Vokal sənətimizin
unudulmaz siması
XX əsrin əvvəllərində
Bakının mədəni həyatında baş
verən canlanma yaxın-uzaq diyarlardan bir sıra incəsənət
xadimlərinin buraya səfərlərindən
sonra bu şəhərdə
karyera qurması ilə nəticələnirdi.
Belə bir tale
görkəmli opera ifaçısı, Azərbaycanın
Xalq artisti Vasili Nikolskiyə də qismət olmuşdu.
Vasili
Alekseyeviç Nikolski 1882-ci ildə Rusiyanın Vladimir
quberniyasının Şuya şəhərində dünyaya
göz açıb. 1898-ci ildə üç
illik şəhər peşə məktəbini
bitirir. Dəmiryolu idarəsində
teleqrafçı işinə düzəlir. Bir
müddət sonra katib
vəzifəsinə dəyişilir.
Vasili Nikolski mühəndis olmaq arzusu ilə çalışır. Ancaq bir təsadüf nəticəsində onun istedadlı olduğu üzə çıxır, gözəl səsi kəşf olunur. Məşhur bəstəkar və dirijor Mixail Mixailoviç İppolitov-İvanov gənc Vasiliyə sənədlərini Moskva Konservatoriyasına verməsini məsləhət görür. O, eyni vaxta Ali Texniki Peşə Məktəbinə və Moskva Konservatoriyasına sənəd verir və hər iki məktəbə qəbul olunur. Ancaq inqilabi solçu dərnəklərin işində iştirak etdiyi üçün Ali Texniki Peşə Məktəbindən qovulur. Moskva Konservatoriyasında isə professor Varvara Mixailovna Zarudnayanın vokal sinfində təhsilini davam etdirir.
V.Nikolski
1908-ci ildə konservatoriyanı müvəffəqiyyətlə
başa vurur. Moskva Xalq
Evi Operasında işə düzəlir.
O daha sonra bir neçə mövsüm
Odessa, Kiyev, Tiflis, Yekaterinburq opera səhnələrində
çalışır. Bir çox görkəmli rejissor,
dirijor və vokalçılardan opera sənətinin sirlərini öyrənir.
Uzun müddət teatrda
çalışır və İvan Susanin, Boris Qodunov, Qalitski, Mefistofel, Dodon, Qoçubey, Sen-Bra, Don Bazilio, Nilokanta
kimi obrazların mahir
ifaçısı kimi tanınır.
Qeyd
edək ki, XX əsrin əvvəllərində Rusiyanın
tanınmış teatr və opera sənətkarları -
Fyodor Şalyapin, Nikolay Fiqner, Yevgeniya Mravina, Anton Sekar-Rojinski,
Aleksandr Uluxanov Bakı musiqisevərlərinə tanış
idi. Ümumiyyətlə, Bakıya qastrola gələn truppalar
və artistlər şəhər sakinləri tərəfindən
maraqla qarşılanırdı.
Araşdırmalardan
məlum olur ki, Vasili Nikolski 1919-cu ilin sonlarında Bakıya gəlir.
O, yeni təsis edilən Azərbaycan Dram Teatrının səhnəsində
opera tamaşalarında müxtəlif rollarda
çıxış edir.
Azərbaycanda
sovet hökuməti qurulduqdan sonra vokal ifaçısı
Bakıda qalıb işləməyə qərar verir. 1923-cü ildə milli opera səhnəsində ilk
dəfə fransız bəstəkarı Kleman
Leo Delibin məşhur
“Lakme” operası Azərbaycan dilində tamaşaya hazırlanır. Sənətkar
tamaşada Nilokanta
obrazını yaradır. Onun ifası maraqla qarşılanır. Bu
ifadan sonra o, Azərbaycanca səhnəyə qoyulan bir çox
opera tamaşalarında da
iştirak edir. Onun Bakı səhnəsində Reynqold Qliyerin “Şahsənəm”,
Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz” və “Şah
İsmayıl” operalarında ifa etdiyi azərbaycanca partiyalar
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanır.
Geniş
səs diapazonu olan V.Nikolski XX əsrin 30-cu illərində
formalaşmaqda olan operanın görkəmli səs
ifaçılarından biri olur. O, milli səhnəmizin
Bülbül, Şövkət Məmmədova, Hüseynqulu
Sarabski, Sona Hacıyeva, Fatma Muxtarova, Hüseynağa
Hacıbababəyov, Həqiqət Rzayeva, Məhəmmədhənifə
Terequlov kimi ustad sənətkarlarla bərabər
çalışıb.
V.Nikolskinin
Azərbaycan səhnəsindəki fəaliyyəti yüksək
qiymətləndirilir. Müxtəlif orden
və medallarla təltif olunur.
1934-cü ildə isə Xalq artisti adına layiq görülür. O, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
və incəsənəti ongünlüyündə də iştirak edir.
Sənətkar vokal yaradıcılığı ilə bərabər pedaqoji fəaliyyətlə də məşğul olub. Dahi bəstəkar Ü.Hacıbəyli görkəmli opera ustasının səhnə təcrübəsini yüksək qiymətləndirir. Buna görə də konservatoriyanın Vokal kafedrasına işləməyə dəvət edir. V.Nikolski 23 il ərzində (1939-1962) bu musiqi məbədində əvvəlcə məsləhətçi, daha sonra müəllim olaraq çalışır.
Azərbaycan
vokal sənətinin inkişafında əməyi olan Xalq
artisti Vasili Nikolski ömrünün müdrik
çağlarında, 3 aprel 1967-ci ildə Bakıda vəfat
edib.
Savalan
FƏRƏCOV
Mədəniyyət.-
2019.- 12 iyul. S. 4.