Musiqi Mədəniyyəti
Dövlət Muzeyində silsilə tədbirlər keçirilib
Xəbər
verdiyimiz kimi, 30 iyun – 10 iyul
tarixlərində Bakı şəhərində
keçirilən UNESCO-nun Dünya
İrs Komitəsinin 43-cü sessiyası
ilə bağlı Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan musiqisinin inciləri UNESCO-nun
siyahısında” adlı silsilə tədbirlər
təşkil olunub.
Muzeydən
verilən məlumata görə, bu günlərdə
“Azərbaycan muğam sənəti”, “Azərbaycan aşıq
sənəti”, “Azərbaycan tarının hazırlanması
və tar ifaçılığı sənəti”,
“Kamançanın hazırlanması və
ifaçılıq sənəti”, “Dədə Qorqud irsi. Dastan
mədəniyyəti, xalq nağılları
və musiqisi”, “Yallı
(Köçəri, Tənzərə) Naxçıvanın
ənənəvi qrup rəqsləri”
adlı tədbirlər keçirilib.
Sonuncu
tədbirdə Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblı
çıxış edib və ustad dərsi keçib. Ansamblın bədii rəhbəri
Xalq artisti, professor Ağaverdi Paşayev, baletmeysteri Əməkdar artist Ceyhun Qurbanovdur.
Həmçinin
Heydər Əliyev Sarayında muzeyin
Qədim musiqi alətləri
ansamblının ifasında konsert
proqramı təqdim olunub.
Mədəniyyət.-
2019.- 12 iyul. S. 2.