Ölkəmiz dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoydu

İyulun 10-da Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirildi.

Bütün media nümayəndələrinə minnətdarlığını bildirən sessiyanın Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tədbir müddətində qəbul edilmiş qərarlardan, keçirilən görüşlərdən, əldə edilən uğurlardan söz açdı.

Nazir dedi ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın mötəbər beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Azərbaycan-UNESCO münasibətlərinə toxunan Əbülfəs Qarayev bu qurumla əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli sərəncamı ilə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldığı diqqətə çatdırıldı.

Mədəniyyət naziri ölkəmizin 10 gün ərzində ev sahibliyi etdiyi mötəbər tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. Azərbaycan 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmişdi. Bakıda iki ildən bir UNESCO-nun tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Nazir daha sonra dedi: “UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi olduqca məsuliyyətli bir iş idi. Komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etməsinə səs verməsi, sözsüz ki, ilk növbədə Azərbaycanın dünyada artan nüfuzundan xəbər verirdi. Qeyd etmək istəyirəm ki, Dünya İrs Komitəsinin əvvəlcədən göndərilmiş şərtlər toplusu var idi və aidiyyəti dövlət orqanlarımız bu şərtlərlə tanış olmuşdular. Bu istiqamətdə bütün işlər həyata keçirildi”.

Dünya İrs Komitəsinin UNESCO-nun əhəmiyyətli qurumlarından olduğunu söyləyən nazir bildirdi ki, komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: “Dünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən mədəni və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoydu”.

Vurğulandı ki, sessiya çərçivəsində səmərəli müzakirələr aparılıb, bir sıra vacib qərarlar qəbul olunub. Bakı sessiyasında UNESCO-nun Dünya irs siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş fayllar təhlil olunubmüvafiq qərarlar qəbul edilib. Nəticədə 29 irs nümunəsi siyahıya salınıb. Bunlardan 24-ü mədəni irs, 4-ü təbiət abidəsi, 1-i qarışıq – təbiət və mədəni irs nominasiyasıdır. Bununla da təşkilatın irs siyahısında qorunan nümunələrin sayı 1121-ə çatıb: “Bu tədbir təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün əlamətdar hadisədir. 150-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya dünya mətbuatında geniş işıqlandırılıb. Həmçinin sessiya UNESCO-nun saytında canlı yayımlanıb.

Nazir vurğuladı ki, Şəki Xan sarayı ilə birlikdə şəhərin tarixi mərkəzinin Dünya irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin tarixi qələbəsidir. Bu prosesin asan başa gəlmədiyini qeyd edən Əbülfəs Qarayev bildirdi ki, altı ildir ölkəmizdən ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdilər: “İlk mərhələdə onların təhlili zamanı bir sıra məqamlar ortaya çıxmış, müəyyən tövsiyələr verilmişdi. Azərbaycanın gətirdiyi sübutlar və dövlətimizin başçısının “Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının icrası bu qərarın verilməsində müsbət rol oynadı. Bununla da Azərbaycanın UNESCO-nun Dünya irs siyahısında yer alan mədəni irs nümunələrinin sayı üçə çatmış oldu”.

Sonra media nümayəndələrinin sualları cavablandırıldı.

 

FARİZ

Mədəniyyət.- 2019.- 12 iyul. S. 2.