Tarixi-mədəni irs sahəsində
əməkdaşlığın nəticəsi
Azərbaycan-Fransa
birgə arxeoloji tədqiqatlarına həsr olunmuş sərgi
açılıb
İyulun
4-də Azərbaycan Milli İncəsənət Muzeyində
Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10
illiyinə həsr olunmuş sərgi açıldı.
Mədəniyyət naziri
Əbülfəs Qarayev
açılış mərasimində çıxış
edərək bildirdi ki,
sərgi təsadüfən belə bir vaxtda təyin olunmayıb: “Bildiyiniz
kimi, Bakıda UNESCO-nun
Dünya İrs
Komitəsinin 43-cü sessiyası keçirilir.
Bu sərgi də sessiya
çərçivəsində təşkil olunan
tədbirlərdən biridir. Sərgi
Azərbaycanla Fransa arasında həyata
keçirilən əməkdaşlığın bariz nümunəsidir. Bizim
və Fransa arxeoloqlarının birgə
fəaliyyəti nəticəsində Azərbaycanın müxtəlif
bölgələrində qazıntı işləri
aparılıb. Bu sərgidə də
işlərin nəticələri nümayiş
olunur”.
Daha sonra Fransa hökumət
kabinetlərində ətraf mühit naziri (1992-1993), ekologiya, sabit inkişaf və energetika naziri (2014-2017) olmuş Seqolen Royal çıxış etdi.
Bildirdi ki,
Azərbaycan və Fransa
arxeoloqlarının tədqiqatlarını əhatə
edən sərgini keçirməklə
əlaqələrimizin nə qədər dərin
olmasını göstərmiş oluruq: “Qeyd etmək istərdim ki,
bu layihələr Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın təşəbbüslərindən biridir”.
Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti Akif Əlizadə vurğuladı ki, sərgi Azərbaycan elminin
uğurlarının bariz
nümunəsidir: “Azərbaycan və Fransa
arxeoloqları on il
müddətində bu
araşdırmaları aparıblar. Düşünürəm
ki, bu sərgi eyni zamanda Azərbaycan arxeologiya elminin dünya elminə töhfəsidir”.
Qonaqlar daha sonra sərgi ilə
tanış oldular. Sərgidə Fransa və Azərbaycan
mütəxəssislərinin Tovuz, Ağstafa, Lənkəran, Lerik
və Naxçıvan regionlarında apardıqları
birgə elmi ekspedisiyaların
nəticələri nümayiş olunur. Azərbaycan-Fransa arxeoloji
ekspedisiyası 2006-cı ildən fəaliyyət
göstərir. Ekspedisiya 2006-2013-cü
illərdə Ovçulartəpəsi və Duzdağda,
2013-cü ildən başlayaraq isə
Kültəpə və onun
ətrafında araşdırma aparır.
Birgə ekspedisiyanın son on ildə
nəticələri xüsusilə əhəmiyyətli olub. 2008-ci ildən Azərbaycan və Fransa arxeoloqlarının Tovuz
bölgəsində yerləşən Menteştəpə arxeoloji abidəsində apardığı
tədqiqatlar zamanı qədim yaşayış
məskənində Neolit
dövründən Erkən Tunc
dövrünə qədər uzun bir tarixi
mərhələnin mövcudluğu
üzə çıxarılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli
Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə
səyləri ilə Lerik rayonunun
Mondigah kəndi ərazisində
aparılmış arxeoloji
qazıntılar zamanı 200-dən çox
maddi mədəniyyət nümunəsi
tapılıb.
Qədim yaşayış
məskəni Fransadan olan
Morqan qardaşlarının 120 il əvvəl Lerik rayonu ərazisində kəşfiyyat xarakterli qazıntı işlərinin
nəticəsi kimi əldə olunan xəritə əsasında aparılan
tədqiqatlar zamanı aşkarlanıb.
Azərbaycan-Fransa
birgə arxeoloji tədqiqatlarına həsr olunmuş sərgi
avqustun 1-dək nümayiş olunacaq.
Sərgi
ilə tanışlıqdan sonra nazir tədbir
iştirakçılarını Milli İncəsənət
Muzeyinin zallarına baxmağa dəvət etdi. Qonaqlar muzeyin
zəngin ekspozisiya zalları ilə maraqla tanış oldular.
Mədəniyyət.-
2019.- 5 iyul. S. 1.