Sessiyanın mədəni
proqramında sənət axşamı
Xəbər
verdiyimiz kimi, Dünya İrs Komitəsinin 43-cü sessiyası
üçün zəngin mədəni proqram tərtib olunub.
İyulun
5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən
Qədim musiqi alətləri ansamblının konserti
keçirilib.
Konsertdən əvvəl ansamblın yaranma tarixi haqqında videoçarx nümayiş olunub. Bildirilib ki, kollektiv 1996-cı ildə professor, sənətşünas alim Məcnun Kərim tərəfindən yaradılıb. Ansambl ölkəmizi dünyanın bir çox şəhərlərində uğurla təmsil edib. Hazırda ansamblın bədii rəhbəri Xalq artisti Munis Şərifovdur.
Konsertdə ansamblın solistləri – Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova xalq və bəstəkar mahnıları, qədim Şərq musiqilərindən ibarət proqramla çıxış ediblər. Muğamlarımızla bərabər, Şərqin musiqi inciləri də səslənib.
Musiqi axşamında iştirak edən hər kəs bu rəngarəng seçimdən məmnun qalıb və konsert proqramı alqışlarla qarşılanıb.
L.AZƏRİ
Mədəniyyət.-2019.- 10 iyul.-
S.5.