“İstanbula
mənim də gözümlə baxarsız!”
Azərbaycanın
hüdudlarından kənarda yaşayıb
çalışan, tanınan bir çox elm, mədəniyyət
xadimlərimiz olub. Onlardan
biri də türkoloq-alim
Əkbər Babayevdir. O, 55 il
ömür sürüb,
maraqlı həyat yolu keçib.
Moskvada yaşasa da, bütün qəlbi ilə
Azərbaycana bağlı olub. Nazim Hikmət
yaradıcılığının tədqiqatçısı
kimi tanınıb.
Əkbər Ağarza oğlu Babayev 10 iyul 1924-cü ildə Gəncədə dünyaya göz açır. Valideynləri ilk gündən onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurlar. 5 yaşında birinci sinfə gedir, 15 yaşında orta məktəbi başa vurur. Yaşı az olduğundan ali məktəbə sənəd verə bilmir. Atası onun sənədlərində düzəliş etdirir və yaşını bir il artırırlar. Beləliklə, Əkbər 1939-cu ildə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Ancaq çox keçmir II Dünya müharibəsi başlayır. Əkbər Babayev vəziyyətlə əlaqədar hərbi-tərcüməçilik ixtisasına dəyişilir. Kursu bitirdikdən sonra cəbhəyə göndərilir. 1942-ci ildə Xarkov ətrafında gedən döyüşlərin birində ağır yaralanır və xəstəxanaya düşür.
Sağaldıqdan sonra Bakıya dönür və təhsilini davam etdirir. Eyni zamanda Azərbaycan Radio Verilişləri Komitəsində çalışır. Hazırladığı məzmunlu publisistik materiallarla dinləyicilərin rəğbətini qazanır. 1946-cı ildə Moskvaya gedir, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Türk şöbəsi nəzdində aspiranturaya qəbul olur. Akademik V.Qordlevskinin rəhbərliyi altında Nazim Hikmətin yaradıcılığı mövzusunda dissertasiya üzərində işləyir. Eyni zamanda Moskva Radio Verilişləri Komitəsində çalışır. 1947-ci ildə atası “pantürkist” kimi həbs edilir. Bu, Əkbər Babayevin elmi fəaliyyətinə çox mane olur. 1951-ci ildə Nazim Hikmət Moskva şəhərinə gəlir. Bu hadisə Əkbər Babayevin elmi fəaliyyət yoluna bir işıq salır. Hazır olan dissertasiyanın müdafiəsinə imkan yaradılır. Hətta Nazim Hikmətlə əlaqə yaratmağa icazə verilir. Görkəmli alimlərin təklifi ilə bu sahədə tədqiqatlarını davam etdirir. O, Nazim Hikmətin 8 cildlik əsərlər toplusunun nəşrinə rəhbərlik edir. Səmərəli elmi-tədqiqat və ədəbi yaradıcılıq fəaliyyəti ilə yanaşı, Türkiyə ilə ədəbi və mədəni əlaqələrin genişlənməsi sahəsində faydalı xidmət göstərir.
Şərqşünaslıq
İnstitutunda apardığı elmi işlə yanaşı,
Əkbər Babayev istedadlı tərcüməçi kimi də
fəaliyyət göstərir. Nazim
Hikmət, Əziz Nesin və başqa türk ədiblərinin
əsərlərini rus dilinə tərcümə
edir. Həmçinin tərcümə əsərlərini
redaktə edir. O, Azərbaycan ədəbiyyatı
nümunələrinin rus dilinə tərcüməsi,
Moskva nəşriyyatlarında çap edilib geniş yayılması sahəsində də xeyli işlər görür.
“Azərbaycan poeziyası antologiyası”nı Moskvada
rus dilində Xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə
çap etdirir. Türkoloq ömrünün
sonunadək Moskvada Şərqşünaslıq
İnstitutunda çalışır.
Araşdırmalardan
məlum olur ki, Əkbər Babayev Türkiyəyə mənən
çox bağlı olub. Qeyd edilir ki, bu
məhəbbəti onda Nazim
Hikmət oyadıb. Bu bağlılıq onun Türkiyə ədəbiyyatı və mədəniyyətinə
həsr etdiyi elmi əsərlərində
çox qabarıq görünüb.
Görkəmli alimin evinə
gələn hər kəs özünü
Türkiyədəki kimi hiss
edərmiş. Çünki qonaq otağının qapısını
müğənni Əməl Sayının hədiyyə etdiyi imzalı böyük
posteri, Nazim Hikmətlə
çəkdirdiyi fotoşəkli, türk
yazıçılarının kitabları və s. bəzəyib.
70-ci illərdə Türkiyə Yazarlar Birliyinin sədri Əziz Nesin və Fazil Hüsnü ona ölkəyə gəlmək üçün dəvət göndərirlər. Amma Əkbər Babayevə Türkiyəyə getməyə icazə verilmir. O, hər dəfə Türkiyəyə gedən dostlarına “İstanbula mənim də gözümlə baxarsız!” deyərmiş. Təəssüf ki, çox sevdiyi Türkiyəni, az qala bütün küçələrinin adını əzbər bildiyi İstanbulu görmədən 12 sentyabr 1979-cu ildə Moskva şəhərində vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 7.