Dünya İrs Komitəsinin 43-cü sessiyası başa çatdı
“Bizim işimizə belə
yüksək qiymət verdiyinizə, Azərbaycanın qonaqpərvərliyini
dəyərləndirdiyinizə görə təşəkkür
edirəm”
İyulun
10-da UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda
keçirilən 43-cü sessiyasının sonuncu iclası
keçirildi.
Sessiyanın
sədri, Azərbaycan Respublikasının Mədəniyyət
naziri Əbülfəs Qarayev giriş sözündə on
gün ərzində Bakıda çox mühüm məsələlərin
müzakirə edildiyini, vacib qərarların qəbul
olunduğunu vurğuladı. Nazir gərgin çalışan
sessiyanın katibliyinə minnətdarlığını
bildirdi.
Sonra
sessiyanın hesabatının qəbul edilməsinə dair qərar
layihəsi oxundu və qəbul olundu.
UNESCO-nun
Dünya İrs Mərkəzinin direktoru xanım Metxild Rossler
sessiyanın hazırlanmasında, təşkilində, sənəd
layihələrinin ərsəyə gətirilməsində zəhməti
olan, müzakirələrdə iştirak edən hər kəsə
minnətdarlığını bildirdi.
Norveç,
Tunis, Anqola, Kuba, Burkina Faso, Qırğızıstan,
İspaniya, Braziliya, Uqanda, İndoneziya, Macarıstan, Qvatemala,
Bəhreyn, Avstraliya, Zimbabve nümayəndə heyətləri
təşəkkür nitqi söylədilər. Çin
nümayəndə heyəti isə öz minnətdarlıq
çıxışını “2020-ci ildə Dünya İrs
Komitəsinin 44-cü sessiyasını qəbul edəcək
Fuçjouya xoş gəlirsiniz!”
çağırışı ilə bitirdi.
Sessiyanın sədri Əbülfəs Qarayev mötəbər tədbirin bağlanışı münasibətilə çıxışına bu sözlərlə başladı: “2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası Bakıda keçirilən zaman son iclasda demişdim ki, heç vaxt indiki qədər minnətdarlıq, təşəkkür sözləri eşitməmişəm. Bu gün də həmin cümləni təkrar edə bilərəm. Bizim işimizə belə yüksək qiymət verdiyinizə, Azərbaycanın qonaqpərvərliyini dəyərləndirdiyinizə görə təşəkkür edirəm. Biz komitə, məşvərətçi qurumlarla birlikdə çalışdıq, bir il ərzində hazırlıq işləri görüldü və bunun nəticəsi olaraq 43-cü sessiya belə rəvan, şəffaf və qarşılıqlı etimad şəraitində keçdi. Bütün bunlar beynəlxalq ictimaiyyətin Dünya İrs Komitəsinin fəaliyyətinə marağını göstərir. Sessiya günlərində Bakıda Gənc Peşəkarlar Forumu, Abidə Menecerləri Forumu da gerçəkləşdi”.
Əbülfəs
Qarayev Azərbaycan Respublikasının Prezidenti, Birinci
vitse-prezidenti, Azərbaycan hökuməti və öz
adından UNESCO-nun baş direktoru Odre Azuleyə, baş
direktorun müavini Ernesto Ottone Ramirezə, Dünya İrs Mərkəzinin
direktoru Metxild Rosslerə, eləcə də komitənin
üzvlərinə və bütün qonaqlara minnətdarlığını
bildirdi. Nazir həmçinin sessiyanın keçirildiyi
Bakı Konqres Mərkəzinin kollektivinə, köməkçilərə,
gənc könüllülərə, media işçilərinə
təşəkkürünü ifadə etdi.
Sonda
sessiya iştirakçıları xatirə şəkli
çəkdirdilər.
GÜLCAHAN
Mədəniyyət.-
2019.- 12 iyul. S. 2.