Sessiyada mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat müzakirə edilib

Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib. Sessiyanın növbəti günündə Dünya irsi siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.

Tədbiri açan sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabat haqqında məlumat verib.

İştirakçı ölkələrin nümayəndələri Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətindən söz açıblar. Tədbirdə Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bildiriblər.

Strateji ətraf mühitin qiymətləndirilməsinin vacibliyindən və bu istiqamətdə görülən işlərdən söz açılıb. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır. Bütün layihələr monitorinq qrupunun tövsiyəsi əsasında həyata keçirilməlidir. İqtisadi inkişaf və ətraf mühit arasındakı əlaqə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunlar qarşılıqlı şəkildə müzakirə olunmalıdır. Suhava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.

Günün birinci yarlısında Hindistan ilə Banqladeşin sərhədində yerləşən, dünyanın ən böyük manqrov meşəsi olan Sundarbanda elektrik stansiyasının tikintisinə dair müzakirələr aparılıb. Bildirilib ki, Banqladeş hökumətinin apardığı bu tikinti ətraf mühitə və milli irsə böyük təhlükədir. Bununla bağlı bir çox ölkələr öz fikir və təkliflərini səsləndiriblər. Qeyd edək ki, meşənin Hindistandakı hissəsi milli park elan edilib və 1997-ci ildə UNESCO-nun Dünya irsi siyahısına salınıb. Bu məsələ ilə bağlı işçi qrup yaradılıb və onlar gün ərzində Sundarbanda elektrik stansiyasının tikintisi ilə bağlı hesabatın müvafiq bəndinə dəyişiklik edəcəklər və bu məsələyə yenidən baxılacaq.

Üzv ölkələr müzakirələr zamanı diqqətə çatdırıblar ki, milli parkların qorunması ilə əlaqədar mənbələrin çirklənməsi məsələləri diqqətdə saxlanılmalı, qoruyucu tədbirlər görülməlidir. O cümlədən dəniz dibinin dərinləşməsi, monitorinq, tərəflərin idarəçilik planı və milli parklarda qorunan heyvanlarla bağlı əlavə tədbirlər həyata keçirilməlidir.

Sonra gündəliyə uyğun olaraq Vyetnamda Phong Nha Ke Bang milli parkı ilə bağlı məsələ müzakirə edilib. Vurğulanıb ki, parkda tikinti işlərinin aparılması planlaşdırılır və bu, ərazidə florafaunaya mənfi təsir göstərə bilər. Milli parkın Dünya İrs Komitəsi tərəfindən nəzarətə götürülməsi və buna qarşı addımlar atması təklif edilib. Vyetnamın təmsilçisi çıxışı zamanı bildirib ki, bu mövzuda təhdidlərin yaranmaması üçün komitə ilə razılıq əldə olunub. Üzv ölkələr Vyetnamın qabaqlayıcı tədbir görməsini müsbət qiymətləndirib və təklifləri dinlənildikdən sonra müvafiq qərar qəbul olunub.

Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətinin müzakirəsi zamanı da Avstraliya, Hindistan, İndoneziya və Yaponiyanın meşə massivləri ilə bağlı məsələ müzakirə olunub. Daha sonra Kanadada Meşə Öküzü Milli Parkının dağılmaq üzrə olması haqqında məsələyə baxılıb. Milli park ərazisində yaşayan yerli icmanın nümayəndəsi bu məsələyə xüsusi diqqətin ayrılmasını xahiş edib. Bundan başqa, Latın Amerikası və Karib regionunun milli parklarının mühafizəsi məsələləri də müzakirə olunub.

***

Günün ikinci yarısında işini davam etdirən sessiyada ərəb dövlətləri regionunda qarışıq irslə bağlı hazırlanmış qərar müzakirəsiz qəbul edilib.

Sonra Şimali Makedoniyadakı Oxrid gölüonun ətrafında təbii-mədəni duruma olan təhdidlər geniş müzakirələr doğurub. Bununla bağlı Dünya İrs Komitəsinin hazırladığı hesabat dinlənilib. Hesabatda vurğulanıb ki, urbanizasiyanın və turizmin inkişafı, gölün ətrafındakı monastır-kilsənin yeni tikilən binalar tərəfindən sıxışdırılması həmin ərazinin qorunmasını təhdid edir. Hələ 40-cı, 41-ci sessiyalarda qərar qəbul edilsə də, Oxrid gölü ilə bağlı konservasiya işləri lazımınca aparılmayıb. Çıxış edən ölkələrin nümayəndələri Şimali Makedoniyaya vəziyyəti düzəltmək üçün daha bir müddət vaxt verilməsini təklif ediblər. Vurğulanıb ki, əgər Dünya İrs Komitəsinin tövsiyələri nəzərə alınmazsa, o zaman Oxrid gölü təhlükə ilə üzləşən obyektlər siyahısına daxil ediləcək.

Sessiyada Tanzaniya və Tunisdəki unikal təbii mühitinarxeoloji zonanın qorunması da müzakirə edilib.

Maraq doğuran növbəti məsələ Qazaxıstandakı Xoca Əhməd Yəsəvinin məqbərəsi ətrafında bufer zonanın vəziyyəti ilə bağlı olub. Qırğızıstan və Azərbaycan nümayəndələri Türküstan şəhərində görülən abadlıq işlərinin abidəyə heç bir zərər verməyəcəyini vurğulayıblar. Qazaxıstan hökumətinin gördüyü işlər müsbət qiymətləndirilib, tikinti işlərinin məqbərədən kənarda aparıldığı təsdiq edilib. Bu abidənin təhlükə siyahısına daxil edilməsinə ehtiyac olmadığı vurğulanıb.

Müzakirə zamanı İCOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) təmsilçisi tövsiyə edib ki, Xoca Əhməd Yəsəvi məqbərəsi ətrafında konservasiya zonası genişləndirilsin. Beynəlxalq Memarlar İttifaqının nümayəndəsi Türküstan şəhərinin inkişafı ilə bağlı məqbərəni qorumağın vacibliyini vurğulayıb və sonda təkliflər hazırlanan qərar layihəsində nəzərə alınıb.

 

LALƏ

GÜLCAHAN

Mədəniyyət.- 2019.- 5 iyul. S. 1;3