“Şəxsiyyətin
tarixi”
Xalq yazıçısı Anar
haqqında kitabın təqdimatı
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanasında “Anar – 80... Şəxsiyyətin tarixi”
kitabının təqdimatı keçirilib.
AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
çıxış edərək Xalq
yazıçısı Anarın ədəbiyyatımızın
inkişafına töhfələrindən danışıb.
Bildirib ki, XX əsrdə Azərbaycanda
“altmışıncılar” ədəbi nəslinin fəaliyyətində,
70-80-ci illərdə ədəbi-ictimai mühitdə
ümummilli ideallar uğrunda aparılan mübarizədə və
nəhayət, müstəqillik dövründə yeni ədəbiyyatın
yaradılmasında, bədii fikrin ölkə maraqlarına
istiqamətləndirilməsində Xalq
yazıçısı Anarın mühüm xidmətləri
var.
“Son
altmış ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının
keçdiyi keşməkeşli və şərəfli yolun məsuliyyətini
də, uğurlarını da Anarın
yaradıcılığı olmadan təsəvvür etmək
çətindir”, - deyə akademik İsa Həbibbəyli
vurğulayıb.
Kitabın
tərtibçisi və ön sözünün müəllifi
Gülxani Pənah (Şükürova) bildirib ki, nəşrdə
ömrünü xalqına, dövlətinə, onun ədəbiyyatının,
mədəniyyətinin inkişafına həsr edən
yazıçının ünvanına gələn yüzlərlə
təbrik teleqramlarının, məktubların, haqqında
yazılan məqalələrin bir qismi toplanıb.
Azərbaycan
Dillər Universitetinin rektoru, Xalq yazıçısı,
akademik Kamal Abdulla ədəbiyyatımızda Anarın
çoxşaxəli yaradıcılığının
özünəməxsus yeri olduğunu vurğulayıb.
Kitabın
elmi redaktoru – Milli Məclisin deputatı, filologiya üzrə
elmlər doktoru Jalə Əliyeva Anarın əsərlərinin
gənc nəslin tərbiyəsində oynadığı
roldan danışıb. O bildirib ki, yazıçı
yaratdığı əsərlərlə Azərbaycan ədəbiyyatının
zirvəsini fəth edib.
Xalq
şairi Nəriman Həsənzadə, akademik Teymur Kərimli,
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan və digər
çıxış edənlər yazıçının
yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına
verdiyi töhfələrdən danışıblar.
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 7.