Diplomatik xidmət
orqanlarının yaradılmasının 100 ili
qeyd olunub
İyulun
9-da Azərbaycan Respublikasının diplomatik xidmət
orqanlarının yaradılmasının 100 ili tamam olub.
1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici
İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk
normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti
təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar
diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir.
Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı
ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının
peşə bayramı günü elan edilib.
1919-cu
ildə Bakıda 16 xarici dövlətin, o cümlədən
ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç,
İsveçrə, Belçika, İran, Polşanın
diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
1922-ci
il dekabrın 30-da SSRİ-nin yaradılması haqqında
müqavilə imzalandı. Azərbaycanın müstəqil
xarici siyasət fəaliyyəti tamamilə
dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan
SSR Xalq Komissarları Sovetinin müvafiq əmri ilə,
Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət
göstərən bütün diplomatik nümayəndəliklər
ləğv edildi. Yalnız İkinci Dünya müharibəsinin
sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti
özünün geniş strateji maraqlarını əsas
götürərək digər respublikalarla yanaşı, Azərbaycan
SSR Xalq Xarici İşlər Komissarlığını da
yaratdı. Lakin bu orqan uzun illər
boyu yalnız formal mövcud oldu.
1991-ci il oktyabrın
18-də Azərbaycan müstəqilliyini
bərpa etdikdən diplomatiya tariximizin yeni dövrü başlandı. Ümummilli lider Heydər
Əliyev 1993-cü ildə
xalqın tələbi
ilə hakimiyyətə
qayıtdıqdan sonra,
daxili sabitliyin bərqərar olunması ilə yanaşı, Azərbaycanın beynəlxalq
münasibətlərində yeni səhifələr açıldı.
Ulu öndərin
xarici siyasət xətti bu gün
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkəmiz milli maraqlara
əsaslanan müstəqil,
çoxşaxəli, balanslı
və fəal xarici siyasət yeridir.
Hazırda Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik
missiyaları fəaliyyət
göstərir. Eyni zamanda Azərbaycanın
xaricdə 59 səfirliyi,
beynəlxalq təşkilatların
yanında 5 daimi nümayəndəliyi və
9 baş konsulluğu ölkəmizi təmsil edir.
***
İyulun 8-də ADA Universitetində Azərbaycanın
diplomatik xidmətinin
100 illiyinə həsr
edilən beynəlxalq
konfrans keçirilib.
Xarici işlər
nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev tədbiri açaraq qeyd edib ki,
Azərbaycan Xalq Cümhuriyyəti çətin
bir tarixi yol keçib. Həmin illərdə
diplomatlarımız ölkəmizin
tarixində müstəsna
rol oynayıb. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb. Ulu öndər Heydər Əliyev ən böyük diplomatımız
olaraq, ölkəmizin
həyatında müqayisəyəgəlməz
rol oynayıb.
Konfrans çərçivəsində “Azərbaycanın xarici siyasəti: XX əsrdə
tarixi inkişaf” və “Müasir Azərbaycan və xarici siyasət prioritetləri” mövzularında
panellərdə çıxış
və məruzələr
dinlənilib.
Mədəniyyət.-2019.- 10 iyul.- S.5.