Kino yarandığı zamandan onun sevilməsinə səbəb yaradan, bizi bu sənətin təsir gücünə, filmlərin həyatın inikası olduğuna inandıran peşəkar kinematoqrafçılardır.
Kino təsadüfi insanları sevmir. Ona qəlbi, ruhu ilə bağlı olanları isə unudulmağa qoymur. Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilən Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli kinooperator, kinorejissor Rasim İsmayılov da bizi kinonun həyatın inikası olduğuna inandıran, çəkdiyi filmlərinin isə onu unudulmağa qoymadığı sənətkarlarımızdandır. Rasim İsmayılovun operator və rejissor kimi quruluş verdiyi filmlər onu fəxarət hissi ilə xatırladır. Sözün əsl mənasında, kino fədaisinin imza atdığı ekran əsərlərinin hər bir kadrı kolorit və məntiqinə görə kinonun həyat üçün vacibliyini sübut edir, vizual ədəbiyyatın həyatın spesifik idrakı, inikası olduğunu vurğulayır.
Yaradıcılıq prosesində bədii üslubun yüksək səviyyədə təqdimatı peşəyə sədaqət və məhəbbətin cəmindən yaranır. Rasim İsmayılovun filmlərindəki obrazların hər birinin xarakterinin açılmasında peşəkar kino xadiminin özünəməxsus nəzəriyyəsi, baxış bucağı, hadisələrə fərqli yanaşması var. Onun istər operator, istərsə də rejissor kimi quruluş verdiyi filmlərdə çəkiliş texnikasına, məkanların doğru seçiminə, kompozisiya tamlığına, kadrların uğurlu, düzgün işıqlandırılmasına istinadən məzmun zənginliyi, məna bolluğu var. Kino bilicisinin yaradıcılıq üslubu təkcə ekran əsərlərindəki xarakterlərin fərdi xüsusiyyətlərini yox, eyni zamanda filmlərin ideya-bədii prinsiplərini müəyyən edir. Bu isə sənəti sevməkdən, bədii yaradıcılıq vasitəsi ilə hesabat verməkdən əlavə məsləyində öz dünyagörüşünü, təfəkkürünü peşəkarlıqla təqdim etmək deməkdir.
1936-cı il iyulun 13-də pedaqoqlar ailəsində dünyaya göz açan Rasim İsmayılov uşaq yaşlarında aviasiya ilə maraqlanıb. Hətta dərsdən sonra aerokluba gedib, şənbə-bazar günləri Zabrat aeroportunda uçuş karyerasına da hazırlaşıb. Uçuş məktəbinə hazırlaşarkən tibb komissiyasından keçə bilmədiyinə görə fotoqrafiya ilə məşğul olmağa başlayıb. Fotoqrafiya sənətinin kino ilə yaxınlığı isə onu bu sənətə bağlayıb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq kursunu bitirdikdən (1962) sonra isə Bakıya qayıdıb.
Onun Azərbaycan Televiziyasında çalışması istedadının daha da artıb, püxtələşməsinə səbəb olub. Televiziyada ssenariləri əsasında sənədli və qısametrajlı bədii filmlər çəkilib. Eyni zamanda televiziyada animasiya filmlərinin yaradıcılarından biri kimi tanınıb. Lakin “Danışan işıqlar” (1965), “Qırmızılar, qaralar və başqaları” animasiya filmlərinə quruluş verən gənc kino mütəxəssisi bir müddət sonra başa düşür ki, sıravi bir operator kimi fəaliyyət göstərməklə kifayətlənə bilməz. Buna görə də çox keçmir ki, o, “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayır. Operator kimi debüt işi isə “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan kinorejissor Zeynəb Kazımovanın çəkdiyi “Dağ meşəsindən keçərkən” (1964) novellası olur. Qısametrajlı filmin məna dəyərini məzmunlu və dinamik kadrlar tamamlayır. İti baxışa, güclü intuisiyaya malik operator təbiət mənzərələri fonunda xarakterləri və psixologiyaları arasında təzadlar və tərəddüdlərlə çarpışan film qəhrəmanlarının mövqeyini göstərə bilib, onların bir-birinə olan münasibətinə aydınlıq gətirib.
Təzadlı düşüncə və hisslərin çarpışmasında mənəvi dünyaları aşkarlanan gənclərin həyat mövqeyi filmin əsas leytmotivini təşkil edir. Qəhrəmanların davranışlarını ardıcıl izləyən müxtəlif rakurslu dəqiq mizanlanmış çəkiliş üslubu meşədə anidən yaranan çətin məqamda, gərgin situasiyada gənclərin xarakter müxtəlifliyini şəffaf şəkildə göstərir və tamaşaçını ekran qəhrəmanlarının həyat mövqeyi haqqında olan fikrini qətiləşdirir. Beləcə, filmin mahiyyət və məzmununu kameranın hərəkəti vasitəsilə istedadlı operator işi şərh edir.
Rasim İsmayılovun bədii kinoda ilk böyük işi “Yenilməz batalyon” (1965) filmində oldu. Bu filmə dəvət almaqla böyük kinoda ilk imzasını atdı. Gərgin situasiyalarla dolu olan dramatik filmin ideya məzmununun açılması operatordan zəngin sənət bilgisi, bacarıq tələb edirdi. Buna görə də filmin çəkilişlərini yarıya qədər aparan və səhhəti ilə bağlı iş prosesini Rasim İsmayılova həvalə edən peşəkar kinooperator Xan Babayev onun çiyinlərinə çətin yük qoymuş oldu. Azərbaycan operator sənətinin layiqli davamçısı olan Xan Babayevdən belə bir təlimat almaq və peşəkar kinorejissor Hüseyn Seyidzadə ilə bir filmdə çalışmaq Rasim İsmayılov üçün məsuliyyətdən əlavə peşəkarlıq tələb edirdi. Ancaq o, işinin öhdəsindən bacarıqla gələ biləcəyinə əmin olduğundan, təbii ki, bu təklifi böyük sevgi və hörmət hissi ilə qəbul etdi. Çəkilişləri Xan Babayevin dəst-xətti ilə davam etdirən gənc operator portret, natura, ümumi, orta plan, panoram və digər müxtəlif rakurslu çəkiliş növlərindən istifadə edərək filmi yüksək və emosional təsvir keyfiyyətləri ilə baxımlı etdi. Ümumi planla diqqətlə işləmək prinsipi fon çəkilişlərini, müxtəlif rakurslu, obrazlı portret təsvirləri isə kadr dinamikliyini nəzarətdə saxladı. Nəticədə isə psixoloji, tarixi-inqilabi janrlı filmin dramatik yükünün ağırlığını, soyuq və boz zamanın ağrılı ab-havasını, kədərli və çarəsiz insanların təlaşlı durumunu obrazların mimika cizgilərinin aydın təsviri fonunda kino təhkiyəsinə çevirdi. Beləcə, sənətkarın özünəməxsus dəst-xətti, təfəkkür tərzi, üslub xüsusiyyətlərinin, təsvir vasitələrinin zənginliyi filmlərin məna və mahiyyətinin açılmasına səbəb oldu, tarixin salnaməsinə çevrilən vizual ədəbiyyat milyonların sevimlisinə çevrildi. Bu mənada ustad operator kimi quruluş verdiyi filmlərdə (“Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək” və s.) müxtəlif dövr hadisələrinin məzmununu açan, mövcud ziddiyyətlərin səbəbini təhlil edən, bütün dövrlər üçün ən böyük bəla olan qəliz insan xarakterinin səbəbini izah edən məntiqli kadrlarda dəqiq müşahidə, novator yanaşma gördük. Bu isə zəngin dünyagörüşünə, müsbət şəxsi keyfiyyətə, daxili gözəlliyə malik sənətkarın sevdiyi peşəsinə böyük həvəs və məhəbbətlə yanaşması deməkdir.
Kino yalnız həyat məsələlərinin inandırıcı
və məntiqli şərhini verdikdə sevilir,
yaşayır. Ədəbi əsərlərin ekrandakı
canlı, doğru şərhi və
həlli zamanın inkişaf
istiqamətini müəyyənləşdirir, ekran
əsərlərinin məqsəd və qayəsini dərk
edən tamaşaçı
təsəvvüründə ideal
qəhrəmanlar yaranır. Qəhrəmanlıq
ideyasını yalnız tarixi və ya tarixi inqilabi
filmlərdə axtarmaq doğru
deyil. Bu mənada Rasim İsmayılovun
operator kimi çəkdiyi
“Sevil” (rejissor Vladimir Qorikker) film-operasını
yada salaq. Filmin baş
qəhrəmanı Sevil
mövhumatçı, mənən
gücsüz cəmiyyətin
xəstə təfəkküründən
əziyyət çəkir.
Mənəvi gözəlliyə, daxili mətinliyə malik olan qadının
bədbəxt taleyinə
boyun əymə səbəbi həyat yoldaşı Balaşa, onun ailəsinə olan hədsiz sevgisi və hörmətidir. Sonralar Balaş
tərəfindən ocağından
qovulan, qapısı üzünə bağlanan,
övladı əlindən
alınan, təhqir və təzyiqlərə
məruz qalan, alçaldılan Sevil nicat yolunu maariflənmədə,
təhsildə, cəmiyyətdə
nümunəvi vətəndaş
kimi formalaşmaqda görür.
Yetkin təfəkkürə malik
olduğu təqdirdə
daxili üstünlüyünü
və zənginliyini üzə çıxarmağa
özündə güc
tapan Sevil yalnız öz dövrünün deyil, eyni zamanda əsrinin
qəhrəmanına çevrilir. Deməli, lirik-poetik
üslubda çəkilən
filmdə belə təkcə öz dövrünün yox, eləcə də tarixin qabaqcıl qəhrəmanlarını görmək
mümkündür. Çünki həyatın əlində
aciz qalsa da, daxili mətinliyini,
mərdliyini saxlayıb
qoruyan, insanlığını
itirməyən, müsbət
cəhətlərini yaşadan,
həyata nikbinliklə
baxan obrazlar zatən kəskin situasiyalarda belə nümunəvi xarakterləri
üzə çıxan
üstün cəhətli
qəhrəmanlardır. Önəmli
olan isə ictimai bərabərsizlikdə
belə haqqını,
qürurunu qoruyan insanların daxili dünyalarının zənginliyinin,
gözəlliyinin lirik
təsvirlərdə belə
təqdim olunmasıdır.
Bu isə filmin
operatorunun ədəbi
əsərə, müəllifə
olan hörmətindən
əlavə mövzuya
qəlbən yanaşması,
həyatı, insanları
firavan görmə istəyi, xoş niyyətə, məqsədə
əsaslanan yaradıcılığı
vasitəsilə də
tamaşaçılara ünvanladığı
sonsuz sevginin təcəssümüdür.
Rasim İsmayılovun quruluş
verdiyi hər hansı bir filminə (operator və ya rejissor kimi)
nəzər salmaq həyat həqiqətlərini
görmək, mahiyyətini
dərk etmək, daxili məninlə çarpışmaq, müdrikləşməkdir. Bu isə ustad sənətkarın yaradıcılığı
vasitəsilə yalnız
sənətin gözəlliyini
yox, eləcə də həyatın mənasını, zamanın
gərdişini, şəxsi
müdrikliyini göstərməsi,
fərdi yaradıcılıq
üslubunda agah etdiyi nəsihətləri
fonunda könül dünyasının gözəlliyini
təlqin etməsi deməkdir.
Şəhla ƏMİRLİ. kinoşünas
Mədəniyyət.- 2019.- 12 iyul. S. 1;6.