Dünya İrs Komitəsinin 43-cü sessiyasında
Beşinci
iş gününün müzakirə və qərarları
UNESCO-nun Dünya İrs Komitəsinin Bakı Konqres Mərkəzində keçirilən 43-cü sessiyasında iyulun 5-də Dünya irs siyahısına nominasiyaların təqdimatı başlandı.
Sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev iclası açaraq müzakirə olunacaq nominasiyalarla bağlı məlumat verdi. Bildirdi ki, büronun qərarı ilə Avstraliya ilə Bəhreynin nominasiyalarının müzakirəsi 6 iyul tarixinə keçirilib.
Sonra Avstraliya, İspaniya, Norveç, Tunis, Finlandiya, Danimarka, İsveç, Andorra, İsveçrə və digər ölkələrin nümayəndələri çıxış edərək 43-cü sessiyanın işini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirdilər. Dünya irsinin bütün bəşəriyyətə məxsus olduğunu söyləyən natiqlər qeyd etdilər ki, Bakı sessiyasında UNESCO-nun Dünya irs siyahısına daxil edilmək üçün verilən təqdimatlar da bunu sübut edir. Çıxışlarda vurğulandı ki, obyektiv və elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul edilməlidir. Mövcud münaqişələrin milli irsə dağıdıcı təsirinin nəzərə alınması, dünya mədəni irsinin tarazlığının qorunması istiqamətində ciddi işlər görülməsinin vacibliyi bir daha diqqətə çatdırıldı.
Bildirildi ki, öncə təbiət, sonra qarışıq (təbiət və mədəni), sonda isə mədəni irs nominasiyalarına baxılacaq.
Təbiət abidələrindən ilk olaraq Çinin təqdim etdiyi nominasiya – Sarı dənizin sahilində Bohai boğazında miqrasiya edən köçəri quşların təbii sahəsinin Dünya irs siyahısına salınması məsələsi müzakirəyə çıxarıldı. Bu nominasiyanı 18 ölkə dəstəklədi. Beləliklə, Çin və Koreya yarımadası arasında yerləşən bu dəniz sahilində miqrasiya edən köçəri quşların təbii sahəsi Bakı sessiyasında dünya irsi statusu qazanan məkan oldu.
Sonra İran İslam Respublikasının təqdim etdiyi Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olundu. Təbiətin Mühafizəsi naminə Beynəlxalq İttifaqın (IUCN) nümayəndəsi məlumat verdi ki, Hirkan meşələri İranın şimalında Xəzər dənizi sahili boyunca 1 milyon hektardan çox ərazini əhatə edir. Bu meşələrin bir hissəsi Azərbaycana, digəri isə Türkmənistana qədər uzanır. Bu meşələrdə 300-ə yaxın heyvan növü, o cümlədən yoxa çıxmaqda olan heyvanlar yaşayır, 500 növə yaxın quş məskən salıb və ərazinin qorunması vacibdir.
Azərbaycan nümayəndə heyəti İranı nominasiya münasibətilə təbrik etdi. Eyni zamanda diqqətə çatdırıldı ki, ölkəmiz də bu istiqamətdə konservasiya tədbirləri görüb, Hirkan Milli Parkı yaradılıb. Hirkan meşələrinin birgə nominasiya kimi təqdimatı həmsərhəd ölkələrin əməkdaşlıq nümunəsi ola bilərdi. Xatırladaq ki, Hirkan qoruğu 2012-ci ildə Azərbaycan tərəfdən “Dünya irsi üçün ilkin siyahı”ya təqdim edilib.
Müzakirələrdən sonra Hirkan meşələrinin İrana aid hissəsi Dünya irs siyahısına salınıb. Qeyd olunub ki, gələcəkdə Azərbaycan da bu nominasiyaya qoşula bilər. İran nümayəndəsi Azərbaycanla bu istiqamətdə işləməyin mümkünlüyünü vurğulayıb.
Günün müzakirə edilən növbəti nominasiyası Tailandın irəli sürdüyü Ken Kraçan Milli Parkı ilə bağlı fayl olub. Müzakirələrdə bu faylla bağlı iradlar bildirilib və üzv ölkələrin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
***
İyulun 5-də günün
ikinci yarısında nominasiyaların
müzakirəsi davam etdi.
İlk məsələ Fransanın Cənub əraziləri və dənizləri məsələsi idi. Üzv ölkənin təmsilçiləri bildirdilər ki, həmin ərazidə insan məskəni olmasa da, ərazidə yaşayan vəhşi heyvanların nəslinin kəsilməsi təhlükəsi yaranıb. Norveç, Avstraliya, Qvatemala, Tunis nümayəndələri çıxış edərək Fransanın sənəd qovluğunun mükəmməl hazırlandığını və bu məsələni vaxtında araşdırıb təqdim etdiyini vurğuladılar. Sənəd etirazsız qəbul edildi.
İslandiyadakı Vatnayyökyüdl – “Buz və od ölkəsi” milli parkının siyahıya alınması məsələsi də müzakirəsiz qəbul edildi.
Təbiət abidələri ilə bağlı məsələlər bitdikdən sonra qarışıq (mədəni və təbiət) abidələrin müzakirəsi başladı.
Albaniyanın Ohrid yarımadası ilə bağlı təklifi müzakirəyə çıxarıldı. İUCN və İCOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) məruzəçiləri Şimali Makedoniya və Albaniyanın coğrafi ərazisinə daxil olan Ohrid gölü və yarımada ilə bağlı hesabat xarakterli çıxışlar etdilər. Bildirildi ki, dəmiryolunun çəkilməsi, turizmin geniş inkişafı ilə əlaqədar regionda təbii fəlakət və mədəni abidələrin məhvi təhlükəsi yarana bilər.
Macarıstan təklif etdi ki, hər iki üzv dövlət birlikdə çalışsın və gələn il Ohrid gölü və ətrafının təhlükədə olan irs siyahısına daxil edilməsi üçün təklif hazırlasınlar. Məsələ ətrafında Norveç, Çin, Braziliya, Küveyt nümayəndələri çıxış etdilər. Qərar layihəsi bir sıra düzəlişlərdən sonra qəbul edildi.
Braziliyanın Parati mədəniyyət və biomüxtəliflik mülkiyyətinin Dünya irs siyahısına salınması ilə bağlı təqdimatı isə irad olmadan qəbul edildi. Hesabat dinlənildikdən sonra Qvatemala, Çin, İspaniya və digər ölkələrin təmsilçiləri Braziliyanı belə bir addım atdığı üçün təqdir etdilər. Parati şəhəri Braziliyadan ilk qarışıq irs nümunə olaraq siyahıya daxil edildi.
Bununla
da 43-cü sessiyada qarışıq abidə siyahısına
salınacaq mülkiyyətlərin müzakirəsi başa
çatdı.
Mədəni irs abidələri ilə
bağlı ilk iki təqdimat
Dünya İrs Komitəsi 43-cü sessiyasının beşinci iş gününün son bölümü Dünya irs siyahısına təklif edilən mədəniyyət abidələri ilə bağlı təqdimatlara həsr olundu.
Bu sırada ilk müzakirə edilən Burkina Fasodakı qədim metallurgiya sobaları məsələsi idi. Anqola nümayəndəsi Burkina Fasonu Afrika sivilizasiyası abidəsinin Dünya irs siyahısına təklif etməsi münasibətilə təbrik edərək yerli əhalini bu qədim istehsalını davam etdirməyə çağırdı. Sənəd yekdilliklə təsdiq edildi.
Növbəti mövzu 1983-cü ildə arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim Babil şəhəri (İraq) qalıqlarının Dünya irs siyahısına daxil edilməsi oldu. Bu məsələdə fikirlər haçalandı: Babil qalasının Təhlükədə olan abidələr siyahısına salınması təklif edildi. 1050 hektar ərazini əhatə edən Babil abidəsinin yaxınlığında illər əvvəl hərbi bazanın yerləşdiyi xatırlandı. Babil qalasının konservasiya işlərini qaydaya salmaq üçün İraq hökumətinə vaxt vermək təklif edildi. Ərazinin 80 faizinin hələ də torpaq altında olduğu da diqqətə çatdırıldı. Abidənin dünya əhəmiyyətli olması nəzərə alınaraq burada İraq hökuməti ilə beynəlxalq təşkilatların da birgə çalışması, bufer zonasının hüdudlarının yenidən nəzərdən keçirilməsi tövsiyə edildi. Qərar layihəsi verilən təkliflər nəzərə alınmaqla təsdiq edildi.
İclasa
sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət
naziri Əbülfəs Qarayev sessiya
iştirakçılarına bu məsələyə
böyük diqqət göstərdiklərinə, bəşər
tarixinə həssas münasibətə görə minnətdarlığını
bildirdi.
LALƏ
GÜLCAHAN
Mədəniyyət.-2019.- 10 iyul.-
S.5.