El sənətkarları
ilə görüş üçün
meydana gəl!...
Bakıda
Respublika Sənətkarlıq Festivalı
başlanıb
Bakıda I Respublika
Sənətkarlıq Festivalı keçirilir.
Gənc Tamaşaçılar Teatrının
qarşısındakı meydanda,
vaxtilə Ticarət (Torqovı) adı ilə tanınan Nizami küçəsində yan-yana
düzülmüş
köşklərdə ölkənin müxtəlif
bölgələrindən gəlmiş el
sənətkarları öz əl
işləri ilə festivala
qatılıblar.
İyulun
3-də açılışı keçirilən festival UNESCO-nun Dünya İrs
Komitəsinin 43-cü sessiyası
çərçivəsində təşkil olunub.
Layihə Azərbaycan mədəniyyətini ən çeşidli tərəflərdən nümayiş etdirmək,
sənətkarları əlinin qabiliyyəti, təxəyyülünün
zənginliyi və zəhmətsevərliyi ilə tanıtmaq
niyyəti ilə keçilir.
... Festivalın rəsmi
açılışından bir
qədər öncə, iştirakçıların öz piştaxtalarının arxasında
yerlərini rahatladığı, musiqiçilərin
alətlərini və səsgücləndiriciləri
sazladığı vaxtdan biz
də burdayıq. Digər sərgilərdən
tanıdığımız sənətkarlarla
salamlaşır, açıq səma altında qurulmuş bu pavilyonda da əlini
işindən soyutmayan ustaların
məharətinə tamaşa edirik. Axşam
başmaqseyrinə çıxan şəhər əhalisi,
Bakını gəzən turistlər uzaqdan
gəl-gəl deyən şux rəngli
plakatları, rəmzi giriş
qapılarını görüb
yollarını burdan salırlar. Milli geyimlərə, papaqlara
baxan kim, toxunma oyuncaq və çantalara maraq
göstərən kim... Burada
adi məişət əşyası da tapmaq olar,
zərgərlik məmulatı da, həsir
bazar çantası da,
Azərbaycanı hər zaman yada salacaq miniatür
milli musiqi
alətləri də...
Festivalın rəsmi
açılış məqamı yaxınlaşır.
Mədəniyyət naziri
Əbülfəs Qarayev, nazirlik
rəsmiləri, ölkədəki diplomatik
korpusun nümayəndələri, Dünya İrs
Komitəsinin 43-cü sessiyasında iştirak
edən əcnəbi qonaqların bir qismi festival-yarmarka
məkanına yaxınlaşırlar. Nazir
əvvəlcə festival
iştirakçıları ilə görüşüb
onların sənət bazarına çıxardığı
məhsullarla, təmsil etdikləri qurum
və bölgə ilə maraqlanır. Hətta
sənətkarların ona hədiyyə
etmək istədikləri sovqatlardan “bu, satış yarmarkasıdır”
deyərək imtina
edir.
Satış demişkən, qonaqlar arasında
sənətkarlarımızın əl işlərinə maraq göstərən, necə
deyərlər, əlini cibinə salan da az deyil.
Taxtadan yonulmuş,
nəfis işləməli tar-kaman-dəf
üçlüyünə maraq
göstərənləri daha yaxşı
başa düşmək olar.
Suvenir kimi
ölçücə yığcam, mənaca dərin,
üstəlik, ola bilsin
ki, dünyanın heç
yerində tapılmayacaq interyer
bəzəyidir. Yəqin ki,
illər öncə Azərbaycan muğamının,
ardınca tar və kamança
ifaçılıq sənətlərinin UNESCO-nun
Qeyri-maddi mədəni irs
siyahısına salınması da Dünya İrs
Komitəsinin Bakı sessiyasına qatılanların bir çoxunun
yadındadır...
...Əl işi olan bijuteriyası ilə festivala
qatılmış bir xanım demə, başqa sahənin də ustası imiş. Arzu edənlərə
uzaq Hindistanda
yaranıb Azərbaycanda son illər yerini bərkitmiş mehindi
(xına ilə bədən səthinə naxış salma sənəti) naxışları
təklif edir. Sessiya
iclaslarında iştirak edən Çin təmsilçisi gənc bir xanımın həvəslə
əlində xına ilə naxışlı döymə etdirməsi,
nəbati naxışların əlinə
çəkilməsi prosesini heyrət dolu sevinclə izləməsi də
diqqətimizdən yayınmadı. Belə baxanda,
Hindistan Çinlə qonşudur,
amma mehindini
Azərbaycan xanımları daha tez “qavrayıb”. Görünür,
biz bəşəri gözəllik
anlayışına və atributlarına daha
yaxın və daha açığıq.
Festival-yarmarkanın ilkin seyri başa çatır. Açılış mərasiminin aparıcılarından
öyrənirik ki,
festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatlarının
iştirakı, sahibkarlarla
əməkdaşlıq şəraitində
həyata keçirilir.
“İ love Baku” şəbəkəsi, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, Azərbaycan Sənaye Korporasiyası, “Azəriipək” MMC, Səbail
Rayon İcra Hakimiyyəti,
“ABAD”, Yasamal rayon Əlillər
Təşkilatı, Bakı
Milli Geyim Evi, “Türbət” Mədəniyyət Mərkəzi,
“Libraff” mağazalar şəbəkəsi layihənin
tərəfdaşlarıdır. Bakı, Sumqayıt və Abşerondan altmışa
yaxın, digər bölgələrdən isə
qırxadək sənətkar
festival-yarmarkanın iştirakçısıdır.
Həftə sonunadək
hər gün səhər saat 9-dan axşam 9-dək davam edəcək festivalda arzu edənlər ustalardan onların yaradıcılıq sirlərini soruşa,
ustad dərslərinə
də qoşula bilərlər. Axşamlar isə burada
Mədəniyyət Nazirliyinin
tabeliyindəki təşkilatların,
yaradıcı birliklərin
iştirakı ilə
konsertlər təşkil
olunacaq.
Bu məlumatlar toplaşanlara
çatdırıldıqdan sonra mədəniyyət naziri Əbülfəs Qarayevə söz verilir. Nazir çıxışına
minnətdarlıq sözləri
ilə başlayır:
- Mən
bütün sənətkarlara
təşəkkür edirəm
ki, bu xalq
sənətlərini yaşadırlar,
yaradıcılıqlarını davam etdirirlər. Bütün təşkilatçılara da
təşəkkür edirəm.
Biz ilk sənətkarlıq festivalını məhz bu günlərə ona görə saldıq ki, hazırda Bakıda
150-dən çox ölkədən
üç minədək
qonağımız var. Onlar UNESCO-nun Dünya
İrs Komitəsinin
43-cü sessiyasında iştirak
etmək üçün
ölkəmizdədirlər. İnanıram ki, bu
festival xalq dekorativ-tətbiqi
sənəti ilə məşğul olan sahibkarlar üçün
mühüm tədbir,
onların öz məhsullarını xarici
bazara çıxarmaq
üçün şansdır.
Əminəm ki, belə silsilə tədbirlər Azərbaycanda mədəni
turizmin inkişafını
sürətləndirir. Ölkə Prezidenti cənab İlham Əliyevin siyasəti Azərbaycanı,
Bakını dünyanın
ən cəlbedici məkanlarından birinə
çevirməkdir. Mən hesab
edirəm ki, mədəni turizm marşrutu özlüyündə
çox vacib amildir və bizim sənətkarlarımız
bu marşrutun genişlənməsinə öz
töhfələrini verəcəklər.
Çıxış bitincə
festivalın ilk gününün
birinci musiqi sovqatı “Dədə-baba”
qrupundan gəldi.
Yeri gəlmişkən,
bir daha xatırladaq ki, I Respublika Sənətkarlıq
Festivalı iyulun
7-dək davam edəcək. Ünvanı da yazının
əvvəlində qeyd
etmişik. İnsanı
kökünə qaytaran,
“bəlkə mən də bacararam” kimi xeyirli şübhələrə
salan festival-yarmarkaya baş çəkməyi
unutmayın...
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 5 iyul. S. 4.