Dünya İrs Komitəsinin fəaliyyəti ilə
bağlı sənədlər və hesabatlar
müzakirə olunub
İyulun
8-də UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü
sessiyası Bakı Konqres Mərkəzində işini davam
etdirdi.
İclası açıq elan edən sədr, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş büro iclası barədə məlumat verdi. Bildirdi ki, büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. Sessiyaya təqdim edilmiş qərar layihələri üzv dövlətlər tərəfindən edilən əlavə və düzəlişlər müzakirə olunaraq gündəliyə daxil edilib.
Sonra gündəlik üzrə məsələlərə baxıldı.
Keniyanın 2001-ci ildə UNESCO siyahısına salınmış Lamu şəhərinin vəziyyəti ilə bağlı müzakirə edilən qərara düzəlişlərin edilməsi gələn sessiyayadək təxirə salındı.
“Tarixi şəhərlərdə turizm” ilə bağlı Beynəlxalq Memarlar İttifaqının (BMİ) Azərbaycanda keçirilmiş konfransında qaldırılan məsələlər barədə iclasda Azərbaycan nümayəndə heyəti məlumat verdi. Bildirdi ki, BMİ bununla bağlı xüsusi təlimat hazırlayır.
Sonra İCCROM (Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) nümayəndəsi hesabatla çıxış etdi. Hesabatda üzv dövlətlər, məşvərətçi orqanlar ilə əməkdaşlığın müsbət təsirindən söz açıldı. Məruzəçi qeyd etdi ki, ekspertlər təbii fəlakətlərin idarə olunması, iqlim dəyişikliyinin Dünya irs siyahısına daxil edilmiş təbiət və mədəniyyət abidələrinə təsirini azaltmaq üzərində çalışırlar.
İclasda UNESCO-nun 2-ci kateqoriya mərkəz və qurumlarla ilə əməkdaşlıq perspektivləri də müzakirə edildi. İCCROM təmsilçisi çıxışlardan sonra söz alaraq bacarıqların idarə olunması üzrə nəzərdə tutulan bütün tədbirləri həyata keçirmək üçün maliyyə vəsaitinin kifayət qədər olmadığını bildirdi. Qurumun Afrika ölkələri üçün xüsusi proqramın hazırlanması barədə məlumat verdi və gənclərin bu işə cəlb olunmasının vacibliyini qeyd etdi.
Dünya İrs Mərkəzinin direktoru xanım Metxild Rossler deyilənləri yekunlaşdıraraq bildirdi ki, əgər bütün ölkələr bacarıqların və sahələrin idarə olunmasına qoşularsa, bizim işimiz rahat, nailiyyətlərimiz çox olar. Xırda düzəlişlərdən sonra qərar qəbul edildi.
Növbəti sənəd “Təhlükə altında olan dünya irs siyahısı” barədə idi. Qərar layihəsində diqqətə çatdırıldı ki, sessiyada Çilidəki Humberstone and Santa Laura duz mədəni və Betlehem kilsəsi (Fələstin) təhlükə gözləyən abidələr siyahısından çıxarılıb.
Xanım Rossler əlavə olaraq dedi ki, əgər “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya”ya (1972) əsasən, Dünya İrs Mərkəzinə maddi yardım edilərsə, biz yoxsul ölkələrə öz abidələrini qorumaq üçün maliyyə dəstəyi göstərə, bu yolla da təhlükə gözləyən abidələr siyahısını təzələyərək qısalda bilərik. Həqiqətən də, elə ölkələr var ki, maliyyə çətinlikləri üzündən öz abidələrini bərpa edə, illərlə təhlükə siyahısından çıxara bilmirlər. Mövzu müxtəlif aspektlərdən geniş müzakirələr doğurdu. Müzakirələrdən sonra təklif edilən dəyişikliklər qərar layihəsinə əlavə edildi.
***
İyulun 8-də günün ikinci yarısında sessiyada üzv dövlətlər ilə Dünya İrs Komitəsi, məşvərətçi orqanlar arasında əməkdaşlıq protokolu, prosessual qaydalarına dair yeni qərar layihəsi geniş müzakirə edildi. Əsas müzakirə mövzusu komitənin növbəti sessiyasında müzakirəyə çıxarılacaq nominasiya ilə bağlı son məlumatların məşvərətçi orqanlara fevralın 28-dək çatdırılması tələbi oldu. Nümayəndə heyətləri qərar layihəsinə əlavə edilmək üçün təkliflər irəli sürdülər. Bənd-bənd müzakirə edilən qərar qəbul edildi.
İkinci müzakirə edilən layihə Asiya, Afrika, ərəb dövlətləri qrupu, Karib dənizi ölkələri, Avropa və Şimali Amerika üzrə hesabatların dinlənilməsi oldu. İlk hesabatı Çin təqdim etdi. Məruzəçi Asiya və Sakit okean regionunda təhlükə altında olan məkanları ziyarət etmələri, seminarlar keçirmələri barədə ətraflı məlumat verdi.
Ardınca da Afrika və ərəb dövlətləri qrupunun hesabatları dinlənildi və iradsız qəbul edildi. Ərəb qrupu üzrə məruzəçi hərbi münaqişələrdən əziyyət çəkmiş Liviya, Suriya və İraqda abidələr ilə bağlı xüsusi monitorinqlər keçirildiyini vurğuladı. Karib və Latın Amerikası ölkələri üzrə məruzədə regionda baş vermiş təbii fəlakətlərin nəticələri öyrənilmiş, mədəni risk qrupuna daxil olan məkanlar nəzərdən keçirilmişdi.
Avropa və Şimali Amerika regionu üzrə hesabat məruzəsində vurğulandı ki, onlar 39-cu sessiyada qəbul edilmiş tədbirlər planı üzrə öz fəaliyyətlərini davam etdiriblər. Sonra katiblik bir il ərzində görülmüş işlər, mühüm sənədlərin alt-regionların işlək dilinə tərcümə edildiyi barədə məlumat verildi. Hesabatlara əlavələr olmadığı üçün müzakirəsiz qəbul edildi.
Dünya İrs Komitəsi və məşvərətçi orqanların hazırladıqları növbəti sənəd mədəni sahələrin siyahıdan çıxarılması prosedurlarının təkmilləşdirilməsinə həsr olunmuşdu. Hesabat dinlənildikdən sonra Norveç, Burkina Faso, Azərbaycan öz fikirlərini bildirdilər. Sənəd qeyd-şərtsiz qəbul edildi.
Sonra iclasın sədri – Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev növbəti məsələni elan etdi: qarışıq nominasiyaların siyahıya daxil edilməsi üzrə proseslərdə irəliləyiş haqqında Dünya İrs Komitəsi ilə İCOMOS-un birgə təqdimatı dinlənildi. Təkliflər nəzərə alınmaqla sənəd qəbul edildi.
Sonuncu təqdim edilən sənəd Dünya İrs Komitəsinin siyasi sənədlər toplusu oldu. Bildirildi ki, toplunun elektron variantı Koreya Respublikası hökumətinin maliyyə dəstəyi ilə hazırlanıb. İki variantda hazırlanmış sənəd toplusu getdikcə daha da təkmilləşdiriləcək. Sənəd təsdiq edildi.
G.MİRMƏMMƏD
Mədəniyyət.-2019.- 10 iyul.- S.2.