Dünya İrs Komitəsinin sessiyası davam edir
Dördüncü iş günündə
müxtəlif ölkələrdə
mədəni və təbii irs
nümunələri ilə
bağlı hesabatlar dinlənildi, müzakirələr
aparıldı, qərarlar
verildi
UNESCO-nun Dünya İrs
Komitəsinin 43-cü sessiyası
iyulun 4-də - dördüncü
günündə Bakı
Konqres Mərkəzində
işini davam etdirdi.
Səhər iclasında Nepalın
Katmandu vadisində yerləşən
mədəni irs abidələrinin vəziyyəti haqqında
hesabat dinlənildi. İclası
sessiyanın sədri,
Azərbaycan Respublikasının
Mədəniyyət naziri
Əbülfəs Qarayev
açdı.
Çin, İndoneziya, Tunis, Zimbabve,
Küveyt və digər ölkələrin
nümayəndələri çıxış
edərək Katmandu vadisindəki
abidələrin vəziyyəti
barədə fikirlərini
bildirdilər. Qeyd olundu ki, 2015-ci
ildə Nepalda baş verən güclü zəlzələ
zamanı ölkədə
tarixi abidələrə
xeyli ziyan dəyib və onlar dağılmaq təhlükəsi ilə
üzləşib. Bəzi ölkələrin
nümayəndələri Katmandu vadisini təhlükəli
vəziyyətdə olan
abidələrin siyahısına
salınmasını təklif
etdilər. Məlumat
verildi ki, həmin ərazidə 40-a
yaxın maddi irs abidəsi
var.
Nepal nümayəndəsi vadidəki tarixi abidələrin vəziyyəti
və burada görülən işlər
barədə söz açdı. Nəzərə
çatdırdı ki,
üzv dövlət
2015-ci ildən Dünya
İrs Komitəsinin tövsiyələrini yerinə
yetirməyə çalışıb
və onlarla abidənin reabilitasiyasına
cəhd edib: “Nepal hökuməti vadinin təhlükəli vəziyyətdə
olan abidələrin siyahısına düşməyindənsə,
burada reabilitasiya işlərini davam etdirməyə cəhd edir. Biz düşünürük
ki, Dünya İrs Komitəsinin dəstəyi ilə birlikdə biz Katmandu vadisində
restavrasiya işlərini
tamamlaya bilərik.
Buna görə də
bizə əlavə bir il vaxt verilməsini xahiş edirik. Bildiririk ki, restavrasiya işləri yeni konvensiyanın meyarları
əsasında aparılacaq.
Nepal hökuməti müvafiq dəstək almaq üçün artıq UNESCO-nun Dünya İrs Komitəsinə müraciət də edib”.
Sonra
Katmandu vadisinin təhlükəli
vəziyyətdə olan
abidələrin siyahısına
daxil edilməsi məsələsi təxirə
salındı və
Nepal hökumətinə qeyd
olunan çatışmazlıqların
aradan qaldırılması
ilə bağlı əlavə bir il vaxt verildi.
***
İyulun 4-də günün birinci yarısında keçirilən
iclasda bir sıra ölkələrlə
bağlı müzakirələr
aparıldı.
Vəziyyəti təhlil edilən
növbəti irs nümunələri
Pakistanın Lahor şəhərindəki tarixi
abidələr, Fort və
Şalamar bağları
idi. Bildirildi ki, yerli hökumətin çəkmək
istədiyi metro xətti
Lahordakı tarixi abidələrə ciddi zərər vura bilər. Eyni zamanda Fort və
Şalamar bağlarında
yaşıllıqların məhvi
fauna və floraya mənfi təsir göstərəcək. Vurğulandı ki, Pəncab əyalətinin paytaxtı
sayılan Lahor şəhəri Ravi çayı
sahilində, Hindistanla
sərhəddə yerləşir.
Bu qədim şəhərin
mədəni irsinin qorunması olduqca vacibdir.
Pakistanın nümayəndəsi ölkəsinin
mədəni irsin qorunmasına sadiq qaldığını bildirdi. Dedi ki, bu ilin
aprelində beynəlxalq
missiyanın iştirakı
ilə əraziyə baxış keçirilib.
Tövsiyə olunan məsələlərin
bir hissəsi artıq öz həllini tapıb, bu istiqamətdə digər işlərin həyata keçirilməsi
davam etdiriləcək.
Pakistan yerli və
beynəlxalq ekspertlərin
iştirakı ilə
Lahor şəhərindəki
tarixi abidələrin,
Fort və Şalamar bağlarında fauna və
floranın qorunması,
yaşıllıqların bərpası
istiqamətində verilən
tövsiyə və digər öhdəlikləri
yerinə yetirməkdə
maraqlıdır.
Bu kontekstdə Azərbaycanın
Pakistanla bağlı hesabata etdiyi dəyişikliklər müsbət
qarşılandı. Müzakirələrin nəticəsi olaraq
Pakistan hökumətinə əlavə vaxt verildi.
İclasda Pakistanın Makli və Thatta şəhərlərində yerləşən
tarixi məkanlar barədə də müzakirələr aparıldı. Bu şəhərlərdəki tarixi
abidələrin real vəziyyəti
və onların konservasiyası ilə bağlı görüləcək
işlərdən danışıldı.
Sonra sözügedən abidələrlə
bağlı müvafiq
qərar qəbul edildi.
***
Günün ikinci yarısında sessiyasının iclasında
Özbəkistanın Səmərqənd
şəhərinin qədim
hissəsinin konservasiyası
ilə bağlı müzakirələr davam etdirildi.
Şəhərin qədim hissəsində hotellərin tikintisinin dayandırılması və
konservasiya işlərinin
gücləndirilməsinə qərar verildi. Vurğulandı ki, bu işlərdə
Dünya İrs Komitəsinin və Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura – İCOMOS ekspertlərinin
tövsiyələri nəzərə
alınsın. Komitənin 44-cü sessiyasına qədər Özbəkistan tərəfinin
hesabatı təqdim edilsin.
İclasda növbəti ciddi müzakirə Bolqarıstandakı
qədim liman şəhəri Nesebırdakı
vəziyyətlə bağlı
oldu. Belə ki, üzv dövlətin məruzəsində
qeyd edilən müsbət dəyişikliklər
İCOMOS ekspertlərinin hesabatında
öz əksini tapmamışdı. Buna görə də Bolqarıstandan üzv dövlət olaraq Nesebır şəhərinin
vəziyyətini yaxşılaşdırmaq
üçün konservasiya
tədbirlərini gücləndirmək,
tövsiyə edilən
təklifləri yerinə
yetirmək qəti şəkildə xahiş
edildi. Bolqarıstan bununla əlaqədar
2021-ci ildə keçiriləcək
45-ci sessiyada hesabat verməlidir. Əgər müsbət
dəyişiklik olmazsa,
o zaman Nesebır təhlükə altında
olan məkanlar siyahısına daxil ediləcək.
Sonra əvvəlcədən sessiya
iştirakçılarına paylanılmış bir neçə sənəd
– Orta Reyn, Monteneqro, Kiji (Rusiya), Diyarbəkir meşəsi (Türkiyə),
Buda qəsri (Macarıstan)
və digər məsələlərə dair
qərar layihələri
müzakirəsiz qəbul
edildi.
Çilinin Valparaiso şəhəri üzrə
hesabat dinlənildi. Sonra Karib
dənizi və Latın Amerikası üzrə qısa hesabat təqdim edildi. Braziliyadakı
kilsə, abidələr
qrupu və s. nümunələrin konservasiyasına
dair qərarlar qəbul olundu. Kolumbiyada Kartahena şəhər irsi ilə bağlı
İCOMOS-un 2017-ci ildəki hesabatında göstərilən
qüsurların aradan
qaldırıldığı diqqətə çatdırıldı.
Daha sonra
Burkina Faso nümayəndə heyəti Benindəki Amobey kral sarayının
vəziyyətini gündəmə
gətirdi. Benin nümayəndəsinin
iştirakı ilə
sözügedən saray
kompleksində muzeyin yaradılması məsələsi
müzakirə olundu və qərar qəbul edildi.
***
İyulun 4-də günün son iclaslarından
biri “Qapaq Nan”: ən yaxşı təcrübələrin mübadiləsi”
mövzusuna həsr olunmuşdu.
Qeyd olundu ki, UNESCO-nun Dünya irsi siyahısında yer alan qədim
And sivilizasiyası dövrünə
aid antik yol sistemi olan “Qapaq
Nan” və ya başqa adla “Əsas And yolu” Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador və Perunun ortaq tarixi mədəni
irsi hesab edilir. Bu irs
nümunəsinin qorunması
və idarə olunması istiqamətində
altı iştirakçı
dövlət birgə
ciddi iş aparır.
UNESCO baş direktorunun müavini Ernesto Ottone
Ramirez 2014-cü ildə Dünya
irsi siyahısına daxil edilən bu mədəni irs nümunəsi
haqqında məlumat verdi. Bildirdi ki, Cənubi
Amerika regionu boyunca uzanan bu yol bir
vaxtlar nəqliyyat, ticarət və müdafiə xarakteri daşıyıb. Onun
sözlərinə görə,
bu layihə mədəni irs
nümunələrinin mühafizəsi
üçün beynəlxalq
əməkdaşlığın aparılması baxımından
ən yaxşı nümunədir.
***
Növbəti panel iclasında dünya
əhəmiyyətli mədəni
irs nümunələrinin
regional dəyərləndirilməsi, təbii dünya irsi mülkiyyətlərinin
ölkələrin beynəlxalq
sərhədləri boyunca
yerləşməsi ilə
bağlı müzakirələr
aparıldı. Məruzəçi
Hindistan, Pakistan, Çin
sərhədləri boyunca
uzanan təbii irs mülkiyyətlərinin
çoxunu milli parkların təşkil etdiyini bildirdi.
“Dünya İrs Mərkəzi barədə məlumatın
yayılması: informasiya
və ziyarət yerləri” mövzusuna həsr olunan günün sonuncu panel iclasında tarixi və mədəni irs abidələrinə
ziyarətçilərin daha
çox cəlb olunmasına dair fikir mübadiləsi aparıldı.
Almaniyanın UNESCO üzrə Milli
Komissiyasının təşkilatçılığı
ilə keçirilən
iclasda mədəni irs nümunələri
barədə məlumatların
yayılması ilə
bağlı təcrübələrdən
söz açıldı.
Dünya İrs
Komitəsinin 43-cü sessiyası iyulun 5-də
işini davam etdirəcək.
FARİZ
GÜLCAHAN
LALƏ
Mədəniyyət.- 2019.- 5 iyul.- S. 1-2.