Abidə
Menecerləri Forumunun bağlanış mərasimi
İyulun
3-də Dünya İrs Komitəsinin 43-cü sessiyası
çərçivəsində Bakıda keçirilən
Abidə Menecerləri Forumunun bağlanış mərasimi
oldu.
Xatırladaq
ki, iyunun 27-də başlayan forum Mədəniyyət Nazirliyi,
UNESCO-nun Dünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin
Mühafizəsi və Bərpasının Öyrənilməsi
üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Mərasimdə
ilk olaraq forum günlərində reallaşan tədbirlər,
aparılan müzakirələr, işçi qrupların birgə
fəaliyyətini əks etdirən hesabat diqqətə
çatdırıldı.
Daha
sonra forum iştirakçıları çıxış edərək
tədbirin əhəmiyyəti, forum çərçivəsində
təşkil olunan müxtəlif tədbirlərlə
bağlı fikir və təəssüratlarını
bölüşdülər. Forumun yüksək səviyyədə
təşkilinə görə Azərbaycan hökumətinə
minnətdarlıq ifadə olundu. Vurğulandı ki, forum təcrübə
mübadiləsi ilə yanaşı, iştirakçılar
üçün Azərbaycanın abidələri və irsi
ilə yaxından tanışlıq imkanı yaradıb.
Təbiətin
Mühafizəsi naminə Beynəlxalq Birliyin (İUCN) direktoru
Tim Badman çıxış edərək forumun təşkilatçılarına
təşəkkürünü bildirdi. Qeyd etdi ki, forumda 50-dən
çox ölkəni təmsil edən 70-ə yaxın
nümayəndə iştirak edib. Tədbir çərçivəsində
dünyada mədəni irsin qorunması üçün əhəmiyyətli
müzakirələr aparılıb, birgə layihələr və
əməkdaşlıq mövzuları təhlil edilib. Direktor
tədbirin bütün iştirakçılarına göstərdikləri
fəallığa görə minnətdarlığını
bildirdi.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Əsgər Ələkbərov çıxış edərək
mədəni irsin qlobal mahiyyətindən bəhs etdi, Abidə
Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin
qurulması və təcrübə mübadiləsi
baxımından önəmini vurğuladı. O, forum
iştirakçılarının “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Milli Tarix-Bədii
Qoruğu və digər tarixi-mədəni məkanlara səfərləri
zamanı aparılan müzakirələri və irsin
qorunması ilə bağlı forumun işçi
qruplarının təkliflərini yüksək dəyərləndirdi.
Daha
sonra Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin
müavini – Beynəlxalq əməkdaşlıq və innovativ
inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə forumun
iştirakçılarına sertifikatlar təqdim etdi.
İştirakçılar
bir daha səmimi qarşılanma və məhsuldar forum
gündəliyinin tərtibinə görə Təşkilat
Komitəsinin sədrinə və üzvlərinə minnətdarlıqlarını
bildirdilər. Qonaqlar Bakıda olmaqlarından məmnunluqlarını
da dilə gətirdilər.
Sonda
xatirə şəkli çəkdirildi.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 3.