Ermənistanın niyyəti Bakı sessiyasında iştirakdan yayınmaqdır

 

    Azərbaycan XİN iddialara cavab verir

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva UNESCO-nun Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara guya Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair KİV-in sualını cavablandırıb.

Leyla Abdullayeva hazırkı sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və UNESCO arasında müvafiq saziş imzalandığını bildirib. O deyib ki, qeyd olunan sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilati məsələlər öz əskini tapıb. Sessiyada iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən UNESCO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.

Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyil. Əgər Ermənistan XİN hələ də Dünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və prosedurları barədə məlumatlı deyilsə, o zaman onların bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə UNESCO Katibliyinə müraciət etmələri yaxşı olardı.

 

Mədəniyyət.- 2019.- 5 iyul. S. 3.