
təşkilatçılığı və Qobustan Milli
Tarix-Bədii Qoruğunun əməkdaşlığı ilə
29-30 iyun tarixlərində zərb çalğı alətləri
üzrə “Qavaldaş” uşaq və gənclərin II
Respublika festival-müsabiqəsinin final mərhələsi
keçirilib.
Festival-müsabiqənin məqsədi uşaq və gənclərin milli-mənəvi inkişafı, istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsidir. Layihəyə UNESCO-nun Dünya irsi siyahısına salınmış Qobustan qoruğunda və Dünya İrs Komitəsinin Bakı sessiyası ərəfəsində yekun vurulması mədəni irsin təbliğinə və tərənnümünə bir töhfədir.
İyunun 30-da UNESCO-nun baş direktoru Odre Azule və Dünya İrs Komitəsi 43-cü sessiyasının Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Qobustan Milli Tarix-Bədii Qoruğunda olarkən “Qavaldaş” festival-müsabiqəsində çıxış edən uşaq və gənclərin ifalarını da maraqla izləyiblər.
Final mərhələsində Bakı şəhəri, Abşeron, İsmayıllı, Salyan və Masallı rayonlarından gəlmiş nağara qrupları solo və kollektiv nominasiyaları üzrə çıxış edib. Onların ifalarını nağara ustaları – əməkdar artistlər Tofiq Cabbarov, Kamran Kərimov, Azərbaycan Dövlət Rəqs Ansamblının müəllimi Ceyhun Babayev, A.Zeynallı adına Musiqi Kollecinin müəllimi Azər Məlikov və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədovdan ibarət münsiflər heyəti dəyərləndirib.
Üç yaş
qrupu üzrə müsabiqənin final mərhələsini təmsil edənlər
rəngarəng proqramla
çıxış ediblər. Qaliblər Qran-pri,
I, II və III yerlər üzrə kubok və
diplomlarla təltif olunublar.
Mədəniyyət.-
2019.- 3 iyul. S. 5.