Ölkəmizin mədəni irs nümunələrinin UNESCO
siyahısında sayı bundan sonra da artacaq
İyulun 7-də UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olundu, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Dünya irs siyahısına salındı. 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNECKO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır.
Şəki
şəhərinin tarixi mərkəzinin və Şəki Xan
sarayının Dünya irs siyahısına salınması Azərbaycanın
UNESCO-da ardıcıl fəaliyyətinin, eləcə də
ölkə rəhbərliyinin bu məsələyə
xüsusi diqqətinin nəticəsidir.
Bu
uğur Azərbaycanın illərdən bəri – həm
ölkəmizin daxilində, həm də onun
hüdudlarından kənarda – dünya irsi obyektlərinin
qorunması ilə bağlı həyata keçirdiyi dövlət
siyasətinin təbii davamıdır.
Xüsusi məmnunluq doğurur ki, Şəki ilə bağlı tarixi qərar Dünya İrs Komitəsinin ölkəmizdə keçirilən sessiyasında qəbul olunub. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi faktının özü Azərbaycanın dünya irsi obyektlərinin qorunması məsələsində xidmətlərinin beynəlxalq miqyasda etirafı və yüksək qiymətləndirilməsinin sübutudur.
Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
UNESCO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Dünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir.
Bu əlamətdar hadisə həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.
Ölkəmizdə beynəlxalq miqyasda
tanınmasını gözləyən hələ çox mədəni irs
obyektləri (Atəşgah, Naxçıvandakı türbələr,
Xəzər sahilindəki tarixi istehkamlar və s.) var. Azərbaycan dövləti tərəfindən
həyata keçirilən ardıcıl iş
sayəsində ölkəmizin mədəni irs
nümunələrinin UNESCO siyahısında sayı bundan sonra da
artacaqdır.
Mədəniyyət.-2019.- 10 iyul.-
S.3.