Ulu
öndərin həyat və fəaliyyəti Azərbaycanın
milli sərvətidir”
İyulun
11-də Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəlişinin 50-ci ildönümünə
həsr edilən tədbir keçirildi.
Mədəniyyət
Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə əvvəlcə ulu
öndərin fəaliyyətinə həsr olunan videoçarx
nümayiş olundu.
Kitabxananın
direktoru Kərim Tahirov tədbiri açaraq ölkəmizin
inkişafında əvəzsiz xidmətləri olan dahi siyasətçi,
müdrik dövlət xadimi Heydər Əliyevin zəngin
ömür yolundan danışdı. Bildirdi ki, Azərbaycanın
son 50 illik tarixinin elə bir sahəsi, mərhələsi
yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng
işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin
bütün mərhələlərində Vətənə,
xalqa, torpağa sonsuz məhəbbət və sədaqət
hissi ilə qurub-yaradıb. Azərbaycan xalqını ən
çətin məqamlarında üzləşdiyi faciələrdən,
çətinliklərdən xilas etmək üçün
misilsiz fədakarlıqlar göstərib. O, taleyin bəxş
etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi
hadisələrin inkişaf məcrasını
qabaqlamağı bacarıb.
Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev
çıxışında vurğuladı ki, ulu öndər
doğma xalqı qarşısında tarixi missiyasını
şərəflə yerinə yetirərək müasir Azərbaycan
dövlətinin memarı, qurucusu oldu. Bildirdi ki, 1969-cu ilin 14
iyul tarixində Azərbaycan SSR KP MK-nın birinci katibi
seçilən Heydər Əliyev ilk gündən
respublikanın hərtərəfli inkişafının təməlini
qoydu: “Bu təməl üzərində təhsil, elm, mədəniyyət,
kənd təsərrüfatı, neft sənayesi, ordu
quruculuğu öz inkişaf yoluna çıxdı. Ulu
öndər hələ o vaxtdan müstəqil Azərbaycan
üçün möhkəm özül yaratdı. Heydər
Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini
və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox
çətindir. SSRİ-nin ən sərt idarəçilik
dövründə müqəddəs dilimizi dövlət dili
kimi Azərbaycan Respublikasının Konstitusiyasına
salmağa nail oldu”.
Ümummilli
liderin müstəqil Azərbaycana rəhbərliyi zamanı
gördüyü misilsiz işlərdən danışan Vaqif
Əliyev diqqətə çatdırdı ki, Heydər
Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsi
ilə ölkəmiz iqtisadi tənəzzüldən, məhv
olmaq təhlükəsindən xilas oldu. 1994-cü il sentyabrın
20-də bağlanan “Əsrin müqaviləsi” Heydər
Əliyev şəxsiyyətinin tarixi qələbəsi idi.
Ulu öndər müdrik siyasəti ilə Azərbaycan
dünyanın enerji təminatçılarından birinə
çevrildi.
Millət
vəkili Aqil Abbas çıxışında qeyd etdi ki, Heydər
Əliyev müdrikliyi və siyasi iradəsi sayəsində mənsub
olduğu xalqı və qurduğu dövləti dünya
miqyasında tanıdıb: “Ulu öndərin həyat və fəaliyyəti
Azərbaycan xalqının alın yazısı, taleyin
töhfəsi və milli sərvətidir. Elə bir sərvətidir
ki, bu gün də, gələcəkdə də peşəsindən,
yaşından asılı olmayaraq, bütün insanlar ondan
faydalanacaq”.
Millət
vəkili, akademik Nizami Cəfərov
ümummilli liderin zəngin siyasi fəaliyyətindən,
müstəqil güclü Azərbaycan dövlətinin
qurulmasında göstərdiyi tarixi xidmətlərdən,
xalqımızın rifahı naminə gördüyü
mühüm işlərdən danışdı. Qeyd etdi ki,
Azərbaycan 1969-cu il iyulun 14-də Heydər Əliyevin ölkəmizdə
siyasi hakimiyyətə gəlişindən sonra çiçəklənmə
mərhələsinə qədəm qoyub. Həmin illərdə
respublikamızın gələcək inkişafı
üçün güclü təməllər atılıb.
Qısa müddətdə iri fabrik və zavodlar, sənaye
obyektləri tikilib. İqtisadi, elmi, mədəni və digər
sahələrdə bir çox uğurlar əldə olunub.
Heydər Əliyev həmişə Azərbaycanın ədəbiyyat,
mədəniyyət, incəsənət və tarixi şəxsiyyətlərinə
xüsusi diqqət və qayğı göstərib.
Tədbirdə
daha sonra Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə və Naxçıvan
Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin
rəhbəri Bəxtiyar Əsgərov çıxış
edərək ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən,
Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub
saxlanılmasında misilsiz xidmətlərindən və
xalqımızın rifahı naminə həyata keçirdiyi
siyasi-iqtisadi islahatlardan danışdılar.
Sonda
Milli Kitabxana tərəfindən hazırlanan, ümummilli
liderin hakimiyyətə gəlişinin 50-ci
ildönümünə həsr edilmiş elektron məlumat
bazası təqdim edildi.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2019.- 12 iyul.S. 1;3.