“Altaydan
Atırauya qədər”
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un
layihəsi üzrə 23-25 iyun tarixində Qazaxıstanın
Atırau şəhərində “Altaydan Atırauya qədər”
Müasir türk musiqisi festivalı keçirilib. Festivalda
iştirak edən Əməkdar incəsənət xadimi,
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar
İttifaqının katibi Sərdar Fərəcov təəssüratını
bizimlə bölüşdü.
Bəstəkar
bildirdi ki, Atırau valiliyi (akimat) və Qazaxıstan Bəstəkarlar
İttifaqının dəstəyi ilə gerçəkləşən
festivalda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Atırau
valisi (akimi) Nurlan Noqayev, Qazaxıstan Bəstəkarlar
İttifaqının sədri Balnur Kadırbek və
türkdilli ölkələrin tanınmış musiqi xadimləri
iştirak edib.
Baş
katib Düsen Kaseinov çıxışı zamanı diqqətə
çatdırıb ki, türk dünyasının dəyərli
musiqi xadimlərini bir araya gətirən festival gələcəyə
olan planlarımızı birgə müzakirə etməyə
şərait yaradır.
Sərdar
Fərəcov: “Atırauda keçirilən festival türk mədəniyyətinin
ölkələrimiz arasında təbliğinə
böyük töhfə idi. Festivalda “Narın” Qazax Xalq
Çalğı Alətləri Orkestrinin ifasında türk
dünyasının böyük bəstəkarlarının əsərləri
səsləndirildi. Festivalın qonaqları və
iştirakçıları Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Özbəkistan,
Tatarıstan, Başqırdıstan, Xakasiya, Uyğur musiqi
örnəklərinin təqdim olunduğu gecədə
türk xalqlarının musiqi mədəniyyətinə səyahət
etmiş oldular”.
Həmsöhbətim
bildirir ki, Qazaxıstanda 17 orkestr fəaliyyət göstərir
və qaydalara əsasən bir orkestr yeni əsər ifa edirsə,
bütün orkestrlər həmin əsərləri ifa edirlər.
Demək, bu festival çərçivəsində səslənən
bütün əsərlər Qazaxıstanın şəhərlərində
ifa edilərək təbliğ ediləcək: “Festivalda mənim
“Koroğlu əfsanəsi” simfonik freskam və bəstəkar
İlham Azmanlının “Azərbaycan bayrağı” əsəri
də səsləndi. “Azərbaycan bayrağı” əsərini
Qazaxıstanın Abay adına Opera və Balet Teatrının
solistləri, tanınmış vokalçılar Gulzat
Daurbayeva ve Darhan Joldıbayev ifa etdi. Hər dəfə
mahnının nəqarətində “Azərbaycan
bayrağı” sözləri təkrarlananda salonda alqış
sədaları eşidilirdi. Atırau şəhərinin valiliyi
qazax şeirinin 10 cildlik antologiyasını qonaqlara hədiyyə
etdi. İnanıram ki, Üzeyir bəyin ev-muzeyinə hədiyyə
olan bu antologiya ədəbiyyatsevərlərə də
böyük töhfə olacaq. Yüksək səviyyədə
təşkilatçılıqla gerçəkləşən
festivalda yeni əsərlərin təqdim olunması ilə
yanaşı, müxtəlif ölkələrdən həmkarlarımızla
fikir mübadiləsi ilə də yadda qaldı və türk
dünyası musiqiçilərinin növbəti
görüşlərinin keçirilməsi arzusu ilə
yekunlaşdı”.
Sərdar
Fərəcov onu da qeyd etdi ki, türk dünyasının
növbəti musiqi bayramları Başqırdıstanda
keçiriləcək Türk xalqları çağdaş
musiqi festivalı və Tatarıstanda təşkil ediləcək
Avrasiya musiqi festivalı olacaq.
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 6.