Sərdar şairQazi Bürhanəddin

 

Ana dilində şeirimizin ilk böyük nümayəndələrindən olan Qazi Bürhanəddin Əhməd XIV əsrdə yaşayıb-yaradıb. Təkrarsız yaradıcılığı ilə dilimizi sənət, şeir dili kimi yüksək bir zirvəyə qaldırıb. Azərbaycan türkcəsində ilk dəfə divan yaradan hökmdar-şair həm də öz adı ilə anılacaq dövlət qurub.

Qazi Əhməd Şəmsəddin Məhəmməd oğlu 1344-cü ildə Türkiyənin Kayseri (Qeysəriyyə) şəhərində anadan olub. Qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub olan Əhməd kiçik yaşlarında anasını itirir. 1356-cı ildə atası ilə indiki Suriyanın Dəməşq şəhərinə gedir, bir müddət sonra Kayseriyə qayıdırlar. Atası sarayda qazı kimi işə düzəlir. O isə öz dövrünə görə yaxşı təhsil alır, məşhur alim Qütbəddin Razinin tələbəsi olur. Əvvəlcə Misirdə, sonra Dəməşqdə ilahiyyat, tibb, nücum, fəlsəfə, riyaziyyat və digər elmləri mükəmməl öyrənir. Kayserinin Ərətna vilayətinin hökmdarı Məhəmmədin qızı ilə ailə qurur. Bundan bir müddət sonra atasının yerinə qazı təyin edilir. Bu vəzifədə on ildən artıq çalışır.

Qazi Bürhanəddin Əhməd öz yüksək savadı, mədəniyyəti və ədaləti ilə xalqın hörmətini qazanır. Hökmdar Məhəmməd öldükdən sonra taxt-taca oğlu Əli sahib olub. Əli yaşlandığı üçün dövlət işlərini Qazi Bürhanəddinə tapşırır. 1378-ci ildə onu vəzir təyin edir. İki ildən sonra Əli də  vəfat edir. Bürhanəddin onun azyaşlı uşağına atabəylik edir. Beləliklə, dövlətin bütün rəhbərliyi onun əlində cəmlənir.

1381-ci ildə Qazi Bürhanəddin öz adı ilə anılan bir dövlət yaradır və sultan elan edilir. Bundan sonra onun bütün həyatı çoxsaylı yürüş və döyüşlərdə keçir. Öz aralarında daimi çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkədə qanun-qaydanı möhkəmləndirmək məqsədilə çalışır. Xarici siyasətdə uzaqgörənlik və müdriklik nümayiş etdirir. Osmanlı sultanı I Bəyazid, Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirin əhatəsində qalan Bürhanəddin 17 il öz ölkəsində  sülhü və əmin-amanlığı qoruya bilir. Siyasi vəziyyət tələb edəndə Bəyazidlə, yaxud Əmir Teymurla açıq mübarizəyə girir. Zərurət yarandıqda isə rəqibi Toxtamış xanla ittifaq bağlayır. 1392-ci ildə Çorum yaxınlığındakı Qırxdilim adlı yerdə Osmanlı ordusunu məğlub edir. Döyüşdə İldırım Bəyazidin oğlu Ərtoğrul həlak olur.

Ölkə iqtisadi və hərbi cəhətdən möhkəmlənir. Sultan Bürhanəddin ticarətin, maarif və mədəniyyətin inkişafına, quruculuq işlərinə xüsusi diqqət yetirir. Yeni-yeni mədrəsələr, karvansaralar tikdirir və körpülər saldırır. Siyasi hakimiyyəti dövründə ədəbi yaradıcılığa da vaxt ayırır. Din və təsəvvüflə bağlı şeirlər yazır. Sərdar şairin ana dilində bir divanı, ərəbcə iki əsəri günümüzə gəlib çıxıb. Qazi Bürhanəddinin fəlsəfi konsepsiyası “Tərci üt-tövzih” (“İzahların təkrarı”) və “İksir-üs səadət fi əsrar-ül ibadət” (“Səadət iksiri ibadət əsrarında”) adlı ərəbcə yazdığı risalələrdə əksini tapıb. Bu risalələrdə onun sufihürufi fəlsəfəsindən geniş bəhrələndiyi aydın görünür.

Şairin Azərbaycan dilində “Divan”ı müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən qələmə alınıb və hazırda Londonda muzeydə saxlanılır. Onu Londona ingilis səfirliyinin işçisi 1890-cı ildə İstanbuldan aparıb. “Divan” tanınmış ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü mərhum Əliyar Səfərli tərəfindən 1988-ci ildə kitab şəklində çap olunub.

Görkəmli şairdən bəhs edən akademik Aqafengel Krımski yazır: “Bürhanəddinin “Divan”ı qeyri-bərabər həcmli iki hissədən ibarətdir. İlkböyük bölüm qəzəllərdir. İkinci və nisbətən kiçik hissədə hər şeydən əvvəl iyirmiyə qədər rübaisini qeyd etməliyik. Bunlar türkcə yazılmış ilk “rübaiyyat”dır...”.

 

Şairin məhəbbət lirikası öz bənzərsizliyi ilə bir çox türkdilli şairlərə örnək olub. Belə ki, onun şeirləri xüsusilə folklora yaxınlığı və fars-ərəb mənşəli sözlərin nisbətən az işlədilməsi, həmçinin gözəl bənzətmə və istiarələrlə seçilib.

1388-ci ildə Amasiya əmirini məğlub edib Turhal qalasını ələ keçirən şair bundan təsirlənərək sevgilisinin süzgün baxışlarını həmin qalaya mancanaqla atılan daşlara bənzədir:

Cövrü oxları ki, qəmzən könül evinə atar,

Məncəniq daşlarıdır ki, yeni Turhaldurur...

Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm mərhələlərindən birini təşkil edir. O həm də Azərbaycan ədəbiyyatına tuyuq şeir janrını gətirib. Sənətkarın poeziyası Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqifbu kimi bir çox şairlərin yaradıcılığına ciddi təsir göstərib. Buna görə də onun poeziyası bir çox türkdilli ölkələrdə tanınıb, adı Orta əsr təzkirəçi və tarixçiləri tərəfindən tez-tez xatırlanıb.

Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarı Qara Yoluq Osman bəylə döyüşdə həlak olub, Sivas şəhərində dəfn edilib. Ölkədə hakimiyyət oğlu Elməddin Əli Çələbiyə keçsə də, dövlət həmin ildə I Bəyazid tərəfindən süquta uğradılır.

 

S.FƏRƏCOV

Mədəniyyət.-2019.- 17 iyul.- S.6.