İnanmırsınız, “Dəli yığıncağı”na düşmüşük?

Başa çatmaqda olan sənət mövsümü teatrlarımızda yeni səhnə əsərləri, premyeralarla yanaşı, klassikaya qayıdış və yeni baxışla da yadda qaldı. Akademik Milli Dram Teatrının səhnəsində də Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri 41 illik fasilədən sonra (son quruluşunu Mehdi Məmmədov verib) yenidən tamaşaya qoyuldu. Ədibin 150 illik yubileyinə həsr olunan tamaşaya Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyevdir. Səhnə hərəkəti və plastikası Ceyhun Dadaşova məxsusdur.

Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Rafiq Əzimov (Nəcəfül Əşrəf), Əjdər Həmidov (Məkkə Məhəmməd), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib), Elşən Cəbrayılov (Sərsəm Salman), Aslan Şirin (Həmzat Qurban), Rövşən Kərimduxt (Cinni Mustafa), Əlvida Cəfərov (Hacı Məmmədəli), Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Məzahir Cəlilov (Hacı Bağdad), Əli Nur (Kərbəlayi Türbət), Mətanət Atakişiyeva (Məşədi Zeynəb), aktyorlar Elnur Qədirov (Formasyon Rüstəm), Vüsal Mustafayev, Rüstəm Rüstəmov (Hacı Xudaverdi), Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Dilarə Nəzərova, Fəridə Şahbazova çıxış edirlər.

İdeya baxımından dini mövhumat və xurafatın ifşası olan əsərə bu dəfə fərqli yozum verən rejissor onu bizə ikihissəli satirik pamflet kimi təqdim edir. Eyni zamanda əsərin psixoloji təsir şkalasını da düzgün ölçməyə çalışıb. Nəzərə alsaq ki, psixi pozğunluq, yəni dəliliyin kökündə insan münasibətlərinin sosial-psixoloji mərhələləri dayanır, deməli, əsərə bu aspektdən yanaşıb onun təhlili ilə başlıca məziyyətlərini sərgiləmək rejissor üçün ümdə işdir. Bəhram müəllim də ədibin bizə təqdim etdiyi obrazların bir növ psixoloji terapiyasını, yəni reabilitasiya üsullarını da təqdim etməyə çalışır.

Məsələn, özünü dəliliyə vuran Molla Abbas müəllifin yaratmış olduğu maska konsepsiyası ilə təqdim edilir. Tamaşaçı lap öncədən bu tipajın xarakterik açarını tapır. Bunu müəllifin şəhərdəki dəlilərə əlac üçün çağırılan Lalbyuz obrazında da görürük. “Gavur dili”ndə danışan Lalbyuzu qadın qiyafəsində təqdim edərkən o psixoloji testini edir. Əsərin sosial-psixoloji ideyası elə həmin həkimin adında əks olunduğundan rejissor onun çözümünüideal fikirləşib. Ağzını marçıldadan əyyaş xurafatçıların qarşısına cazibədar, bütün hərəkətləri ilə ehtiras səpələyən, “O, yes”, “No, no” nidalı, hər dərd sahibinə baldırlarını sığallayaraq “sən mənim vecimə də deyilsən” pozası verən bir qadını-həkimi çıxarır.

Bu məqamda diqqəti rejissorun müəllifdən gələn “əslində ağıllılar dəli, dəlilər isə ağıllıdır” qənaətinə çəkmək istəyirəm. Rejissor bu təzadlı, bir xeyli də incə məqama özünəməxsus rakursdan baxıb. Yəni, o, “sənə elə gəlir ki, hər dəli ağıllı, elə hər ağıllı da dəlidir” deməyə çalışır. Məsələ vəziyyətdən və o vəziyyətin doğura biləcəyi nəticədən asılı olaraq dəyişə bilir.

Keçək quruluş həllinin digər tərəflərinə. Bildiyiniz kimi, əsərdə hadisələr bizim qonşu diyarların birində vaqe olur. Şəhərin hakimi artıq böyük əngələ çevrilən dəlilər məsələsini kökündən həll etməyə çalışır... Hər kəsə bəlli mövzuya rejissor yanaşması barədə bir neçə kəlmə qeyd etmək istəyirəm.

Bəhram Osmanov çağdaş teatrımızın cəsarətli yaradıcı addımlara malik rejissorlarındandır. Onun bu xüsusiyyəti, mən deyərdim ki, “Dəli yığıncağı”nda özünün pik həddinə çatır və tamaşa başdan sona bu dinamikasını qoruyur.

Nəticədə nəyə nail olundu? Tamaşaçı az qala baş-gözünə döyə-döyə səhnədəkilərə (əslində özünə) gülür. Sonra başqa bir ruhi gərginlik keçirir: “bunun bu zamana nə aidiyyəti vardeyir. Özünü aldatmaq istədikdə növbəti şok effektli bir dalğa daha gəlir. Beləcə, hər iki hissədə tamaşaçı özünün paranormal hisslərinə əsaslandırma axtarır.

Tamaşaçı ilə belə rahat zarafatlaşma, rejissor traktovkasının diktəsi ümumilikdə anlaşılandır. Bununla da o, nə müsbət və mənfi, nə qəhrəman və qorxaq, nə də rəzil və alicənab bölgülərini etmədən bütün obrazları tamaşaçıya öz həqiqətlərində haqlı kimi təqdim edir. Ona görə də tamaşaçı sona qədər nə Molla Abbasa, Pırpız Sonaya və digər dəlilərə acıya bilir, nə də Fazil Küleyni başda olmaqla qardaşlarının arvadlarına göz dikən zinakarlara nifrət edir.

Rejissor rahatlıqla kişi və qadına ayırmadan obrazlarının tipajını araşdırır və özünün gəldiyi qənaəti bizə də təqdim edir. Özü də qəbul etdirmək iddiası olmadan. Oyunu əyləncəli quraraq hamını maraqlandırır. Məsələn, tam müasir geyimdə təqdim edilən “obrozovonski” alicənab-dindarlarına acığımız tutmur. Əksinə, bu qulağının dibindən halva qoxusu gələn qocaların ehtiraslı qadını görərkən düşdükləri hallar - riqqətə gələn hissləri və bunu hər biri ayrı bir romantik-poetik tərzdə ifadə etməsi – olduqca maraqlı və gülməli idi.

O, ingilisdilli pulgir, əxlaqi dəyərləri olmayan amansız tələ kimi təqdim etdiyi qadın dəli həkimi də bizə təlqin edilən dəyərlərin bataqlığı kimi təqdim edir. “Bu da sizə ingilis, Qərb üsulu, müalicəsi, çarəsi”, - deyir.

Rejissorun hakim obrazını ekrandan gələn səs və qəraib görüntü ilə əvəzləməsi, gavur həkimin gəlişini hava limanından, eniş zolağından anonsla etməsi, onun zühurundan sonra gələn bəlaları – ordu, silah, qaçqınlar, əl-əl gəzən çörək və digər ərzaqlar, səfil uşaqlar, çarəsiz qocalar, pərişan qadınlar – göstərməklə aşkar fikrini çatdırır. Ümumilikdə rejissor tamaşanın janr xüsusiyyətlərini qoruyaraq tamaşaçını gülmək və düşünmək azadəliyində tərk edib.

Bir neçə kəlmə də tamaşanın səhnə tərtibatı və musiqisi barədə. Quruluşçu rəssam dekordan, konstruksiyalardan qaçaraq çoxfunksiyalı bir həllə nail olub. Səhnədə tağ quraraq onu bir şəhərin, bir evin, bir mücərrəd məkanın real həlli kimi verib.

Geyimlərdə də çalarlılıqdan qaçan rəssam ultramüasirliklə arxaizmi vəhdətdə təqdim etməyə çalışıb. Beləcə, geyimi dəyişənin qafasına, qafası dəyişənin geyiminə işarə edib.

Tamaşanın musiqisionun ideyasını tamamlayır və bizi mizandan-mizana başqa rakursdan baxışa səsləyir. İlk hissədə darıxdırıcı, cansıxıcı, həyəcanverici olan notları sonra nikbin ladlar əvəz edir ki, bu, bəstəkarın işığa, ümidə, yaxşıya doğru sıçrayışı, çağırışı kimibaşa düşülə bilər. Ceyhun Dadaşovun plastik həlli isə ümumilikdə mükəmməldir. İstər qrup, istərsə də fərdi rəqs, mimikatempli jestlərdə aktyorların hərəkəti baxımlıdır. Aktyorların plastik çevikliyigöz oxşayır. Monotonluğu pozan çeviklik bəzən mətnin ağırlığını da arxa plana atır.

Tamaşadakı aktyor heyəti birmənalı olaraq obrazları peşəkarlıqla “dilləndirirlər”. Burada hansısa aktyorun üzərində qurulan oyundan çox komanda ifaya, ansambla üstünlük verildiyi diqqət çəkir. Yəqin elə ona görə də rejissorun Doktor Lalbyuz (S.İsgəndərli) üzərində qurduğu oyun qabarıq görünmədi. Nə bilmək olar, bəlkə elə aktyorlar düşünülmüş şəkildə buna çalışdılar. Amma ümumi planda Sənubər xanımın oyun maneraları, xüsusən cazibədar maneraları tamaşaçını onun həndəvərində hərəkət etdirdi.

Pırpız Sonaya (V.Rzayeva) gəlincə, biz dəli, şıltaq, öz faciəsindən bixəbər qadının xarakterindəki çoxqatlılığı tam ayırd edə bilmədik. Vəfa xanım sanki obrazının ilk xüsusiyyətindən tutmuşbütün gücünüona vermişdi. Səhnədə gözəl, real və təbii təsvirində qaldığı isə danılmazdır.

Fazil Küleyni (N.Mehdixanlı) isə tamaşaçını daim intizarda saxladı. Nə qəhrəmanına tam gülməyə, nə də nifrət etməyə imkan vermədi. Mühakimədən çox mübahisəyə səslədi. Onun bu yanaşması obrazının dramaturji cizgilərinə psixoloji prizmadan baxdığına, qəhrəmanının portretini ona bəraət verərək cızmağına sübut idi.

Özünü dəliliyə vuran Molla Abbasın (E.Rüstəmov) tamaşaçı və eləcə də tərəf-müqabilləri ilə ünsiyyəti mükəmməl alınmışdı. Səhnədə lokomotiv funksiyasındakı aktyor istər Sona, istərsə də digər dəlilərin obraz zəncirinin əsas halqası kimi sona qədər qaldı.

Orta və yaşlı nəsil aktyorların ümumi oyun çələnginə gəlincə, hər biri yaddaqalan, baxımlı idi. Hacı İsmayılov, Rafiq Əzimov, Cəfər Namiq Kamal, Əjdər Həmidov, Əli Nur və digərləri səhnədə öz ifa maneraları ilə yadda qalaraq tamaşanın əsas tərkib hissələrindən olduqlarını isbatlayırlar. Səhnəciklərdəki Mətanət Atakişiyeva, İradə Ağasıbəyli qəhrəmanlarının həqiqətini ifadə etməyə çalışdılar.

Rejissorun Şimrəli (M.Abdullayev) seçimi də, obrazı məşhur şivələrdən birində təqdimatı da maraqlıdır. Sadəcə, bunu ifratda verməsi ilk anlar maraqlı alınsa da, sonradan yerini bezginliyə verir. Hacı Nayib (K.Abdullayev) müəllifin vurğuladığından da artıq tamaşada izini qoya bildi. Ümumilikdə, aktyorların canlı, emosional, inandırıcı oyunu diqqəti cəlb edir, səhnədə baş verənlərə marağı saxlayır, tamaşaçını elə dramaturqun istədiyi kimi ayıq tutur...

             HƏMİDƏ

 Mədəniyyət.- 2019.- 12 iyul. S. 7.