Görkəmli
şərqşünas Rüstəm Əliyevin 90 illiyi qeyd
olunub
İyulun
3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda görkəmli şərqşünas alim,
Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru,
professor Rüstəm Əliyevin 90 illik yubileyi ilə əlaqədar
elmi sessiya keçirilib.
Tədbirdən
öncə institutun əməkdaşları Rüstəm
Əliyevin 2-ci Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Yubiley
tədbirini AMEA-nın İctimai Elmlər Bölməsinin
akademik-katibi, akademik Nərgiz Axundova açaraq Rüstəm
Əliyevin Azərbaycan şərqşünaslığını
dünya miqyasında tanıdan alimlərdən olduğunu qeyd
edib, onun gələcək nəsillər üçün
böyük bir elmi miras qoyduğunu söyləyib.
AMEA-nın
Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli
çıxışında Rüstəm Əliyevi azərbaycanşünas
alim kimi xarakterizə edib və onun nizamişünaslıqda
xidmətlərinin əvəzsiz olduğunu deyib.
“Rüstəm
Əliyevin həyatı və elmi fəaliyyətinin əsas
istiqamətləri” mövzusunda məruzə edən Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik
Gövhər Baxşəliyeva dünya şöhrətli
şərqşünas Rüstəm Əliyevin Azərbaycan
xalqının elm tarixində parlayan zəkalardan olduğunu,
Orta əsrlər İran, Azərbaycan, ərəb və
türk filologiyası sahəsində yüksək intellektə
malik alimin farsdilli ədəbiyyatın tədqiqi və nəşri,
mənbəşünaslıq və mətnşünaslıq
sahələri üzrə apardığı tədqiqatların
əhəmiyyətini vurğulayıb.
Qeyd
edilib ki, alimə şöhrət gətirən, onu Şərq
və Qərb aləmində geniş tanıtdıran
Firdovsinin “Şahnamə”, Ömər Xəyyamın rübailərinin,
Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərlərinin
elmi-tənqidi mətninin tərtibi, tərcüməsi və
tədqiqi olub. Sonralar alim Nizaminin “Sirlər xəzinəsi”nin
elmi-tənqidi mətninin və “Fəzlullah Nəimi Təbrizi
və İmadəddin Nəsimi Şirvaninin fars
divanı”nın tərtibi kimi mühüm elmi işlərin
öhdəsindən gəlib.
Şərqşünaslıq
İnstitutunun İran filologiyası şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa
Məhəmmədi “Dünya miqyaslı iranşünas”
mövzusunda məruzəsində görkəmli şərqşünas
alim Rüstəm Əliyevin elmi
yaradıcılığından, onun İran və farsdilli Azərbaycan
ədəbiyyatının ən möhtəşəm əsərlərinin
elmi-tənqidi mətnlərinin hazırlanmasında, rus və
Azərbaycan dillərinə tərcüməsində müstəsna
xidmətlərindən danışıb.
Rüstəm
Əliyevin tanınmış şərqşünas
M.N.Osmanovla birlikdə Kembric nüsxəsi əsasında
Ömər Xəyyamın rübailərini ruscaya tərcümə
etməsi və farsca mətn, müqəddimə və şərhlərlə
birlikdə nəşr etdirməsi, alimin iranşünaslıq
fəaliyyətinin ən parlaq səhifələrindən biri
kimi Firdovsinin “Şahnamə”sinin elmi-tənqidi mətninin 9
cildlik Moskva nəşrinin 4, 5 və 8-ci cildlərini hazırlaması
xüsusi qeyd edilib.
Tədbirdə
həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri, filologiya üzrə elmlər
doktoru, professor İmamverdi Həmidovun “Rüstəm Əliyev ərəbşünas
kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzələrdən
sonra Rüstəm Əliyevin Moskvada yaşayan oğlu Med
Əliyevin tədbir iştirakçılarına
videomüraciəti səsləndirilib.
Akademik
Möhsün Nağısoylu, professorlar Mehdi Kazımov, Vilayət
Cəfərov, Rəhim Əliyev, Mahirə Quliyeva, Şəfəq
Əlibəyli, Şahin Fazil çıxış edərək
Rüstəm Əliyevlə bağlı xatirələrini
bölüşüblər.
Rüstəm
Əliyevin ailəsi adından yaxın qohumu Əli Həsənov
çıxış edərək yubiley tədbirinin təşkilatçılarına
təşəkkürünü bildirib.
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 5.