“Yaradıcılıq
toxumu elədir ki, bəzən çox gec cücərir”
Rəssamları
digər sənət adamlarından fərqləndirən bir
çox xüsusiyyətlər var. Ən əsası odur ki,
onlar gözlə görünməyən obrazları, əlamət
və simvolları ifadə edə bilirlər.
Ömrünün 30 ilindən çoxunu bu sənətə həsr
etmiş rəssam, Azərbaycanın Rəssamlar
İttifaqının, Karikaturaçı Rəssamlar Birliyinin
üzvü, beynəlxalq sərgi və müsabiqələrin
laureatı Kirman Abdin də belə sənətkarlardandır.
Kirman
Manaf oğlu Abdinov 1959-cu ildə Şahbuz rayonunun Külüs
kəndində anadan olub. 1982-ci ildə Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu,
1988-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki ADMİU) Rəssamlıq fakültəsini
tətbiqi qrafika ixtisası üzrə bitirib. 1989-cu ildən
respublika və beynəlxalq sərgilərin
iştirakçısıdır. 2000-ci ildə Türkiyədə
və 2002-ci ildə İranda beynəlxalq sərgilərə
qatılaraq uğur qazanıb. Əsasən plakat, karikatura və
kitab qrafikası üzrə fəaliyyət göstərən
rəssam 2006-cı ildən Beynəlxalq Karikaturaçılar
Təşkilatları Federasiyasının (FECO) Azərbaycan
qrupunun üzvüdür.
Rəssamla
60 illik yubileyi ərəfəsində görüşüb
ömür və sənət yoluna birlikdə nəzər
saldıq.
-
Kirman müəllim, sizdə rəssamlığa maraq necə
yarandı?
- Rəssamlığa
həvəsim orta məktəbin ibtidai sinfində oxuduğum
zaman yaranıb. Sözsüz ki, rəssamlıq sənətini
seçməyimin ən böyük səbəbkarlarından
biri də böyük qardaşım – Azərbaycanın
Əməkdar rəssamı Telman Abdinovdur. Uşaq
vaxtlarımdan onun əl işlərinə baxarkən mən də
gələcəkdə rəssam olmaq qərarına gəldim.
Bu həvəs məni 1976-cı ildə Ə.Əzimzadə
adına Dövlət Rəssamlıq Texnikumuna gətirib
çıxardı. İkinci kursda oxuyarkən hərbi xidmətə
yollandım və qayıdıb təhsilimi davam etdirdim.
Texnikumu bitirdikdən sonra 1982-ci ildə Dövlət İncəsənət
İnstitutunun Rəssamlıq fakültəsinə qəbul
olundum. Çünki düşünürdüm ki, bu sahədə
ali təhsil almasam, sənətin daha da dərinliklərinə
vara bilməyəcəyəm.
-
Daha çox plakat janrında işləyirsiniz. Bunun xüsusi
bir səbəbi varmı?
-
Texnikumda oxuyarkən diplom işim bədii plakat olub. Plakat
janrının sirlərini ilk dəfə mənə öyrədən
müəllimim Əkrəm Həsənzadə olub. Mənim
diplom işimə baxanda dedi ki, sən bu janrı gözəl
duyursan. Plakat yaradıcılığı o qədər də
sadə deyil. Bu janrda əsas iş ideya və təxəyyüldür.
Plakat janrında ilk uğurum tələbə olarkən sərgidə
iştirak etməyim oldu. “Reyqansayağı estetika” adlı
işim sərgidə 3-cü yerə layiq görüldü. Təcrübəli
rəssamların iştirak etdiyi bu sərgidə mükafat
qazanmağım mənim üçün böyük uğur
idi.
-
Bildiyimə görə, ilk fərdi sərginizi son illərdə
açmısınız...
-
2012-ci ilin may ayında Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda “Əsrlərin
yaddaşı – nəsillərin yaddaşı” adlı ilk bədii
plakat sərgim açıldı. Sərgidə 50-dək əsərim
nümayiş olundu. “Bakı, 20 Yanvar, 1990”, “Yetər
parçalanmaq”, “Dünənimdən bu günümə gələn
yol”, “Qan yaddaşı”, “Əsrin müqaviləsi”, “Daş
olsaydım əriyərdim, torpaq idim dayandım” və s. əsərlərim
xüsusi maraqla qarşılandı. Həmin il metronun “20
Yanvar” stansiyasında faciənin (1994-cü ilin 19
martındakı terror hadisəsi – red.) ildönümü ilə
bağlı sərgim təşkil edildi. 2016-cı ildə isə
Rəssamlar İttifaqının sərgi salonunda Xalq şairi
Məmməd Araza həsr etdiyim “İsinsin azacıq bu daş
duyğular” adlı üçüncü sərgim keçirildi.
Bu sərginin davamı olaraq həmin il Naxçıvan Rəssamlar
Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda da əsərlərim
nümayiş olundu.
- Məmməd
Araz poeziyası yaradıcılığınızda xüsusi
yer tutur...
-
Böyük şairin hələ sağlığında onun əsərlərinə
rəsmlər çəkməyi çox istəmişəm.
Amma həmin vaxt məndə istədiyim ideya yaranmadı.
Yaradıcılıq toxumu elədir ki, bəzən çox
gec cücərir. Məmməd Araz poeziyasının sətiraltı
mənaları zəngindir. Nəhayət, 2016-cı ildə Məmməd
Araza həsr etdiyim sərgim gerçəkləşdi. Sərgi
böyük maraq doğurdu. Sonra şairə həsr etdiyim
bütün əsərlərim “Məmməd Araz qrafik albomu”
adı altında çap olundu. Bu işlər arasında ən
maraqlı nümunə ölməz şairin məşhur
şeiri əsasında yaratdığım “Dünya sənin,
dünya mənim, dünya heç kimin” triptixidir. Bu əsərdə
modern kubizmə yenilik gətirməyə
çalışmışam.
- Gənc
rəssamların yaradıcılığı, sənətə
baxışları sizdə nə kimi təəssürat
doğurur?
-
Hazırda gənclərin çoxu konseptual incəsənətlə
məşğul olur və təəssüf ki, əksəriyyətində
sənət duyumu ürəkaçan səviyyədə
deyil. Hərdən düşünürəm ki, nə
yaxşı müəllim deyiləm. Çünki əgər
tələbədə sənət duyumu olmasa, onda necə dərs
keçərdim? Rəssamlıq üçün təhsil
lazımdır. Ancaq istedad, sənət duyumu, bədii təxəyyül
yoxdursa, bu sahədə iz qoymaq qeyri-mümkündür.
-
Yaradıcılığınızda nə kimi yeniliklər
var?
- Bu
ilin payızında İmadəddin Nəsiminin anadan
olmasının 650 illiyi ilə əlaqədar keçiriləcək
sərgiyə hazırlaşıram. Sərgi üçün
piroqrafiya (od vasitəsilə ağac və digər materiallar
üzərində dekorativ-tətbiqi iş – red.) üsulu ilə
4 yeni əsər işləmişəm. Piroqrafiya ilə
işlənən rəsmlər daha uzun müddət qalır.
Mən də Nəsimi yaradıcılığına həsr
olunan işlərimin uzun zaman qalması üçün məhz
bu üsuldan istifadə edirəm.
-
Kirman müəllim, 60 illik yubileyiniz münasibətilə sizə
möhkəm cansağlığı və yeni yaradıcılıq
uğurları arzulayırıq.
-
Çox sağ olun. Mən də “Mədəniyyət” qəzetinin
kollektivinə təşəkkürümü bildirir, nailiyyətlər
diləyirəm.
Söhbətləşdi: Nurəddin
MƏMMƏDLİ
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 7.