Şəki haqqında qərar türk dünyası ilə UNESCO arasında əməkdaşlığa da zəmin yaradacaq

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edib.

Fondun bununla bağlı yaydığı bəyanatda qeyd olunur ki, öz mədəni abidələrini, mənəvi irsini qoruyub saxlamaq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm əhəmiyyətə malik fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun bilavasitə təşəbbüsü və səyləri nəticəsində Azərbaycanın mədəniyyət abidələri və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun siyahılarında öz layiqli yerini tutmuşdur.

Bəyanatda daha sonra deyilir: “Qədim İpək Yolu üzərində yerləşən, tarixən tolerantlıq şəhəri kimi tanınan Şəki dünya mədəniyyətinə karvansaralar, məscidlər, körpülər, sənətkarlıq emalatxanaları kimi unikal memarlıq nümunələri, Qafqazın əsas ipək istehsalı mərkəzi olaraq qeyri-maddi mədəniyyət incisi kimi kəlağayı bəxş etmişdir. 1763-cü ildə Hüseyn xan tərəfindən inşa etdirilən, minlərlə müxtəlif rəngli şüşələrdən yığılmış və Azərbaycanın dekorativ-tətbiqi sənət növü olan şəbəkə-pəncərələrdən istifadə edilmiş Şəki Xan sarayı dünya əhəmiyyətli tarixi memarlıq abidəsidir. Bu qürurverici hadisə türk dünyasının bir parçası olan Azərbaycana məxsus nadir memarlıq abidəsinin beynəlxalq miqyasda daha da tanınmasına öz töhfəsini verəcək və türk dünyası ilə UNESCO arasında yeni-yeni əməkdaşlıq körpülərinin salınmasına səbəb olacaqdır”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, yaxın gələcəkdə Naxçıvandakı Möminə xatın türbəsi, Suraxanıdakı Atəşgah, eləcə də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında yerləşən Yuxarı Gövhər ağa məscidi, Qarabağ Xan sarayı və s. kimi böyük memarlıq abidələri də Dünya irs siyahısında öz əksini tapacaq.

 

 

Mədəniyyət.- 2019.- 12 iyul.S. 1.