İşgüzar
görüşlər, səmərəli fikir
mübadiləsi
“Azərbaycan zəngin mədəni irsi ilə ən yüksək nominasiyalara
layiqdir”
İyulun
4-də Dünya İrs Komitəsinin 43-cü
sessiyasının sədri, mədəniyyət naziri
Əbülfəs Qarayev ilə “Evropa Nostra” – Avropada Mədəni
İrsin Qorunması üzrə Təşkilatın baş
katibi Sneşka Kaedvlieq Mixayloviç arasında
görüş keçirildi.
Əbülfəs
Qarayev mötəbər tədbirdə iştirakına görə
qonağa təşəkkürünü bildirdi, ölkəmizin
mədəni zənginliklərindən söz açdı.
S.Mixayloviç səmimi qəbula
görə təşəkkür edərək təşkilatın
fəaliyyəti haqqında məlumat verdi.
Bildirdi ki, 2002-ci ildə
Avropa Birliyi tərəfindən
yaradılan qurum mədəni irsin araşdırılması ilə məşğul
olur. Hər il baş katibliyin
mükafatlandırma mərasimi keçirilir.
Bu il növbəti
mükafatlandırma oktyabr ayında Parisdə
təşkil olunacaq. Qonaq
Azərbaycanı bu mərasimdə iştiraka dəvət etdi.
Bildirdi ki, Azərbaycan
öz zəngin mədəni irsi ilə bu sahədə
ən yüksək nominasiyalara layiqdir.
Nazir qonağa təklifinə görə
təşəkkür edərək diqqətə
çatdırdı ki, Azərbaycanın
mədəni irsi ilə bağlı nazirlik tərəfindən innovativ
proqramlar həyata keçirilir.
Əbülfəs Qarayev Avropa
İttifaqı ilə birgə həyata keçirilmiş
Tvinninq layihəsi ilə bağlı məlumat
verdi. Mədəni irs
sahəsində görülən işlər, gənclərin
mədəni irsin qorunmasına cəlb
olunması ilə bağlı layihələrin həyata keçirildiyi diqqətə
çatdırıldı.
Daha sonra
qonaq mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” ilə bağlı fikirlərini bölüşdü. Bu
platformanın beynəlxalq miqyasda böyük rəğbət doğurduğunu
vurğuladı.
Görüş zamanı təşkilatla
əməkdaşlıq məsələləri müzakirə
edildi. Mədəni irsin
araşdırılması və Azərbaycanın bu sahədəki təcrübəsindən söz açıldı.
“Füzuli kimi dahi şair ortaq dəyərimizdir”
Mədəniyyət naziri
Əbülfəs Qarayev iyulun
4-də İraq Respublikasının Mədəniyyət
naziri Abdulameer Madhi ilə görüşdü.
Qonağı
səmimi salamlayan Əbülfəs Qarayev İraq nümayəndə
heyətinin sessiyada iştirakını yüksək dəyərləndirdi.
İraqlı nazir iki ölkə arasında münasibətlərin qədim kökləri olduğunu bildirdi. Qeyd etdi ki, tarix boyu Azərbaycan və İraq arasında siyasi və mədəni əlaqələr mövcud olub. İraqda yaşayan Azərbaycan türkləri keçmişdən bu günə öz mədəniyyətlərini təbliğ edirlər: “İki xalq arasında ortaq dəyərlər də mövcuddur ki, buna misal olaraq təkcə Füzuli kimi dahi şairimizi qeyd edə bilərik. Buna görə də ölkələrimiz arasında həmişə bir doğmalıq olub. Bu gün də biz İraq dövləti olaraq tarixdən gələn münasibətləri inkişaf etdirmək arzusundayıq”.
Nazir Əbülfəs Qarayev qonağın fikirlərinə şərik
olduğunu bildirdi.
Əlavə etdi ki,
İraqın beynəlxalq tədbirlərdə aktiv
iştirakını görmək böyük
məmnunluq yaradır: “Biz Azərbaycan
dövləti olaraq İraq
xalqının hər zaman sülh
və əmin-amanlıq şəraitində
yaşamağı arzulayırıq”.
Nazir
iki ölkə arasında mədəniyyət sahəsində
razılaşmanın yenilənməsi və daha da
inkişafı ilə bağlı fikirlərini
bölüşdü, İraq tərəfini bu ilin
payızında Azərbaycanda təşkil olunacaq İslam
ölkələrinin konfransında iştiraka dəvət
etdi.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı.
Qonaq Dünya İrs Komitəsinin sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirdi.
FARİZ
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 1-2.