İki min yaşı olan İpək Yolu beş ildir UNESCO siyahısındadır

 

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyulun 6-da Bakı Konqres Mərkəzində Böyük İpək Yolunun tarixi və mədəni irsinin qorunub saxlanılması ilə bağlı fotosərgi açılıb.

Çin Xalq Respublikası (ÇXR) tərəfindən təşkil olunan sərgi qədim İpək Yolunun Dünya irs siyahısına salınmasının 5-ci ildönümünə həsr edilib. Tədbirdə ÇXR-in Mədəni İrsin Qorunması üzrə Dövlət İdarəsinin rəhbəri Lyu Yoycoy Azərbaycanın sessiyaya yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb, Bakıda müzakirə olunan məsələlərin dünya mədəni irsinin qorunması baxımından əhəmiyyətini qeyd edib.

Fotosərgi barədə danışan Lyu Yoycoy deyib ki, əsas məqsəd İpək Yolu üzərində yerləşən ölkələrin tarixi-mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

Digər çıxış edənlər də sərgini tarixi İpək Yolu üzərində yerləşən ölkələrin mədəni irsinin təşviqi baxımından yüksək dəyərləndiriblər. Bildirilib ki, iki min il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu, öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, yenə də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayır.

Sərgidə Çinin tarixini və müasir inkişafını əks etdirən 100-ə yaxın foto nümayiş etdirilib.

 

Mədəniyyət.-2019.- 10 iyul.- S.8.