Sessiya iştirakçılarının dilindən

“Birgə nominasiya layihəsi üzərində 19 il çalışmışıq”

Almaniya və Çexiya sərhədində yerləşən və səkkiz əsrdən çox yaşı olan Ergebirge/ Krosnohori dağ-mədən regionunun Dünya irs siyahısına salınması üçün birgə nominasiya layihəsi üzərində 19 ildir səylə işləyirdik.

Bu barədə sessiyanın iştirakçısı, Almaniyanın Arxeologiya və Texnologiya İnstitutunun professoru Helmut Albrext söyləyib.

O bildirib ki, bu, kompleks bir layihə idi, ancaq biz 2003-cü ildən başlayaraq Çexiya ilə əməkdaşlıq edərək bunun öhdəsindən gələ bildik. Bu gün bu layihənin ölkələrimizin ümumi tarixi və mədəni irs nümunəsi kimi Dünya irs siyahısına salınmasına çox sevinirik”.

“Bakıda belə bir qərarın qəbul edilməsinə görə çox şadıq”

Biz çox şadıq ki, “Qədim Pskovun abidələri” nominasiyası Dünya İrs Komitəsinin Bakıda keçirilən sessiyasında UNESCO-nun siyahısına daxil edilib. Həqiqətən Pskov şəhəri buna layiq idi.

Bu fikri Rusiyanın UNESCO-dakı daimi nümayəndəsi Aleksandr Kuznetsov bildirib.

Aleksandr Kuznetsov deyib: “Əslində, bu şəhər çoxdan UNESCO-nun Dünya irs siyahısında olmalı idi. Müxtəlif səbəblərdən bu proses uzandı. Lakin biz şadıq ki, artıq bu gün baş tutdu. Bu nominasiya bizim üçün xüsusi əhəmiyyətə malikdir. Çünki öz tarixi, zəngin irsi ilə Pskov Rusiya mədəniyyətinin beşiyi hesab oluna biləcək şəhərlər siyahısındadır. Şəhər həmçinin Avropa mədəniyyətinin bir parçasıdır. Azərbaycan nümayəndə heyəti də daxil olmaqla bütün nümayəndə heyətləri tərəfindən ünvanımıza səslənən xoş, hərarətli sözlərə görə şadıq”.

Bu sessiyaya sədrlik etmək mənim üçün şərəf idi

Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzinin Dünya irs siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün böyük şərəf idi. Bu mədəni irs nümunəsinin UNESCO siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir.

Bu sözləri Braziliyanın UNESCO-dakı daimi nümayəndəsi Mariya Edileuza söyləyib.

O, xalqımızı təbrik edərək deyib: “Qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Şəki Xan sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsidir”.

“Ölkənizin həm mədəni, həm də təbii irsi zəngindir”

Azərbaycan zəngin mədəni və təbii irsə malik ölkədir. Burada çoxlu mədəni və qeyri-maddi irs nümunələri var. Şəki şəhərinin tarixi mərkəzinin Dünya irs siyahısına daxil edilməsi bunu bir daha göstərir.

Bu sözləri Dünya İrs Komitəsinin Bakı sessiyasının iştirakçısı, Qırğızıstanın UNESCO üzrə Milli Komissiyasının eksperti Aybek Samakov söyləyib.

O, Azərbaycanın milli parkları, o cümlədən ölkəmizdəki palçıq vulkanları barədə məlumatı olduğunu deyib: “Bilirəm ki, dünyada mövcud olan 2 mindən artıq palçıq vulkanlarından 300-dən çoxu ölkənizdə yerləşir. Bu vulkanlar sizin həm də təbii sərvətinizdir”.

“Qonaqpərvərliyə və səmimi münasibətə görə minnətdaram”

UNESCO-nun Bakı sessiyası ölkənizin tarixi mədəni irs nümunələrinizin təbliği və tanıdılması baxımından da əhəmiyyətli hadisə oldu.

Bu sözləri Küveytin UNESCO-dakı səfiri Adam əl-Mulla söyləyib.

Qonaq bildirib ki, tədbir yüksək səviyyədə keçirilib. O, buna görə Azərbaycan hökumətinə, xüsusən də Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. “Qonaqpərvərliyə və səmimi münasibətə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Sessiyada Şəki ilə bağlı qəbul olunan qərar isə ölkənizin böyük uğurudur”, - deyə o qeyd edib.

 

FARİZ

Mədəniyyət.- 2019.- 12 iyul. S. 4.