“Avropanı qayaüstü incəsənətlə gəzək”
Portuqaliyanın Foz Koa
qaya təsvirləri Qobustanda
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Avropanı qayaüstü incəsənətlə gəzək” adlı sərgi açılıb. İyulun 5-də keçirilən sərgi Portuqaliyanın UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş qədim incəsənət abidəsi – Foz Koa qayaüstü təsvirlərinə həsr olunub.
Mərasimdə çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Qobustan qoruğunun dünyada tanıdılması üçün müxtəlif layihələr icra olunur, əməkdaşlıq əlaqələri qurulur. Bu sərginin təşkil olunması da Qobustan qoruğu və Foz Koa qoruğu arasında əməkdaşlığın başlanğıcı olacaq. Bu əməkdaşlığın gücləndirilməsi məqsədilə oktyabr ayında Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunacaq.
Foz Koa qoruğunun direktoru Buruno Navarro bildirib ki, bu tarixi məkandakı qayaüstü rəsmlərin yaşı 20-30 min ili əhatə edir. Onun sözlərinə görə, Avropanın iki ən böyük açıq səma altında qayaüstü incəsənət abidəsi olan Qobustan və Foz Koa arasında arxeoloji kontekstə bənzər cəhətlər var. Tədqiqatçılar xüsusilə bu iki abidədə nəsli kəsilmiş ibtidai öküz təsvirlərinin stilistik və xronoloji bənzərliyini vurğulayırlar.
Qonaq sərginin Qobustan qoruğu ilə əlaqələrin inkişafı üçün əhəmiyyətli olacağını bildirib: “Budan sonra qarşılıqlı səfərlərin, sərgilərin təşkili, təcrübə mübadiləsinin aparılması istiqamətində çalışacağıq”.
Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar. Sərgidə Foz Koa dərəsində qayaüstü təsvirlərin aşkar olunması, onların qorunması uğrunda ictimaiyyətin mübarizəsi, bu qayaüstü incəsənətin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi, burada aparılan arxeoloji araşdırmalar haqqında məlumatlar və illüstrasiyalar əksini tapıb.
Sərgi iyulun 15-dək davam edəcək.
Mədəniyyət.-2019.- 10 iyul.-
S.8.