Milli maraq və dəyərlər üzərində dünyaya inteqrasiya

    12-07-2019 20 Dünyada hər bir ölkəyə maraq və diqqət, ilk növbədə, onun gücü, yerləşdiyi coğrafiyadakı strateji imkanları ilə şərtlənir. Məhz bu faktorların üstünlüyü dövlətə də, onun əldə etdiyi nailiyyətlərə də münasibəti təmin edir. Bu baxımdan Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra keçdiyi yol, nail olduğu inkişaf səviyyəsi özümüzdə qürur doğurduğu qədər, dünyanın gözündə də diqqətəlayiqdir.

Bu illərdə respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdə nüfuzunu yüksəltdi, dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycanla sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxşaxəli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi edir.

Bu praqmatizm, təbii ki, öncəlik olaraq iqtisadi faktorla bağlıdır. Burada ölkəmizin təşəbbüsü, bilavasitə iştirakı ilə reallaşan irimiqyaslı neft-qaz layihələrini, Uzaq Şərq və Orta Asiyadan Avropaya uzanan ticarət yolunda Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini və sair amilləri sadalamaq olar. Ölkəmiz BMT-dən ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatından Avropa Şurasınadək bir çox beynəlxalq və regional qurumlarla qarşılıqlı-faydalı əlaqələr yaradıb. Diplomatiyamızın bu çoxşaxəli əməkdaşlıq kursu ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra təşəkkül tapıb. Məhz həmin dövrdən başlayaraq, daxili sabitliyin bərqərar olunması ilə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlərində yeni səhifələr açıldı. Ulu öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz milli maraqlara əsaslanan müstəqil, balanslı və fəal xarici siyasət yeridir. Hazırda Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir.

 İqtisadi imkanlar humanitar diplomatiyaya yol açır

Son illər artan iqtisadi potensialımız ölkəmizin regional layihələrdə daha güclü rol oynamasına, beynəlxalq təşəbbüslərə daha aktiv cəlb olunmasına, xaricdə sərmayə qoyuluşuna zəmin yaradır. Çünki daxildə gücü, imkanları olan dövlət beynəlxalq miqyasda da özünü əmin və arxayın hiss edir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı ilə seçilir. Eyni zamanda ölkəmizin uğurlu inkişafı və iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.

Çağdaş dünyada iqtisadi güc həlledici faktor, xarici siyasətdə mühüm təsir rıçaqları deməkdir. Bir vaxtlar “Əsrin müqaviləsi”nə və digər layihələrə dünyanın böyük dövlətlərini, regionun söz sahiblərini cəlb etməklə enerji diplomatiyasında tarazlığı təmin edən Azərbaycan indi özü xarici siyasətdə iqtisadi imkandan yararlanır. Ölkəmiz qonşu Gürcüstan, qardaş Türkiyə ilə yanaşı, Avropa məkanında da investor kimi çıxış edir.

Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi, enerji diplomatiyası milli təhlükəsizliyin vacib elementidir: “Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyildir. Son vaxtlar imzalanan sazişlər Azərbaycanı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”, TANAP, TAP layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Azərbaycan bu layihələrdə liderliyi öz üzərinə götürüb və onların icrası nəticəsində böyük bazara çıxış əldə edəcəyik. Ona görə bizim iqtisadi diplomatiyamız çox fəal olmalıdır”.

İqtisadi imkanlar xarici siyasətin mühüm istiqamətlərindən olan humanitar diplomatiyaya da yol açır. 10-15 il öncəyədək üzləşdiyi hərbi təcavüzün fəsadlarını aradan qaldırmaq, yüz minlərlə qaçqın və köçkünün problemlərini həll etmək üçün xaricdən köməyə ehtiyac duyan Azərbaycan bu gün müxtəlif ölkələrə humanitar yardım göstərir. Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata keçirdiyi humanitar proqramlar Fələstin, Anqola, Əlcəzair, Çad, Liviya, Vyetnam, Əfqanıstan kimi onlarla ölkəni əhatə edir. Bu fəaliyyətlər ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmləndirir, tərəfdaşlarının sırasını genişləndirir.

Ölkə rəhbərliyinin yeritdiyi ölçülü-biçili və ən əsası, səmimi xarici siyasət nəticəsində dünyada bizə etimad bəsləyən dövlətlərin sayı artır. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilərək 2012-2013-cü illərdə bu mötəbər qurumda təmsil olundu. Bunun ardınca ölkəmiz 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. 2019-cu ildən isə Azərbaycan 2011-ci ildə üzv olduğu və BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatında sədrliyi icra edəcək.

Mədəni diplomatiya – dünyada tanınan irsimiz

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verir. Azərbaycan Respublikası UNESCO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunub. Bu təşkilatla əlaqələrin genişləndirilməsi isə 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə başlanıb. 1996-cı ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi UNESCO səviyyəsində qeyd olundu, həmin il İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Dünya irs siyahısına salındı. Mədəni müstəvidə əldə olunan bu nailiyyətlər həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi.

UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatın Xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başladı. Bu gün respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə mədəni irsimiz dünyada, o cümlədən UNESCO-da layiqincə təbliğ edilir. 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin, 2008-ci ildən bu yana qeyri-maddi mədəni irsimizin 13 nümunəsinin UNESCO siyahılarında yer alması ölkəmizin bu təşkilatda aktiv fəaliyyətinin göstəricisidir. Son illərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin təsdiqidir. UNESCO üzrə Milli Komissiyanın fəaliyyəti müxtəlif səpkili layihə, seminar və beynəlxalq tədbirlərlə müşayiət olunur.

2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Dünyanın mötəbər beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi də bunun növbəti təsdiqi oldu.

Prezident İlham Əliyevin bununla bağlı müvafiq sərəncam imzalaması mötəbər tədbirin yüksək səviyyədə keçirilməsinə təminat yaratdı və 30 iyun – 10 iyul tarixlərində ölkəmiz Dünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi.

Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyanın açılış mərasimində çıxışı zamanı ölkəmizlə bu təşkilat arasında ötən illərdə uğurlu əlaqələrin qurulduğunu, dünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını bir daha diqqətə çatdırdı.

Bu tədbirə ev sahibliyi etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoydu. Çünki Dünya İrs Komitəsinin illik sessiyası UNESCO-nun həm iştirakçı sayına, ölkələr üzrə əhatə dairəsinə, davametmə müddətinə, həm də qəbul etdiyi qərarların əhəmiyyətinə və doğurduğu beynəlxalq rezonansa görə ən böyük tədbiri sayılır. Sessiyanın davam etdiyi günlər işgüzar müzakirə və diskussiyalarla, Dünya irs siyahısı ilə bağlı təqdimatlara baxıldığı 5-7 iyul tarixi isə də həm də həyəcanlı anlarla yadda qaldı. Təsadüfi deyil ki, nominasiyaları müzakirə olunan hər bir ölkənin informasiya vasitələri Bakıdan gələn xoş müjdəni xəbər bloklarının ilk sırasında dərhal yayırdılar. Bu günlər ərzində beş qitənin bir çox ölkələrində ən azı mədəniyyət gündəmi Bakı ilə məşğul idi, bu mövzuda dünya Azərbaycan paytaxtına diqqət kəsilmişdi. Bakı sessiyasınadək UNESCO-nun Dünya irs siyahısında 167 ölkəsindən 1092 irs nümunəsi vardı. 43-cü sessiyadan sonra bu say 1121-ə çatdı. Deməli, Bakıda qəbul olunan qərarlar 29 dəfə müxtəlif ölkələrdə xoş əks-səda doğurdu. Və bu sırada biz də varıq. Sessiyada Azərbaycanın daha bir mədəni irs məkanının – Şəki şəhərinin tarixi mərkəzinin Xan sarayı ilə birlikdə Dünya irs siyahısına salınması ölkəmizin UNESCO-da aktiv fəaliyyətinin bəhrəsidir.

Şəkinin UNESCO siyahısına daxil edilməsi ölkəmiz üçün 2019-cu ildə ən əlamətdar hadisələrdən biridir. Bu uğur Azərbaycanın illərdən bəri – həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda – dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin davamıdır. Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir. UNESCO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Dünya İrs Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir.

Bu əlamətdar hadisə həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.

***

Beynəlxalq əməkdaşlığın ölkəmizə qazandırdığı dividentlər isə suverenliyimizin möhkəmlənməsinə, eyni zamanda davamlı islahatların dərinləşməsinə xidmət edir. Yəni bu əməkdaşlıq Azərbaycana müxtəlif sahələrdə əlavə nüfuz qazandırır. Bununla bərabər ölkəmizin milli maraqları bu prosesdə hər zaman öncəlik təşkil edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz bütün ölkələrlə və təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı səmərəli əməkdaşlıq quramağın tərəfdarıyıq. Milli maraqlarımızın müdafiəsindən isə heç vaxt geri durmayacağıq: “Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik. Ancaq milli maraqlarımızın hesabına yox, bərabərhüquqlu münasibətlərin hesabına”.

 

Lalə AZƏRİ

Mədəniyyət.- 2019.- 12 iyul. S. 5.