Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci
mövsümə yekun vurdu. Teatrın son illər
yaranmış ənənəsinə görə, kollektiv
iyulun 11-də mövsümsonu tədbirini dost
görüşünə, musiqili-hədiyyəli-mükafatlı
məclisə çevirdi.
Tədbir
teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının
ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı
ilə başladı.
Teatrın
direktoru, Əməkdar mədəniyyət işçisi
Rəşad Əhmədzadə səhnəyə
çıxaraq 2018-2019-cu teatr mövsümündə
qazandıqları nailiyyətlərdən, festivallarda
iştirakdan danışdı. Mövsüm ərzində
teatrın iki əməkdaşının fəxri ada, iki
nəfərin Prezident mükafatına layiq
görüldüyünü dedi. Teatr və konsert
müəssisələrində çalışanların
əməkhaqqının artırıldığına, teatra
göstərilən qayğıya görə ölkə
rəhbərliyinə təşəkkürünü bildirdi.
Kukla
teatrının binasında öz fəaliyyətini davam etdirən
Yuğ Dövlət Teatrının baş rejissoru,
Əməkdar incəsənət xadimi Mehriban
Ələkbərzadə də salona toplaşanları
uğurlu bir mövsümün başa çatması
münasibətilə təbrik etdi.
Sonra
mövsümün yekunu olaraq bədii şuranın
qərarı ilə fərqlənənlərə fəxri
fərman və mükafatlar təqdim edildi.
Xalq artisti
İlham Namiq Kamal “Bizim Don Kixot” tamaşasındakı
iştirakına görə “Teatrla uğurlu
yaradıcılıq əməkdaşlığına
görə” fəxri fərmanla, Əməkdar artist, rejissor
Loğman Kərimov “Teatrın dostu” mükafatı ilə
təltif edildi.
Teatrın bu
mövsümdə fərqlənmiş 7
əməkdaşı, “Oyuq” teatr-studiyasının 11
üzvü də fəxri fərmanla
mükafatlandırıldı. Araz Həsənov ilin ən
zəhmətkeş aktyoru, Aygül Ağayeva və Cavid
İbrahimov isə ilin ən sevilən aktrisası və
aktyoru kimi fərqləndirildilər.
Mahnılarla
süslü tədbirdə teatrın həmkarlar ittifaqı
komitəsinin kollektivin bir sıra üzvlərinə fəxri
fərmanı təqdim edildi.
Kukla teatrı bir neçə ildir ki, 22 iyul - Milli Mətbuat Günü ərəfəsinə təsadüf edən mövsümsonu tədbirində teatrla sıx əməkdaşlıq edən, kollektivin yaradıcı fəaliyyətini işıqlandıran mətbuat işçilərini də təltif edir. Sənət ocağı bu il də ənənəsinə sadiq qaldı. Kütləvi informasiya vasitələrində çalışan 17 nəfər “Teatrın dostu” mükafatına layiq görüldü. “Mədəniyyət” qəzetinin əməkdaşı Gülcahan Mirməmməd də onların arasındadır. Həmkarlarımızı təbrik edirik!
Mədəniyyət.- 2019.- 12 iyul.
S. 2.